Prezidentin köməkçisindən KİV-lərə çağırış

Prezidentin köməkçisindən KİV-lərə çağırış
  31 Avqust 2016    Oxunub:2898
Bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.

AzVision.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı MSK Təqvim Planı təsdiqlənib, 3 təşviqat qrupu qeydiyyatdan keçib.

M. Pənahov seçki, referendum prosesinin mahiyyətinin ictimaiyyətə çatdırılmasında əsas rolun KİV-in üzərinə düşdüyünü və MSK-nın əsas tərəfdaşının KİV-lər olduğunu bildirib.

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə deyib ki, indiyə qədər ölkədə 5 dəfə referendum keçirilib: “1995-ci ildə Konstitusiya qəbul olunub, 2002 və 2009-cu ildə keçirilən referendumda əlavə və dəyişikliklər edilib. ABŞ və Fransa Konstitusiyalarına da çoxlu sayda dəyişiklik edilib. Qonşu Türkiyədə də Konstitusiyaya dəyişikliklər gündəlikdədir. Türkiyədə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər prezident üsul-idarəsinin gücləndirilməsi ilə bağlıdır”.

Ə. Həsənov bildirib ki, dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya dəyişiklik həm zəruri, həm də günün tələbidir: “Hələ ilin əvvəlində prezident İlham Əliyev 2016-cı ili islahatlar ili elan edib, yeni qurumlar təsis edib. Konstitusiyaya dəyişiklikləri də ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal institutut kimi nəzərdə tutulub. Dəyişiklik və əlavələrə əsasən sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da mühüm addımdır”.

Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, referendumun azad, şəffaf keçirilməsində KİV-lərin üzərinə mühüm vəzifə düşür: “KİV-lər referendumqabağı təşviqatda aktiv olmalıdırlar. Bu, Azərbaycan dövlətinin marağındadır. Təşviqat prosesində KİV-lərin rolu və vəzifələri Seçki Məcəlləsində, KİV haqqında qanunlarda əksini tapıb. Jurnalistlər seçki prosesinin bütün mərhələlərini izləməkdə azaddırlar. Jurnalistlər MSK və dairələrdə akkreditə olmadan istənilən seçki məntəqəsində prosesi müşahidə edə bilərlər”.

Ə. Həsənov Azərbaycanda real yayımı olan 200-dən çox qəzet, 300-dən artıq aktiv internet resursu olduğunu, əhalinin hər 1000 nəfərindən 767 nəfərinin internetə çıxışı olduğunu bildirib: “Bununla bərabər KİV-lərin üzərinə mühüm məsuliyyət düşür”

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti