`Putinin səylərini yüksək dəyərləndiririk`- Şeyx

`Putinin səylərini yüksək dəyərləndiririk`- Şeyx
  29 Avqust 2016    Oxunub:2084
Avqustun 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Çeçenistana səfər edib.
QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər Qroznı şəhərində Çeçenistanın mərhum Prezidenti Əhməd Kadırovun anadan olmasının 65 illiyinə həsr olunmuş beynəlxalq konfransa dəvət əsasında həyata keçirilib.

Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə keçirilən, İslam dünyasının tanınmış din xadimlərinin, alimlərin, Misir, İordaniya və digər müsəlman ölkələrinin nüfuzlu üləmalarının, habelə MDB ölkələrindən ümumən 150-dək qonağın iştirak etdiyi beynəlxalq konfransda A.Paşazadə məruzə ilə çıxış edib.

QMİ sədri hazırda dünyada cərəyan edən hadisələr fonunda din xadimlərinin zorakılıq hallarına, sülh və ədalətin pozulmasına qarşı daha artıq dərəcədə fəal çıxış etmək zərurətindən bəhs edib. O bildirib ki, sülh, qardaşlıq dini olan İslam adından müsəlman xalqlarına, onların müstəqil dövlətlərinə qarşı məkrli sui-istifadə halları, İslam adına ləkə gətirilməsi hiddət doğurur.

Şeyxülislam qeyd edib ki, ekstremistlərin, təkfirçilərin, din adından istifadə edən sektaların, İŞİD və başqalarının məqsəd və məramlarının, cəmiyyət daxilinə nifaq salan, xalqların əsrlər boyu formalaşmış mənəvi köklərini məhv edən, ənənəvi dəyərlərinə və dövlətçiliyinə qarşı radikal addımlara sövq edən, gəncliyi psevdoislam ideyalarla zəhərləyərək alçaq niyyətlərinə alət edənlərin İslama, müsəlmanları narahat edən problemlərə heç bir dəxli yoxdur. Bunun qarşısının alınması üçün əsl İslam həqiqətləri ruhunda maarifçilik işinin genişləndirilməsi zəruridir — nüfuzlu üləmaların dünyada ehtiramla qarşılanan rəyləri bu işdə böyük rol oynayır.

A.Paşazadə vurğulayıb ki, cəmiyyətlərdə mənəvi-əxlaqi sabitliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən məqamlardan biri dövlət-din münasibətlərinin dövlət başçıları tərəfindən səriştəli tənzimlənməsi, dindarların ehtiyac və istəklərinə qayğı ilə yanaşılmasıdır. Şükürlər olsun ki, həm Azərbaycanda, həm də Rusiyada məhz belə münasibətlər hökm sürür.

Hər zaman olduğu kimi, şeyxülislam A.Paşazadə bu beynəlxalq konfransın xitabət kürsüsündən də Qarabağ probleminin sülh yolu ilə ədalətli həll olunmasının vacibliyi barədə fikirlərini səsləndirib. O, iki onillikdən artıq davam edən bu münaqişənin, ümumən, Qafqazın inkişafına əngəl olduğunu vurğulayıb və Rusiyanın Prezidenti Vladimir Putinin sülhün əldə olunması istiqamətində səylərinin yüksək dəyərləndirildiyini bildirib. QMİ sədri Yaxın Şərqdə sülhün bərqərar olmasında, ələlxüsus Suriya ətrafında hökm sürən xaosun aradan qaldırılmasında, beynəlxalq terrorizmlə mübarizədə Rusiyanın rolunun mühüm olduğunu vurğulayıb.

Konfransda iştirak edən din xadimləri Rusiya və Türkiyə arasında münasibətlərin normallaşmasından məmnun olduqları barədə ümumi mövqe nümayiş etdiriblər. Azərbaycan dövlətinin, Prezidentinin bu işdə rolu və səyləri müsbət dəyərləndirilib.

Səfər çərçivəsində Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov QMİ sədri şeyxülislam A.Paşazadəni qəbul edib.

Görüşdə şeyxülislam Azərbaycan Prezidentinin salamlarını və xoş arzularını Çeçenistanın başçısına çatdırıb. Azərbaycanın dövlət başçısını böyük qardaşı adlandıran və onun şəxsiyyətinə yüksək dəyər verdiyini vurğulayan R.Kadırov Prezident İlham Əliyevi Çeçenistanda görmək arzusunda olduğunu söyləyib.

Görüş zamanı QMİ sədri Qafqazın şərəfli oğlu, qardaş hesab etdiyi məhrum Prezident Əhməd Kadırovun anadan olmasının 65-ci ildönümünə təsadüf edən günlərdə onun siyasi və mənəvi yolunun xələfi Ramzan Kadırovla görüşmək fürsətindən məmnunluğunu bildirib. Çeçenistanın ən ağır dönəmlərində əvvəlcə mənəvi lider, daha sonra isə siyasi rəhbər olan və hər iki missiyanın öhdəsindən layiqincə gələn Əhməd Kadırovun çeçen xalqı qarşısında xidmətlərini olduqca yüksək dəyərləndirən şeyxülislam A.Paşazadə onunla dostluq və qardaşlığını hər zaman uca tutduğunu vurğulayıb. QMİ sədrinin mərhum atası ilə qardaşlıq münasibətlərinə şahidlik etmiş Ramzan Kadırov bu yüksək insani münasibətlərin həm çeçen xalqının, həm də Qafqaz bölgəsinin əmniyyət və yüksəlişinə dəlalət etdiyindən fəxarət duyduğunu bildirib. Anım günlərində şeyxülislamın Qroznıya təşrif buyurmasından məmnunluğunu ifadə edən R.Kadırov Azərbaycan və çeçen xalqları arasında mövcud, illərin sınağından çıxmış dostluğun, qardaşlığın hər zaman yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb. Şeyxülislam A.Paşazadə Azərbaycan xalqının Çeçenistanın həyatın müxtəlif sahələrində nail olduğu uğurlara sevindiyini diqqətə çatdırıb və R.Kadırovu Azərbaycanı ziyarət etməyə dəvət edib. Görüşün sonunda QMİ sədri Çeçenistanın başçısına xüsusi hazırlanmış gül rahiyəli Quran nüsxəsi hədiyyə edib.

Qroznı şəhərində, həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilib. Şuranın sədri şeyxülislam Allahşükür Paşazadə Şimali Qafqaz müftiləri ilə bərabər görülmüş işlərin hesabatını dinləyib, həyata keçirilməsi qarşıda duran məsələləri müzakirə edib. Bölgədə və dünyada baş verən proseslərin fonunda din xadimlərinin vəzifələri və Şimali Qafqazın din xadimlərinin xalqları və dövlətlərinin mənafeləri naminə üzərlərinə düşən məsuliyyət və vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Şuranın sədri A.Paşazadə Rusiya, İran və Azərbaycan prezidentlərinin bu yaxınlarda Bakıda keçirilmiş üçtərəfli görüşünün regional və qlobal problemlərin həllinə böyük töhfə verdiyini diqqətə çatdırıb. O, din xadimlərinin də hər üç ölkədə görüşlər keçirməsinin dost və qonşu xalqların, dövlətlərin mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Səfər zamanı şeyxülislam A.Paşazadəni QMİ sədrinin birinci müavini müfti Salman Musayev müşayiət edib.

AzVision.az


Teqlər:





Xəbər lenti