Yardımlının içməli su təchizatı yaxşılaşdırılır

Yardımlının içməli su təchizatı yaxşılaşdırılır
  11 Avqust 2016    Oxunub:1563
“Azərsu” ASC Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, səhmdar cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq Yardımlı rayonunun Vərov kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb.

Yardımlı rayonundan millət vəkili seçilmiş Musa Qasımlı mürəkkəb relyefə malik kəndlərin içməli su probleminin həll edilməsini böyük hadisə adlandırıb, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

“Azərsu”nun “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini Vəli Həsənov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Prezident İlham Əliyevin istehlakçıların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun Vərov kəndini içməli su ilə təmin etmək üçün magistral su xətti çəkilmiş, su anbarı tikilmiş, bulaq quraşdırılıb. Layihənin icrası nəticəsində kəndin 500-dək sakininin içməli su təchizatı yaxşılaşıb”.

Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən, hətta qonşu kəndlərdən müxtəlif vasitələrlə daşıyırdılar. Yeni layihənin icrası nəticəsində bu problem həll edilib.

Ümumilikdə bu layihə Yardımlı rayonunun 15 kəndini - Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərini əhatə edir. Bu kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Sineyir çayı hövzəsindəki bulaqlar seçilib. Su mənbəyində sugötürücü qurğu inşa edilib, buradan yaşayış məntəqələrinə qədər 27 km magistral kəmər çəkilmiş, su anbarları tikilib.

2015-ci ildə Vərgədüz, Osnakəran, Bürzünbül və Bilnə kəndlərinə suyun verilməsi təmin edilmiş və 6 min sakinin içməli su təchizatı yaxşılaşdırılmışdır. Ümumilikdə Yardımlı rayonunun 15 kəndini əhatə edən layihədən 12 min nəfər faydalanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti