`Qrant yeyənlər` Kəlbəcər girovlarını niyə müdafiə etmir?

`Qrant yeyənlər` Kəlbəcər girovlarını niyə müdafiə etmir?
  06 Sentyabr 2016    Oxunub:9026
2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bir neçə gün öncə Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən və qondarma “məhkəmə”nin hökmü ilə 22 müddətinə azadlıqdan məhrum edilən Şahbaz Quliyev ailəsinə məktub göndərib.

Girovun ailə üzvləri AzVision.az-a bildiriblər ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə göndərilən məktubda Ş Quliyevin narahatlığı ifadə olunub: “Şahbaz məktubunda hər kəsə salam söyləyib. Vəziyyətinin yaxşı olduğunu yazıb. Amma məktubun sonunda unudulduğunu qeyd edib. Şahbaz yaddan çıxdığını, heç kimin onunla maraqlanmadığını yazıb”.

BQXK nümayələri tərəfindən Ş.Quliyevin yeni çəkilmiş fotosu ailə üzvlərinə göstərilib: “Şahbazı görəndə dəhşətə gəldik, tamam əldən düşüb. Şahbazı tanıya bilmədik, o qədər arıqlayıb ki, bir dəri, bir sümük qalıb. Şahbazın vəziyyətinə görə çox narahatıq. O, xəstədir. Müalicə olunmalıdır”.

Təəsüf ki, Dilqəm Əsəgərov və Şahbaz Quliyevin erməni girovluğunda olması, onlara işgəncə verilməsi beynəlxalq təşkilatının, o cümlədən dırnaqarası hüquq müdafiəçilərinin diqqətini cəlb etmir. Azərbaycanda insan hüquqlarının “pozulması”nı əldə bayraq edib özlərinə siyasi divident qazanmaq istəyən “hüquq müdafiəçiləri”nin Kəlbəcər girovlarına biganə yanaşması diqqətdən yayınmır.

Halbuki, Xədicə İsmayıl, Leyla və Arif Yunus kimi dövlətçilik əleyhinə fəaliyyət göstərən şəxslər həbsxanada olarkən bir çox təşkilatlar və hüquq müdafiəçiləri guya Azərbaycan insan haqlarının pozulduğunu iddia edirdilər.



Məsələyə münasibət bildirən millət vəkili Sahib Alıyev Şahbaz Quliyev və Diqləm Əsgərovun dözülməz şəraitdə saxlanıldığını deyib: “Məni maraqlandıran budur ki, bir zamanlar arvad-ər Yunusların guya ölüm ayağında olduqlarını qabardaraq onların buraxılmalarını tələb edən beynəlxalq qurumların başında duranlar niyə öz topraqlarında girov götürülən iki azərbaycanlının taleyinə bu dərəcədə biganə yanaşırlar? Bütün bu reallıqları görə-görə hansı azərbaycanlı onların insan haqları haqda nağıllarına və elə həm də insanlıqlarına inanar?

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, beynəlxlaq hüquq müdafiə təşkilatlarının, o cümlədən onlarla əlbir çalışan yerli “hüquq müdafiəçiləri”nin belə məsələləri gündəmə gətirməməsinə səbəb onların “qrant biznes”lərinə cavab verməməsidir: “Çünki, həm beynəlxlaq hüquq müdafiə təşkilatları, həm də yerli “hüquq müdafiəçiləri” başa düşür ki, milli maraqlara xidmət edən məsələlər üzərindən hər hansı bir formada qrant almaq mümkün deyil. Digər, yəni dövlətə insan hüquqları üzərindən təzyiq məsələlərinin qaldırılması isə külli miqdarda qrantların ayrılması deməkdir. Bu isə yeni layihələr, partnyorlar, böyük gəlir mənbələr deməkdir”.



Ə.Nuriyev qeyd edib ki, onlar milli maraqlarımıza xidmət edən məsələləri qaldırsalar, gəlirlərindən birdəfəlik məhrum olarlar: “Girovlarla bağlı məsələ milli maraqlarımızla bağlıdır. Bu eyni zamanda Azərbaycanın ərazilərinin işğalı, qeyri-qanuni məhkəmələrlə, separatizmlə bağlı olan məsələlərdir. Bu isə heç bir halda beynəlxalq təşkilatlara, onların yerli əlaltılarına sərf etməyən, gəlirsiz məsələdir. Çünki, belə olan halda onların bir çox beynəlxalq donorlarla əlaqələri zəifləyə bilər. Həmçinin erməni lobbisi bundan istifadə edər və onların maddi kanallarının qarşısını alar”.

Fond prezidenti vurğulayıb ki, onlar özlərini “bəşəriyyətin övladları” hesab etsələr də milli maraqlarla, təhlükəsizliklə, işğalla bağlı məsələləri arxa planda saxlayırlar: “Çünki belə məsələlərdə böyük vəsaitlərə çıxış, beynəlxalq tədbirlərə dəvət, yeni əlaqələrin qurulması yoxdur. Ona görə də bu, onların gündəmində yoxdur. Bunu beynəlxalq təşkilatların tədbirlərində iştirak edəndə də görmüşəm. Azərbaycanda fəaliyyət göstərən “araşdırmaçı jurnalistlər”in, “hüquq müdafiəçiləri”nin çıxışlarında bircə dəfə də olsun belə fikirlərə rast gəlməmişəm. Halbuki, bu, insan hüquq və azadlıqları, qondarma məhkəmələrlə bağlı məsələlərdir. Bu məsələ qondarma məhkəmələrin ifşası, ölkənin ərazisinin işğalda olması ilə birbaşa bağlıdır. Həmçinin, bu, beynəlxalq insan hüquq və azadlıqlarına aid konvensiyaların bir çox normalarının kütləvi şəkildə pozulması deməkdir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti