`Dur, qoy Yer Kürəsini qonağının altına`- Salam Sarvan - 50

`Dur, qoy Yer Kürəsini qonağının altına`- Salam Sarvan - 50
  10 Avqust 2016    Oxunub:12109
Bu gün şair Salam Sarvanın 50 yaşı tamam olur .
...Barəsində bu qədər ziddiyyətli, bir-birindən fərqli fikirlər deyilən, bu qədər dartışmalara səbəb olan, cəmisi 150 şeir yazaraq, buna rəğmən 20 ildir ki, gündəmdən düşməyən az şair olar yəqin.

Odur ki, şairin yeni yaşı münasibətlə təbrik edir və şeirlərindən seçmə misraları oxucularla paylaşırıq.

Sancıldı köksümə oxun itisi
Heyif, pozdu köynəyimin ütüsün
Arzum yox, pulum yox, nəzir qutusu
Mən nə niyyət tutum, nə salım sənə?!

Boğulub gedirəm, batıb gedirəm
Başımı əsatək tutub gedirəm
Səni birdəfəlik atıb gedirəm
İşdi, dönər olsam, nə alım sənə?

Həkiməm, xalatım kəfən, qəm - iynəm
Qorxut uşağını Salam Əmiynən
Qollarım bağlanıb qopuz simiynən
Hə, ərə gedən qız, nə çalım sənə?!

* * *

Neyləsən də, başdaşı qəbirdən çöldə qalır
Heç kim sığışa bilmir çanağının altına
Xatirə dəftərini yandırmaq istəyən qız
Mənim də adımı yaz varağının altına

Qırdan yaxşı yağış yox, qırdan yaxşı çətir yox
İlahi, bu güllərdən çıxan candı, ətir yox!
Dünyaya qonaq gəlib, oturmağa kətil yox
Dur, qoy Yer Kürəsini qonağının altına!

Saatı düz dünyanın yenə nahaq vaxtıdır
Dağın aran vaxtıdır, aranın dağ vaxtıdır
Öz sözümü özümə pıçıldamaq vaxtıdır
İlahi, əy ağzımı qulağımın altına!

* * *

Ya sök, ya tik, nə fərqi var,
bu daxma düzəlməyəcək.
Gəl sənə təsəlli verim:
darıxma, düzəlməyəcək!

***
Gözləməkdən gözüm çuxura düşüb
Gör, heç soruşursan, nə çöküntüdür?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-toküntüdü.

***

İndi bu qış ömrü sürüşmək gərək
Bizi qar üşüdər, dolu qarşılar
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.

***
İndi günün nə vaxtıdı
gündüzdü, gecədi, zalım?
Bir kəsdiyin qoluma bax,
gör saat neçədi, zalım?

***
Yenə dilə məndən, sən dilə təkcə -
de nə qurban verim, de nədən keçim…
Candan keçmək nədi, sənin xətrinə
ölməyim – bir gözəl ölümdən keçim.

***
İşdən də xəbər alarsan,
«yerində yoxdu» deyəllər…
Özünü divardan asıb
harasa çıxdı – deyəllər.

***
Belə… nə sevinc gülməyə,
və nə dərd ağlamağadı…
Bu dünyanın çiçəkləri
süpürgə bağlamağadı.

***

Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…

***

Elə üşüyürəm, O da yoxdu ki,
gəlib ƏLLƏRİNİ sərə üstümə.

***
Gedən ömrə ƏL eləyir
saat öz KƏFKİRİYNƏN.

***

Allah, mən içimi yedim qutardım,
bu dəri süfrəni yığışdır indi.

***
Gördüm ki tutmağa özgə yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən.

***
Bu köhnə kirayə evin yiyəsi
yenə «qulağını» burur saatın:
– Fikirdən neçədə ayılacaqsan,
ay oğul, neçəyə qurum saatı?

***
Bir ağır qəzaya düşdük
bir gündə, bir saatda:
Kimi maşın altda qaldı,
kimi allahın altda.

***
Yatırsan ayılıb xoş gün görəsən,
ayılıb görürsən yenə gün çıxıb.

***
Arzum yox, pulum yox, nəzir qutusu
mən nə niyyət tutum, nə salım sənə?...

***
Yox e, sürdüyümüz ömür-gün deyil,
baxma ki bir azca uzun çəkdi bu…
Bir qoca, kor baxtın əlindən tutub
yolun o üzünə keçirtməkdi bu.

***
Böyüyün yerişi ləng olur bir az,
sevinc gecikirsə, demək böyükdü.

***
Boğulmaq da olmur, dayazdı dünya…

***
Durub tullanasan bir çəpər üstdən,
düşəndə görəsən yer üzü yoxdu.

***
Öləsən...
Gözünü qapaya bir qız əlləri –
bu, sənin ilk qadın sığalın ola!

***
Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir,
gəl gedək oturub saata baxaq.

***
Yoxam sənin ürəyində,
Sənin evində deyiləm
Başına fırlandığımdan,
heç tərəfində deyiləm.

***
Yaman tez böyüdüm pis xəbər kimi…

***
Yaş – yorğun gözlərin axan təridi…

***
Torpaq yeyir bizi bişdik-bişmədik,
gedirik bir taxta qaşıq içində.

***
Mübarək, Tanrı bir gün verib sənə,
o da ki qaradı, rənginə düşmür.

***
Səni həmişəlik atıb gedirəm,
işdi dönər olsam, nə alım sənə?

***
Sənə deyiləsi deyil
sənə deyiləsi sözüm.

***
Ana, məni basdırarsan
boyumu soxduğun yerə .

***
Min ildi qapım döyülür,
aç gör kimdi bu GƏLMƏYƏN?

***
Dərdin doquzuncu mərtəbəsində
bizim gözümüzdə saatnandı su.

***
İki tərəfin var – gözlərin, dilin:
bu, işıq gələndi, o da it hürən…
Gələ bilməyəcəm sənnən görüşə,
bu gün vaxtım yoxdu, bu gün ölürəm.

***
Kəndiri rezinmiş dar ağacımın –
bəxtəvər başıma, hələ dartılır!..

***
İlahi, bu güllərdən çıxan candı, ətir yox…

***
Orda qapı yoxdu, niyə döyürsən
divara çəkilmiş qapı şəklini?!

***
Dünya yorğan-döşək salmır
adamı yıxdığı yerə.

***
Ölmək istəyirəm, bir azda sənə
qapanmış gözlərnən baxmağım gəlir.

***
Bizim başımızın gülləsi ilə
kimsə baş qatmağa tirə gedəcək.
***
Gör haçandı görüşmürük,
necəsiz, əziz dostlar?
İndi necə yaşayırsız,
necə ölürsüz, dostlar?

***
Atdı… atdı səni düşmənlərin də –
İlahi, belə də adam tək olar?!
Bu ki, sürünməkdi, cəhənnəmə ki,
başı dik tutub da sürünmək olar.

***
Gəl axtar bətnindən düşüb
itən balanı, ay ana.

***
Salıb itirəsən xatirələri,
ancaq etibarlı əllərə düşə.

***
Gedirəm çürüyüb sümük olmağa –
gör ha, dalımca da bir ac it düşüb.

***
Səni axtarmağa gedirəm daha –
ta mən də bu gündən yoxa çıxıram.

***
Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram .
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram

***
Ay mənsiz dözə bilməyən,
ay narahat, darıxma.
Səhər-axşam başına döy-
başını qat, darıxma.

***
Adam göz yaşı içində
gəmi oynatmaz, ay uşaq.

***
Nə qalan kimi qalıram,
nə gedirəm, gedən kimi.
Bir yekəpər Ölüm gəzir
yanımda Cangüdən kimi.

***
Kənddə eyni sürətlə gedir
inəklər, maşınlar, adamlar.

***
Sənin ad gününə gül dərmək üçün
sinəmə çəkdiyin dağa çıxıram…

***
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

***
Noolsun bu vətəndənəm,
noolsun bu kənddənəm.
Soruşurlar haralısan,
deyirəm Qürbətdənəm.

***
Üç-üçün neçə eyləyər?...
Nəsə səndə düz eləmir.
Durub deyirsən, ay Allah,
bə niyə doqquz eləmir?

***
Gözümdən oxuya bilməzsən məni –
qadın, mənim «xəttim» yaxşı xətt deyil.

***
Keçib korlamaq istəmir, qıymır ömür yoluna –
bir adam sən verən ömrü sürmür, ilahi, sürmür.

***
Aramızdan su da keçmir,
torpaq keçər aramızdan.

***
Hamı bulaşıb dərd ilən,
hamının suyu kəsilib…
Dişlər pula çıxarılır,
başlar havayı kəsilir.

***
Gündüzdü qaranlıq içindən keçir,
yalandı deyirlər ki, axşam olur.

***
O ağ gün illərin lap altındadı -
kömək et boşaldaq çölə bu ömrü.

***
Elə hey iki şey axır dünyada
elə hey qan batır, susa qayıdır.

***
Dirimə ağlayan anam
ölümə eynən ağlasın.

***
Bilirsən nə boyda təkəm?! –
gəl sən də gir dəstəmə.

***
Bağışla, başladım şer yazmağa –
bağışla ilahi, sözünü kəsdim.

***
Başımla döyürəm qapını, sevda,
nə evdən çıxırsan, nə də başımdan.

***
Qara gözlü baxtımız da,
qarşımıza kor çıxar…
Ta bizi təzədən doğmaz
ana da nankor çıxar.

***
Bir külfət yaşayır bu dar otaqda –
mənəm, Odu, bir də beş-altı dərddi.

***
Sən kimsən ay qız, belə
qarış-qarış gəlirsən?!
Bir vaxt Tanrı gələrdin,
indi Tanış gəlirsən.

***
Saymaq öyrənirsən dərd çöpləriynən –
uşaqsan, onacan saya bilirsən.
Şükür ki bilmirsən ölmüşəm, amma
elə ağlayırsan, guya bilirsən.

***
Hayıf, bu qırmızı qanım
ağ-qara ekranda axır.

***
Ömrü bir az bərk sürürdüm,
saxlaya bilmədim sənə.

***
Sən mənə dözməyi öyrətdin, sağ ol.
Elə bu… ayrı nə sözüm olacaq?..
O dözüm yolunu gözləməkçün yox,
səni unutmaqçün lazım olacaq.

***
Axtararsan, axtararsan
tapa bilməzsən sən məni.
Atanda bir baxaydın da
hayana atmısan məni.

***
Sənə bu əllərlə toxunmaq üçün
başqa yol yoxdu ta şillədən savay.

***
Səni oxşamağa açılan əlim
elə hey yumulur vurmağa məni.

***
Uşaqlar bəzən əyri doğulurlar
minilmiş beldən gəldiklərinə görə.

***
Gecə-gündüz itim hürür
qəlbimə girən bu qıza.

***
Sən məni öldürəndə
görən olub, deyirlər.

***
Mən sevgi şerlərimi
sevmədiyim qıza yazdım.

***
Baxdım, nə qapısı, nə bacası var,
baxdım çöl-bayırı görməyən evə:
Bəs axşam haradan girir qaranlıq
gündüz gün işığı girməyən evə?

***
Bu gün ad günümdə bildim
bu ömür bir oyunmuş:
həm cavanmışam, həm qoca –
yaşım yek-cahar imiş.


***
İyim yanıq iyi, dadım su dadı…
Mən «adam balası» deyiləm, qadın.
Məni sevməyin də yolu başqadı,
bununçun məhəbbət-filan şərt deyil.

***
Üzdə səniynən üzürəm,
dərində qaçıram səndən…
İdman dərslərindəki tək
yerində qaçıram səndən.

***
Hər gecə ölərsən, yumar gözünü
yastığında bir əl, yuxunda bir əl.
Qərib qardaşlar tək düşüblər ayrı
ətəyində bir əl, yaxanda bir əl.

***
Mən qapımı açıq qoyub
hey səni gözləyəndə,
evdən sənin olan-qalan
havan da çıxdı, olsun!..

***
Səni vurmağa da qalxmaz əllərim –
atılsa üzünə ləçək tellərin…
Səndən vəfalıymış sənin yolların –
hələ də keçirlər baxdığım yerdən.

***
Bu boyda da ölkə olar?!-
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…

***
Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərifindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.

***
Hər şeyi, hamını unutmaqla
ölü kimi bir şeysən.
Təkcə soyuducunun fasiləli səsidi
həyatı arabir yadına salan.

***
... Məsələn, maniken qadının
içindəki ağrıları nümayiş etdirən
yerişi kimi.

***
Mənaların hamısı uydurmadı –
isti qadın nəfəsindən son nəfəsəcən
hamısı adicə tənəffüsdü.

***
Sənin tənhalığın nədi ki, guya?!
kirayə qaldığın evdəki
özgə əşyalar əhatəsində
insan təkliyidi.

***
Yerin ortası da təklərə küncdü.

***
Təki kefin kök olsun,
mənim zalım sevdiyim…
Dünən TOYUMDA idim,
yerin məlum, sevdiyim.

***
Mən şeri sənə yazıram,
özgəyə aid alınır.

***
Özümü də sevib atdım…
Sənnən də yoruldum axır…
Mən bir hüzür çadırıyam,
sənçün də quruldum axır.

AzVision.az



Teqlər:  





Xəbər lenti