`Aprel döyüşlərində düşmən bu silahlarla məhv edilib`

`Aprel döyüşlərində düşmən bu silahlarla məhv edilib`
  20 İyul 2016    Oxunub:3028
Müdafiə Sənayesi Nazirliyi 2016-cı ilin birinci yarımilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirib.
Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Nazir ötən müddət ərzində ordu quruculuğunda aparılan əsaslı islahatlardan və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlərdən danışıb.

O, bildirib ki, bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Azərbaycan Ordusu aprel ayında təmas xəttində əldə etdiyi uğurlarla - vaxtilə düşmən tərəfinin nəzarətinə keçmiş bir neçə yüksəkliyin geri qaytarılması ilə bunu bir daha sübut etdi.

Yavər Camalov aprel döyüşlərində Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan bir sıra müdafiə təyinatlı məmulatdan geniş istifadə olunduğunu, düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində bu məhsulların mühüm rol oynadığını vurğulayıb.

Kollegiyada deyilib ki, Müdafiə Sənayesi Nazirliyi cari ilin 6 ayını uğurlu nəticələrlə başa vurmuşdur. Hesabat dövründə nazirliyin müəssisələrində 2016-cı il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib.

Respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib və eləcə də, mülki məmulat istehsalının genişləndirilməsi davam etdirilib.
Birinci yarımillikdə istehsal olunan məmulatların 80 faizini müdafiə və xüsusi, 20 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 110 faiz əməl edilib.

2016-cı ilin istehsal proqramına uyğun olaraq hesabat dövründə nazirliyin müəssisələrində yaradılma üzrə 115 mövzunu və 198 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elm müəssisələrinin potensialından istifadə etməklə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda (ETİ) cari ildə 15 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir.

Eləcə də, Milli Aerokosmik Agentliyində (MAKA) Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılır.

Kollegiya clasında qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar cari ilin aprel ayında Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən “DSA-2016” XV Asiya müdafiə xidmətləri sərgisində uğurla nümayiş olunub.

Bu sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib. Nazirliyin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.

“DSA-2016” sərgisi çərçivəsində tədbirə qatılan bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilmiş, mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparılıb.

Sərgi zamanı sentyabrda Bakıda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar verilmiş və dəvətlər də çatdırılıb.

Hazırda “ADEX-2016” sərgisi ilə bağlı təşkilati işlər davam etdirilir. Artıq sərgidə iştirak etmək istəyən 38 ölkədən 200-dən çox şirkətin sifarişləri qəbul edib.

Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənildi və müəssisələrin fəaliyyətləri müzakirə edilib.

Nazir hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib.
İclasın sonunda nazir Yavər Camalov ölkənin müdafiə sənayesinin İlham Əliyevin hər zaman diqqətində olduğunu bir daha xatırladıb və sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti