Türkiyə Qərbi Şimala dəyişir? - Politoloq rəyi

Türkiyə Qərbi Şimala dəyişir? - Politoloq rəyi
  03 Avqust 2016    Oxunub:4637
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ardından Türkiyə-ABŞ münasibətləri soyuqlaşıb. Eyni zamanda qiyamçıların “İncirlik” aviabazasından istifadə etmələri səbəbindən NATO ilə də münasibətlərdə anoloji hal müşahidə olunur. Yaranmış situasiya nə ilə nəticələnə bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a bildirdi ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd Ankara-Vaşinqton münasibətlərinə çox pis təsir edib:

“Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə PKK arasında faktiki olaraq bərabərlik işarəsi qoyulub. Ona görə də FETÖ-çülara qarşı ciddi mübarizə aparılır. Çünki, bu adamlar dövlət çevrilişinə cəhd ediblər, yüzlərlə günahsız insanı qətlə yetiriblər, hərbçi formasında terror törədiblər. Bu terror başı isə ABŞ-da gizlənir. ABŞ isə onu Türkiyəyə geri qaytarmaq istəmir. Ona görə də bu Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir göstərir.

Eyni zamanda dövlət çevrilişinə cəhd edənlər İncirlik aviabazasında istifadə ediblər. O bazadan ki, daha çox ABŞ-a məxsusdur. Artıq bu baza ilə bağlı da Türkiyədə ciddi narahatlıqlar yaranıb. Əgər ABŞ Güləni Türkiyəyə geri verməsə, yaxud üçüncü ölkələrdən birinə göndərməsə, münasibətlərdə ciddi soyuma yaranacaq. Ancaq, hələlik ABŞ-ın Güləni ekstradisiyasına hazır olduğu görünmür”.

E.Şahinoğlu bildirib ki, bu vəziyyətdən rəsmi Moskva öz məqsədləri üçün məharətlə istifadə edir: “Türkiyə-ABŞ münasibətlərinin soyuqlaşdığını görən Rusiya dərhal Rəcəb Tayyib Ərdoğanı avqustun 9-da Sankt Peterburqa səfər dəvət etdi. İstisna etmirəm ki, bu görüş zamanı münasibətlər daha da sıxlaşdırılsın, “Türk axını” layihəsinə yenidən yaşıl işıq yandırılsın və.s.

Yəni Rusiya yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə edir. Ona görə də ABŞ Türkiyəni strateji müttəfiq olaraq itirmək istəmirsə, Güləni ya yaxın perspektivdə Türkiyəyə qaytarmalı, ya da hanısa üçüncü ölkəyə təhvil verməlidir. Ancaq, ABŞ-ın bu addımı atacağı proqnozlaşdırılmır. Bu isə o deməkdir ki, münasibətlər getdikcə soyuqlaşacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti