MSK-da referendum müzakirəsi - Qərar qəbul edildi

MSK-da referendum müzakirəsi - Qərar qəbul edildi
  27 İyul 2016    Oxunub:9121
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı ilin sentyabrın 26-na təyin edilmiş referendumun hazırlanıb, keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planının təsdiq edilməsi məsələsinə baxılıb.

Təqvim plan barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, bütün ölkə ərazisində müşahidə aparılması məqsədilə MSK-ya ərizələr sentyabrın 16-a qədər təqdim olunmalıdır: “Zəruri referendum sənədlərinin təqdim edilməsi avqustun 22-ə qədər davam edəcək. Seçkiqabağı təşviqat aparılması prosesi səsvermə gününə 23 gün qalmış, yəni sentyabrın 3-də başlayıb, 25 sentyabr 08:00-da yekunlaşacaq. Bildirişlərin çap edilməsi isə avqustun 17-ə qədər başa çatacaq. Referendum haqqında rəsmi elanın dərc edilməsi oktyabrın 21- də baş tutacaq”.

A.Muxtarova vurğulayıb ki, maarifləndirmə tədbirləri isə mütəmadi olaraq həyata keçiriləcək.

Təqvim planı səsverməyə çıxarılaraq qəbul edilib.

Daha sonra ümumxalq səsverməsində vətəndaşların seçki huquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə MSK nəzdində ekspert qrupunun yaradılması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 9 nəfərlik ekspert qrupu vətəndaşların referendum hüquqlarının pozulması üzrə seçki komissiyalarına daxil olan şikayətləri araşdıracaq.

Sonra qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Həmçinin, iclasda referendumda MSK nəzdində işçi qrupu yaradılması məsələsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Cari məsələlərin müzakirəsi zamanı MSK sədri Məzahir Pənahov maarifləndirmə tədbirlərinə tezliklə başlanılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, bu məqsədlə İctimai Televiziya və “Azərbaycan” qəzetində komissiya üzvləri çıxışlar edəcəklər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti