Diqqət: Satışda saxta məktəbli formaları var
Müəyyən olunub ki, “Binə”, “Sədərək” ticarət mərkəzlərində, Əhmədli qəsəbəsində yerləşən ticarət mərkəzində, 8-ci km. qəsəbəsində yerləşən bazar, həmçinin Şəki, Oğuz, Göyçay şəhərlərinin geyim satış məntəqələrində mənşəyi bilinməyən, başqasına məxsus əmtəə nişanını özününküləşdirərək, keyfiyyətsiz məktəbli geyimləri satılır.
SMPDK-dan verilən məlumata görə, “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki satış məntəqələrindən götürülmüş nümunələr Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yüngül sənaye məhsullarının sınağı laboratoriyasına təqdim olunub. Laborator müayinələrin nəticəsində müəyyən olunub ki, məktəbli formaların üzlük və içlik parçaları mövcud normativ sənədlərin tələblərinə uyğun deyil. Belə ki, normativ sənədlərə əsasən içlik parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 50%-dən və üzlük parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 67%-dən çox olmaması nəzərdə tutulmasına baxmayaraq, sınaqların nəticələrinə görə kimyəvi liflərin (sintetikanın) miqdarı müvafiq olaraq 98,9% və 93,7% olub.
Satışdakı mənşəyi bilinməyən bütün məhsulların üzərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanından qeyri-qanuni istifadə olunduğu aşkar olunub.
Hazırda araşdırmanın nəticələri əsasında qanunvericiliyə uyğun tədbirlər görülür.
Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (ГОСТ 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələblərinə uyğun istehsal edilir.
Aytən Zəhra
AzVision.az
Teqlər: