Qurdlar `Meydan`ında darbə: Müntəzir özünü ifşa etdi

Qurdlar `Meydan`ında darbə: Müntəzir özünü ifşa etdi
  17 Avqust 2016    Oxunub:23647
Türkiyədə “Kurtlar vadisi” serialı ilə bağlı qəribə bir qalmaqal yaşanır. Maraqlısı odur ki, azərbaycanlı blogger, Meydan TV-nin yaradıcılarından biri olan Həbib Müntəzir də dərhal bundan istifadə etməyə çalışıb. Nəticədə isə özünü ifşa edib.

Əvvəlcə qalmaqalın mahiyyəti barədə. Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialını ərsəyə gətirən “PANA Film” şirkəti “Kurtlar Vadisi Darbe” adlı film çəkmək niyyətini açıqlayandan sonra bəlli olub ki, “kurtlarvadisidarbe.com” domeni 15 iyul hərbi çevriliş cəhdindən təxminən 2 ay öncə - yəni, mayın 18-də alınıbmış. Mayın 24-də isə kimsə Türkiyə Patent İnstitutuna müraciət edərək, “Kurtlar Vadisi Darbe”nin müəlliflik hüququn alınmasına çalışılıb. Lakin institut bu müraciətə rədd cavabı verib.



Bu məqamda haqlı sual meydana çıxır. Axı hələ mayın 18-də kim və necə bilə bilərdi ki, iyulun 15-də hərbi çevrilişə cəhd olacaq? Sual açıq qalır və onun cavabını tapmaq üçün ciddi araşdırmaya ehtiyac var. Ümid edək ki, bir gün bu cavab məlum olacaq.

Ancaq qısa araşdırma göstərir ki, bu müraciət “PANA Film” tərəfindən edilməyib. Əgər PANA film bu müraciəti etsəydi, Türkiyə hökumətinə yaxınlığı ilə tanınan şirkətin müraciəti rədd edilməzdi. Çox güman ki, şirkət patent almaq üçün qısa zamanda müraciət edəcək və onu alacaq.



Amma sifarişlə çalışan “blogger”, “meydan tv”-nin rəhbərlərindən biri olan Habib ‎Muntəzir‬ status yazaraq, faktiki buna işarə edib ki, ‎darbe‬ cəhdində ‎AKP‬ hökuməti özü günahkardır. Onun yazdığının məğzi budur ki, hələ baş tutmayan çevriliş haqqında ancaq hökumətdəki şəxslərin xəbəri ola bilərdi və dolayısı ilə, müəlliflik hüququnu almaq istəyənlər də onlar olub.



Ancaq əmrə müntəzir blogger unudur ki, darbenin olacağını hələ bir neçə ay öncəsindən mövqelərini müdafiə etdikləri Fətullahçı Örgüt (FETÖ) özlərinə bağlı media resurslarından gizli anons edirdilər. Yəqin ki, elə patentin alınması üçün müraciət edənlər də darbe cəhdinin uğurlu olacağını düşünən FETÖ üzvləri olub. Lakin arzuları ürəklərində qaldığından, filmi onlar çəkəsi olmayıblar - “PANA Film” onların necə rüsvay olduğunu ekranlaşdıracaq.

Qeyd edək ki, əvvəllər də dəfələrlə ‪MeydanTV‬-də ‎Türkiyəyə qarşı nifrət aşılamağa, iki ölkənin arasını vurmağa hesablanmış materiallar dərc olunub. İndiki həssas məqamda belə bir statusun yazılması eyni xəttin davam etdiyini göstərir. Kimin sifarişi ilə? Bu sualın cavabı isə o qədər də qəliz deyil.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti