Prezident Dubay şeyxinə salam göndərdi
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumla bu ölkəyə rəsmi səfəri zamanı keçirdikləri görüşü məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini söylədi. “DP World” şirkətlər qrupu ilə imzalanacaq bugünkü müqavilənin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyən dövlətimizin başçısı başlanacaq yeni layihənin əlavə iş yerlərinin açılması və ümumi daxili məhsulun artması sahələrində yeni imkanlar yaradacağına ümidvar olduğunu bildirdi. Son dövrlər Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən Körfəz ölkələrindən çoxlu sayda turistlərin gəldiyini deyən Prezident İlham Əliyev Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi yolunu tutduğunu, respublikamızda sənaye, turizm, nəqliyyat, kənd təsərrüfatı da daxil olmaqla bütün sektorlarda sürətli inkişafa nail olunduğunu, bütün bunların da öz növbəsində neftin qiymətinin kəskin aşağı düşdüyü dövrdə qarşıya çıxan problemlərin aradan qaldırılmasına yaxşı imkanlar yaratdığını vurğuladı.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin-Rəşid Al Maktuma çatdırmağı xahiş etdi.
AzVision.az