`Əli Kərimlinin dəstəsinin gülənçilərlə əlaqəsi var`

  15 Avqust 2016    Oxunub : 3772
`Əli Kərimlinin dəstəsinin gülənçilərlə əlaqəsi var`

Jurnalist Eynulla Fətullayev AXCP sədri Əli Kərimlinin tərəfdaşları ilə fətullahçılar arasında işbirliyinə dair faktların yer aldığı məqalə yazıb. Haqqin.az saytında yayımlanan məqalədə deyilir ki, uzun illərdir Kərimlinin ən yaxın tərəfdaşlarından olan jurnalist Qənimət Zahidin “Azərbaycan saatı” adlı boşboğaz verilişi Türkiyənin “Barış TV” kanalının tezliyindən yayımlanırdı. Bu verilişin bütün məğzi Azərbaycan hakimiyyətinə Soyuq müharibə janrında siyasi nifrət üzərində qurulmuşdu.

Rəsmi Bakının kuluarlarında hərdən sual edirdilər ki, necə olur, Ərdoğan hökuməti, Azərbaycanla nəinki müttəfiqliyə, eləcə də iki prezidentlərin şəxsi dostluq münasibətlərinə baxmayaraq, Türkiyə telekanalında bu cür şər-böhtanın yayılmasına imkan verir?! Bu, cavabsız və ritorik sual idi. Türklər çiyinlərini çəkirdi...

Dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyə hakimiyyəti Fətullah Gülənin qruplaşmasına bağlı bir çox KİV-ləri, o cümlədən “Barış TV”-ni bağladı. Məlum oldu ki, bu kanal gülənçiliyin ruporlarından biri olub, bundan əlavə, anti-əliyev təbliğatına öz efirində həvəslə yer verib!

E.Fətullayevin yazdığına görə ən ziddiyətlisi budur ki, telekanalın bağlanmasından sonra Əli Kərimli və onun təbliğatçıları Türkiyə hakimiyyətinin terrorçu elan etdiyi Fətullah Gülənlə əlaqələrini inkar etməyə cəhd göstərdilər. Baxmayaraq ki, telekanal açıq-aşkar gülənçiliyi və indiki Türkiyə hökumətinin devrilməsini təbliğ etdiyinə görə bağlanmışdı.

Məqalədə deyilir ki, Əli Kərimlinin oğlu, uzun müddətdir Londonda yaşayan və orada təhsil alan Türkel Kərimli lümpenləşmiş, oğlunun maliyyələşmə mənbələrini izah edə bilməyən işsiz atası kimi xırda Vaşinqton məmurlarının kabinetlərində peyda olur. “Türkiyə hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən alınan məlumata görə Türkel Kərimli atasının adından Qənimət Zahidin bağlanmış proqramına başqa gülənçi telekanalda yayım imkanı verilməsini xahiş edib. Və bəzi senatorların və konqresmenlərin aparatının işçiləri ona vəd veriblər ki, bu məsələyə baxacaqlar”,- araşdırmada deyilir.

Fətullayevin yazdığına görə, Türkiyədə aparılmış araşdırmalara əsasən Əli Kərimlinin fətullahçı dərgi “Kurultay”ın baş redaktoru Aydın Taşla da xüsusi əlaqələri var. Bu dərginin az qala hər nömrəsində Heydər Əliyevin və İlham Əliyevin ünvanına çirkin cızma-qaralar yer alır. Bunlar açıq aşkar sifarişli məqalələrdir. Ərdoğana da, Əliyevə də hücum edirdilər. Məqalələrin bir çoxu Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Turqut Ərin qələmindən çıxırdı. Elə həmin dərgidəcə Qənimət Zahid Azərbaycanda çevrilişə çağırırdı. Dərgi Əli Kərimliyə də tez-tez tribuna verirdi. Və onun çıxışlarında da Azərbaycanda hakimiyyətin devrilməsinə çağırışlar yer alırdı.

Aydın Taş özü qatı gülənçidir və Əli Kərimlinin, onun təbliğat ruporu “Azadlıq” qəzetinin Türkiyədəki təmsilçisi səlahiyyətlərini yerinə yetirir. Araşdırmada deyilir ki, bu fakt Türkiyə xüsusi xidmət orqanlarının diqqətini xüsusi cəlb edib. Çünki gülənçilərin və Ə.Kərimlinin başlıca məqsədlərindən biri Türkiyə ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr arasında təbliğat işləri aparmaqdan ibarət olub.

Fətullah Gülənin Azərbaycandakı “adamı” rolunu məhz Ə.Kərimlinin yerinə yetirdiyinə dair Türkiyə xüsusi xidmət orqanlarının şübhələri hələ 2014-cü ildə fətullahçıların hakimiyyət strukturlarından kütləvi təmizlənməsi dövründə meydana çıxmışdı. “Mötəbər mənbələrin məlumatlarına görə təhqiqat nəticəsində Kərimli ilə Gülən piramidasının baş maliyyəçisi olan Murat Kılıçlı arasında sıx əlaqələrin izinə rast gəlinib. Həmin mənbələr təsdiq edir ki, M.Kılıçlının vasitəsilə Ə.Kərimli Türkiyədən maliyyə alıb. Həmin piramidanı okeanın o tayından kim himayə edirdi?”- məqalədə deyilir.

E.Fətullayev xatırladır ki, 2013-cü ildə yarıgizli radikal təşkilat NİDA-nın darmadağın edilməsindən sonra bu ekstremist qruplaşma Əli Kərimlinin başçılıq etdiyi AXCP-nin təsiri altına keçib. Qəribədir ki, bundan sonra ekstremist qruplaşmanın ideologiyasında liberal müsavatçılıqdan gizli gülənçiliyə doğru dəyişiklik baş verib. “Təşkilatı Ə.Kərimlinin yaxın adamlarından olan gülənçi Elgiz Qəhrəmanov nəzarətə götürüb. Məhz o və NİDA-dan olan bir qrup gənc fəal sosial şəbəkələrdə gülənçiliyin müdafiəsinə yönəlmiş kampaniya aparıblar”,- müəllif yazır.

Doğrudur, Türkiyədə qiyamçıların darmadağın edilməsindən sonra Ə.Kərimli cinayət təqibindən qorxaraq ona xas siyasi ikiüzlülüklə guya legitim hakimiyyəti dəstəkləmək üçün əks-təbliğat başlatmağa cəhd edib. Lakin Bakıdakı gülənçi şəbəkənin fəal üzvləri və AXCP tərəfdarları, xüsusən Natiq Ədilov, Qənimət Zahid, Mahmud Şərifov, Rəşid Cəfərov Vüqar Niftiyev və digərləri Gülənə dəstək olaraq təbliğatlarını davam etdirib, Türkiyədə bu şəbəkənin darmadağın edilməsini pisləyiblər.

Məsələn, Əli Kərimlinin mətbuat katibi Natiq Ədilov sosial şəbəkələrdə yazır: “Məxməri islam”ın iki mükəmməl modeli-Misirdə “Müsəlman qardaşları”, Türkiyədə-Gülən camaatı. Təəsüf ki, hər iki müsəlman qardaşlarımızı terrorçu elan etdilər”. N.Ədilovun digər qeydində Bakıda gülənçilərə qarşı mübarizə pislənilir. “Fətullah Gülən məktəblərini üç ölkə bağlayıb: Somali, İordaniya və Azərbaycan. Bu, acınacaqlı və gülməlidir!”

E.Fətullayev daha sonra yazır: “Nə baş verir?! Türkiyə hökuməti, hakim dairələrin nümayəndələri bir-birinin ardınca Bakıdakı gülənçilərin doğurduğu təhlükə barədə xəbərdarlıq edir. Türkiyə hüquq-mühafizə orqanları gülənçilərlə Ə.Kərimlinin əlaqələrini təsbit edir, gülənçi telekanalda prezident İ.Əliyevə qarşı düşmənçilik təbliğatı aparılır və hakimiyyətin devrilməsinə çağırışlar səslənir. Ancaq bizim hüquq-mühafizə orqanları inadla susur?

Deyəsən, belə deyil. Azərbaycan hüquq-mühafizə orqanlarına yaxın qaynaqlardan məlum olub ki, Gülənin Azərbaycandakı tərədarlarına qarşı cinayət işi qaldırılıb. Bunlar konstitusion quruluşun zorla devrilməsinə, şəriət dövlətinin yaradılmasına açıq çağırışlar edənlər, xarici təşkilatların, onların nümayəndələrinin tapşırığı əsasında dövlətə qarşı çıxanlardır.

Beləliklə, cinayət işi qaldırılıb. Ancaq rezident Əli Kərimli özü və onun Gülənin təbliğatına cəlb olunmuş tərəfdaşları hələ də azadlıqdadır, dindirilməyiblər. Axı Binəli Yıldırımın və Mövlut Çavuşoğlunun bəyan etdiyi kimi söhbət dövlət çevrilişindən gedirdi!...”

AzVision.az

Teqlər: