`Namizədi bəhanələrlə vəzifəyə təyin etmirlər` - Bəhram Xəlilov

`Namizədi bəhanələrlə vəzifəyə təyin etmirlər` - Bəhram Xəlilov
  11 Avqust 2016    Oxunub:3336
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev, Kamil Aydazadə və DİM-in İcraçı direktoru Vəfadar Misirov iştirak ediblər.

Məlumata görə, iclasın gündəliyi əsas etibarilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) həyata keçirdiyi işlər barədə hesabatın dinlənməsindən ibarət olub. DİM Direkorlar Şurasının sədr müavini B. Xəlilov bildirib ki, Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə 9 fevral, 11 və 18 mart 2016-cı il tarixində elan edilmiş müsabiqə 17 iyul 2016-cı il tarixdə başa çatıb.

Qeyd olunub ki, müsabiqəyə 76 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 482 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb və bu vəzifələrin tutulması üçün 7332 vətəndaş Komissiyada namizəd kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş namizədlərin 4603 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak edib və onlardan 1306 nəfəri müvəffəqiyyət qazanaraq müsahibə mərhələsinə buraxılıb.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ olan 1306 namizəddən 953 nəfəri bu hüquqdan istifadə edib və onlardan 350 nəfəri vakant vəzifələrə uyğun bilinib.

B.Xəlilov test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemlərdən biri kimi qeydiyyatdan keçən namizədlərin imtahanlarda iştirak etməməsini göstərib. Namizədlər asanlıqla online rejimdə qeydiyyatdan keçir, hər bir namizədin test imtahanı verməsi üçün vaxt müəyyən olunur və fərdi kompüter ayrılır.

Qeydiyyatdan keçən namizədlərin imtahanda iştirak etməməsi lüzumsuz vaxt itkisinə və test imtahanı mərhələsinin uzanmasına səbəb olur. Bu sahədə digər problem onunla bağlıdır ki, bəzən namizəd vakant vəzifəyə uyğun hesab edilsə də, qanunvericiliyə zidd olaraq dövlət orqanının rəhbəri namizədi müəyyən bəhanələrlə həmin vəzifəyə təyin etmir. Düzdür, belə hallara getdikcə az rast gəlinir. Söylənilən problemlərin aradan qaldırılması istiqamətində Şura üzvləri öz təkliflərini irəli sürüblər.

Sonra iclas iştirakçıları dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının strukturu, məzmunu barədə fikir mübadiləsi aparmış, qeyd olunmuşdur ki, tələblər əmək bazarına uyğun müəyyən olunmalıdır. Həmçinin müzakirələr zamanı dövlət qulluğuna qəbul zamanı magistr təhsilinin zəruri olub-olmaması məsələsinə də toxunulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti