Parlamentin səlahiyyət müddəti bir neçə ay azaldıla bilər

Parlamentin səlahiyyət müddəti bir neçə ay azaldıla bilər
  27 İyul 2016    Oxunub:6701
İyulun 25-də Konstitusiya Məhkəməsi Referendum Aktı ilə bağlı keçirdiyi iclasda təklif olunan dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edib.
Konstitusiya Məhkəməsinin qəbul etdiyi rəydə Referendum Aktı layihəsinə əlavə olunan bənddə qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər.

Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, millət vəkili Aydın Mirzəzadə Milli Məclisin səlahiyyət müddətinin azaldılmasını nəzərdə tutan əlavə bəndi şərh edib.

Millət vəkili AzVision.az-a bildirib ki, əlavə olunan bənd Milli Məclisin səlahiyyət müddətinin bir neçə az azaldılmasını ehtiva edir: “Yəni, Azərbaycanda Milli Məclisə seçkilər bir qayda olaraq noyabr ayında keçirilir. Əgər növbədənkənar parlamenti seçkiləri ilin başqa ayında keçirilərsə, bu o deməkdir ki, 5 ildən sonrakı növbəti seçkilər həmin ayda yox, noyabr ayında keçiriləcək.

Bu isə o deməkdir ki, Milli Məclis səlahiyyət müddəti 5 ilin tamamına bir neçə ay qalmış bitəcək. Bu, ilk növbədə Azərbaycanda oturuşmuş seçki ənənələrinin qorunub saxlanmasına xidmət edən bir məsələdir. Hesab edirəm ki, düzgün addımdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti