Bu il korrupsiyaya qarşı görülən işlər - HESABAT (FOTOLAR)

Bu il korrupsiyaya qarşı görülən işlər - HESABAT (FOTOLAR)
  15 İyul 2016    Oxunub:10767
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2016-cı ilin I yarımili ərzində görülən işlərə dair hesabat verib.

AzVision.az -ın məlumatına görə, bununla əlaqədar keçirilən mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, hesabat dövründə Baş İdarədə 1264 vətəndaş qəbul edilib: “Onlardan 39-u bilavasitə Baş İdarə rəisi, 91-i idarə və şöbə rəisləri, 1134-ü isə Baş İdarənin prokurorları tərəfindən qəbul edilib. Həmin dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib, 3 şəxs barəsində inzibati iş üzrə icraat açılmış, 3 vəzifəli şəxsə qanun pozuntusunun aradan qaldırılması barədə xəbərdarlıq edilib”.

Kamran Əliyev qeyd edib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş ən mühüm sənədlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”dır. Fəaliyyət Planının icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı 19 may 2016-cı il tarixdə Baş prokuror tərəfindən təsdiq edilib.



Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Vüsal Hüseynov korrupsiyaya qarşı mübarizə sahəsində parlamentin rolu, səmərəli antikorrupsiya qanunvericiliyinin formalaşdırılması üçün həyata keçirilən tədbirlər, bu məqsədlə müzakirə edilən qanun layihələri, habelə İdarə Heyətinin üzvü olduğu Beynəlxalq Antikorrupsiya Akademiyasının fəaliyyəti və həmin qurumun ölkəmizlə ikitərəfli əlaqələri barədə ətraflı məlumat verib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi vəzifəsini icra edən Kamal Cəfərov bildirib ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisi olaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və institusional islahatların davam etdirilməsi, əlaqəli dövlər orqanları ilə birlikdə daha böyük korrupsiya şəbəkələrinin aşkar edilməsi istiqamətində dövlət orqanları, o cümlədən prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoyulub.

Kamal Cəfərov, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN” xidmət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.



Bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib:

“Belə ki, cari il aprelin 21-22-də Fransanın paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Anti-Korrupsiya Şəbəkəsinin (ACN) Rəhbər Qrupunun 20-ci görüşündə qabaqcıl ölkələr kimi Azərbaycan və Gürcüstan IV Monitorinq Raunda daxil olmuşdur. Monitorinq Raundu çərçivəsində 20-24 iyun 2016-cı il tarixlərdə qurumun 10 nəfərdən ibarət ekspertlər qrupu ölkəmizə səfər etmiş və Azərbaycan Respublikası üzrə müvafiq hesabatın hazırlanması ilə əlaqədar bir sıra dövlət orqanlarının nümayəndələri ilə anti-korrupsiya siyasəti, biznesdə dürüstlük, korrupsiyaya qarşı mübarizəyə dair cinayət qanunvericiliyi və onun praktikada tətbiqi, dövlət qulluğunda dürüstlük, korrupsiya cinayətlərinin ibtidai istintaqı, dövlət ittihamının müdafiəsi və digər mövzularda müzakirələr keçirilmişdir. Azərbaycan üzrə müvafiq monitorinq hesabatın Şəbəkənin 2016-cı ilin 14-16 sentyabr tarixlərində Parisdə keçiriləcək növbəti iclasında qəbul edilməsi nəzərdə tutulub. Həmçinin, cari il fevralın 4-də Malayziya Antikorrupsiya Komissiyasının Putracaya şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Malayziyanın Antikorrupsiya Komissiyası arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.



Bundan başqa, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Beynəlxalq Anti-Korrupsiya Orqanları Assosiasiyasının (IAACA), Beynəlxalq Antikorrupsiya Akademiyasi (İACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılmış, Misir Ərəb Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış İnzibati Nəzarət Qurumunun, Türkiyə Ali Məhkəməsinin, Səudiyyə Ərəbistanı Krallığının Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin məsul əməkdaşlarının daxil olduğu nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olmaqla qurumun fəaliyyəti ilə yaxından tanış olublar”.

Sonda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.





Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti