Vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək

Vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək
  30 Avqust 2016    Oxunub:2443
Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə Şəmkir rayon Təhsil Şöbəsinə (Şöbə) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
AzVision.az Hesablama Palatasına istinadla xəbər verir ki, əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımi avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına görə və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən şöbə tərəfindən artıq əmək haqqı ödənilib. Audit prosesində əvəz edilməyib, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəzedici müəllimlərə düzgün olmayaraq sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi müəyyən olunub.

Azkontingentli ibtidai siniflərdə komplektləşdirilmənin düzgün aparılmaması, siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib. Şöbə tərəfindən tarifləşmə siyahılarına salınmış dərs saatlarının ünvanlı bölgüsünün müvafiq qaydada rəsmiləşdirilməməsi, həmçinin artıq ştat vahidlərinin saxlanması nəticəsində artıq büdcə vəsaitinin ödənişinə yol verilib.

Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilib, həmçinin funksional fəaliyyətə aid edilməyən və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib.

Bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, icraçıya malların alınmasına görə qaimədə göstərilmiş yekun məbləğindən artıq vəsaitin ödənilməsi, həmçinin şöbə tərəfindən alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyən olunub.

Audit dövrünün sonuna kreditor borcun məbləği 5,9 dəfə artaraq 126,0 min manat olub, həmin məbləğin 70,1 faizini kommunal xidmətlərin haqqının ödənişi ilə bağlı yaranmış borclar təşkil edib, həmçinin müxtəlif mal-material qiymətliləri uçota alınmayıb.

Hesablama Palatasının kollegiyası Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Şəmkir rayon Təhsil Şöbəsinə göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti