Anar: 16 yaşım var, ailəmiz atam, anam, bacım və qardaşımdan ibarətdir. Bakıxanov qəsəbəsində yaşayırıq. Hazırda 293 nömrəli məktəbdə oxuyuram.
İbrahim: 14 yaşım var, ailəmiz 5 nəfərdən ibarətdir. 227 nömrəli məktəbdə təhsil alıram.
-Burada işləmə səbəbiniz maddi ehtiyacdan qaynaqlanır, yoxsa...?
Anar: Anama kömək edirəm, həm də məktəb paltarı alacağam.
İbrahim: Həm maddi baxımdan, həm də məktəb paltarı almaq üçün burada çalışıram.
-Ailədə sizdən başqa işləyən varmı?
Anar: Var, atam bulvarda mühafizəçi işləyir. Anam da baxçada “kaşa” bişirir.
-Atan təxminən nə qədər maaş alır?
- 800 manat.
-Yəni, mühafizədə işləyən bu məbləğdə maaş ala bilir?
Anar: Verirlər, niyə vermirlər ki?!
İbrahim : Mənim atam “Xalqlar dostluğu”ndakı fəhlə bazarında işləyir. Günə 10-15 manat qazanır.
Bəs, anan işləmir?
-Evdar xanımdır, işləmək istəmir.
-Hər gün təxminən nə qədər pul qazanırsınız?
İbrahim: İşdən asılıdır , elə gün olur ki, çox olur. 6 və ya 10 manat arasında dəyişir.
Anar: Artıq iki ay olar ki, burada işləyirik. İlk dəfə təndirxanada işləyib, çörək satmışıq. Ondan sonra yavaş- yavaş arabaya keçmişik.
-İşləmək təklifini kim irəli sürdü?
Anar: Pul qazanırıq, avar-avara gəzmirik. Avara uşaqlara qoşulmuruq. Kişi əziyyətlə də olsa pul qazanar.
İbrahim: Evə gedəndə pul aparırıq.
-Məktəbdə necə oxuyursunuz, qiymətləriniz yaxşıdırmı?
İbrahim: Orta .
Anar: Babat .
-Hansı fəndən pis, hansından yaxşı qiymət alırsınız?
Anar: İngilis dili, fizika, riyaziyyat fənlərindən qiymətlərim pisdir. Ancaq rus dili, biologiya, informatika, əmək, idman dərsini sevirəm.
İbrahim: Fizika və kimya fənnini sevmirəm. Azərbaycan dili və fiziki tərbiyədən yaxşı qiymət alıram.
-Sinif yoldaşlarımız bazarda çalışdığınızı bilirmi ?
Anar: Bəli.
-Münasibətləri necədir?
Anar: Yaxşı. Onları da işləməyə dəvət etmişik. Biri bizimlə işləyir.
-Sizcə, bazar uşaqların yeridirmi?
İbrahim: Məncə, əziyyətə alışmaq lazımdır, halal çörək yemək lazımdır.
Anar: İşləyirik, qazanırıq, pulu evə veririk. Bəziləri kimi ailəmizə ziyan vurmuruq.
-Ailənizin maddi durumu yaxşı olsaydı, bu yaşda yenə də işləyərdiniz?
İbrahim: Yaxşı iş olsaydı, işləyərdik.
-Bazarda fərqli insanlar var, yaxşı da, pis də, tərbiyəli də, tərbiyəsiz də...
İbrahim: Burada yaxşı adam da var, pis də. Bəzən pulumuzu kəsirlər, onlarla dalaşırıq.
Anar: “Vasmoy bazarı” yaxşı bazardır. Bəzən görürlər ki, yük ağırdır, özəri kömək edirlər. Eləsi də olur ki, deyir, özün apar. Bəzən bir manat əvəzinə 3 manat pul verirlər.
-İş qrafkiniz necədir?
İbrahim:Səhət saat səkkizin yarısından axşam saat səkkizə qədər işləyirik.
-Dərslər başlayandan sonra nə edəcəksiniz?
İbrahim: Dərslərimizi oxuyacağıq.
-Hansı peşənin sahib olmaq istərdiniz?
İbrahim: Hərbçi olmaq istəyirəm. Bu, mənim arzumdur.
Anar:Qatar sürən olmaq istəyirəm. Yaxşı işdir, nə əziyyət çəkirsən, nə də kiminləsə dava edirsən.
Şahanə Rəhimli
Foto: Elvin Abdulla
AzVision.az