İlham Əliyev İsmayıllıda - Yenilənib (FOTOLAR)

İlham Əliyev İsmayıllıda - Yenilənib (FOTOLAR)
  11 Avqust 2016    Oxunub:3159
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna səfər edib.
Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri, həmçinin son dövrdə rayonda görülən işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.



Daha sonra Prezident İlham Əliyev “İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, ümumi layihə gücü 1,6 meqavat olan stansiyanın əsas komponentləri suqəbuledici, hər birinin uzunluğu 2115 metr, diametri 800 millimetr olan üç boru, stansiyanın binası, nəzarət, mühafizə, idarəetmə və uçot sistemləri, ümumi layihə gücü 1,6 meqavat olan üç hidroturbin və üç hidrogenerator, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərindən ibarətdir.



Diqqətə çatdırıldı ki, “İsmayıllı-1” su elektrik stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su “İsmayıllı-2” su elektrik stansiyasına daxil olacaq. Beləliklə, İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.

Prezident İlham Əliyev su elektrik stansiyasını işə saldı.

***



Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllıda əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, əvvəlki illərdə iki qrupla fəaliyyət göstərmiş uşaq bağçasının Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulmasına 2015-ci ilin əvvəlindən başlanılıb. Hazırda uşaq bağçası beş qrupluq yeni məktəbəqədər təhsil müəssisəsinə çevrilib. Əsaslı təmir işlərindən sonra körpələr evi-uşaq bağçasında şərait müasir səviyyəyə çatdırılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb. Hazırda bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait var.

***



Avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, üçüncü texniki dərəcəli avtomobil yolunun hərəkət hissəsinin eni 6 metr idi. Yenidənqurmadan sonra yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilib, dağılmış suötürücü borular yenilənib, köhnələri bərpa edilib.

Yolun ikinci kilometrliyində Mehmanlı çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün də inşası aparılıb. Daha bir körpü Kürdmaşı çayı üzərində tikilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol nişanı və məlumatverici tablolar quraşdırılıb, 12 yeni avtobus dayanacağı inşa edilib.

Diqqətə çatdırıldı ki, yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 30-dan çox yaşayış məntəqəsinin 27 mindən artıq əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Bundan başqa, Bakı-Şamaxı-Yevlax, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxışı təmin edəcək və regionun turizm sektoruna müsbət təsir göstərəcək.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

***



Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da İsmayıllı rayonundakı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti