Ukrayna prezidenti Milli Məclisdə olub - Fotolar

Ukrayna prezidenti Milli Məclisdə olub - Fotolar
  14 İyul 2016    Oxunub:2483
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Milli Məclisdə olub.
AzVision.az xəbər verir ki, Poroşenkonu Milli Məclisin sədri Oqtay Əsədovun özü qarşılayıb.

Əvvəlcə Ukrayna prezidenti parlamentin iclas zalları ilə tanış olub. Ali qonaq deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirib. Sonra Poroşenko parlamentdəki Heydər Əliyev xatirə zalına baxıb, xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra Ukrayna prezidenti ilə Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş keçirilib. Görüşdə ölkələrimiz arasında hüquqi bazanın mövcud olduğu, bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

P.Poroşenko Ukrayna və Azərbaycan arasında əməkdaşlığın fəallaşmasının, Prezidentlər Şuranın işinin bərpa edilməsinin və bir sıra birgə layihələrin həyata keçirilməsinin müsbət nəticələr verəcəyinə əminliyini bildirib. Tərəflər parlamentlərarası dostluq qruplarının Ukrayna Ali Radasında və Azərbaycan Milli Məclisində aktiv fəaliyyəti barədə müsbət fikirlər səsləndirib.

Milli Məclisin sədri beynəlxalq təşkilatlar çərçivəsində Ukrayna və Azərbaycan parlamentariləri arasında qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmasını vurğulayıb. O, ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirərək Azərbaycanın Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

P.Poroşenko və O.Əsədov ATƏT-in Parlament Assambleyası, Avropa Şurası və digər beynəlxalq qurumlar çərçivəsində iki ölkənin fəaliyyətinin koordinasiyalı olmasının zəruriliyini diqqətə çatdırıblar.









İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti