Bir şagirdin məktəb xərci nə qədərdir? – Reportaj+Fotolar

Bir şagirdin məktəb xərci nə qədərdir? – Reportaj+Fotolar
  07 Sentyabr 2016    Oxunub:15620
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Şagirdlər ilk dərs gününü səbirsizliklə gözləsələr də, valideynlər onlar qədər sevincli deyillər. Bir uşağın məktəbə yola salınması üçün dərs ləvazimatları, məktəbli forması almaq lazımdır ki, bu da kifayət qədər pul deməkdir. Nəzərə alsaq ki, bir ailədən 2 və ya 3 uşaq məktəbə gedir, o zaman valideynin xərci daha çox olur.

Ümumilikdə isə, bir şagirdin məktəbə tam hazır vəziyyətdə getməsi üçün orta hesabla nə qədər pul lazımdır?

AzVision.az-ın əməkdaşları bu suala cavab tapmaq üçün Bakıda bir neçə topdansatış mərkəzinə baş çəkib, qiymətlərlə maraqlanıb.



İlk olaraq məktəbli geyimlərinin qiymətləri ilə maraqlandıq. Satıcılar bildirdilər ki, sinfindən və yaşından aslı olmayaraq BTF-nin istehsal etdiyi məktəbli geyimlərini 32-35 manata almaq olar. Məktəbli geyimində istifadə edilən “jilet”lərin qiyməti isə 5,6,7 manatdır. Çin istehsalı olan saxta məktəbli geyimlərini isə 28-24 manata da almaq olar.

Satıcıların sözlərinə görə, valideyinlər daha çox BTF-nin məhsullarını almaya can atırlar. Bu səbəbdən kefiyyəti nisbətən aşağı olan “Kitayski” məktəbli geyimlərinə imkansız ailələr daha çox maraq göstərir. Bir sözlə, bir məktəblinin geyimi “jilet”lə birlikdə ən azı 40 manata başa gəlir.



Geyimdən sonra məktəbli çantası və dərs ləvazimatlarının qiymətlərini soruşduq. Satıcıların dediyinə görə, çantaların qiyməti 15 manatdan başlayır. Təbii ki qiymətlər çantanın böyüklüyü və kefiyyətindən aslı olaraq dəyişir.



İş dəftərlərinin qiyməti 2 manat 60 qəpikdən başlayır, 4 manata qədər dəyişir. Qeyd edək ki, iş dəftəri bir neçə fənn üçün tələb olunur. Belə olan halda iş dəftərinə verilən pulun miqdarı da artır. Həmçinin məktəblilərin istifadə etdiyi 20 vərəqli dəftər 25, 40 vərəqli dəftərlər isə 35 qəpiyə satışa çıxarılıb.



Bundan əlavə məktəb bazarlığına çıxan valideyn albom, rəngli karandaş, qara qələm, pozan, qələmyonan, sulu boya da almaq məcbuqiyyətində qalır. Bunların qiyməti isə kefiyyətinə görə dəyişir.



Albomun qiyməti 2-5 manatdır. Rəngli karandaşları 1 manat 50 qəpikdən 3-4 manata qədər almaq olar. Qələmlərin ən ucuzu 20 qəpikdir. Sulu boyaların və plastilinlərin qiyməti 1-5 manat arasında dəyişir. Pozanların ən ucuzu 20 qəpiyə satılır.



Təbii ki, yuxarı siniflərdə oxuyan şagirdlərin xərci çox olur. Yeni test kitabçalarını almaq da əlavə xərc tələb edir.

Ümumilikdə, valideynlər ibtidai sinifdə oxuyan övladları üçün məktəb bazarlığına minimum 100-150 manat, yuxarı siniflərdə təhsil alan şagirdlər üçün isə 200 manat xərcləməli olurlar.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti