Nazirlik 30 əlili istirahətə göndərib

Nazirlik 30 əlili istirahətə göndərib
  05 Sentyabr 2016    Oxunub:1445
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha bir qrup əlilliyi olan şəxsi istirahətə göndərib.
Bu barədə AzVision.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. ƏƏSMN cari ilin yaz-yay mövsümündə artıq 860 nəfər əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərində istirahətini təşkil edib. Bu barədə daha 30 nəfər əlilliyi olan şəxsin Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov məlumat verib. Şöbə müdiri onlardan 297 nəfər şəxsin Xaçmazda, 270 nəfərin Lənkəranda, digərlərinin isə Şəki rayonundakı müvafiq müəssisələrə istirahətə göndərildiklərini, həmin insanların istirahət mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirildiklərini diqqətə çatdırıb.

Bu tədbirlər Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” çərçivəsində həyata keçirilir. Məqsəd əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara, dolğun həyat şəraitinə malik olmalarına, yaz-yay mövsümündə onların da ölkəmizin səfalı guşələrində istirahət etmələrinə şərait yaradılmasıdır. Bu təbəqədən olan vətəndaşların maddi və mənəvi tələbatlarının ödənilməsi ilə bərabər, sağlamlıqlarının bərpası da diqqətdə saxlanılır. Nazirliyin ölkənin bütün bölgələri üzrə fəaliyyət göstərən 15 əlillərin bərpa mərkəzində hər il 8 mindən çox şəxsə bərpa müalicəsi xidməti göstərilir. Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkar olunaraq cəmiyyətə təqdim olunması və dəstəklənməsi üçün də dövri olaraq respublika səviyyəli müsabiqələr, stolüstü idman oyunları təşkil edilir. Ötən dövrdə 12 mindən artıq əlilliyi olan şəxsin belə tədbirlərdə iştirakı təmin olunub.

İstirahətə göndərilən əlilliyi olan şəxslər onların tibbi-sosial reabilitasiyası, sosial təminatlarının gücləndirilməsi, eləcə də yaz-yay mövsümündə mənalı istirahət etmələri üçün görülən işlərdən razı qaldıqlarını vurğulayıb, onlara göstərilən yüksək diqqət və qayğıya görə, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti