Papanın `qardaşlığı` bizə lazımdırmı? - ŞƏRH

Papanın `qardaşlığı` bizə lazımdırmı? - ŞƏRH
  07 Sentyabr 2016    Oxunub:5611
Sentyabrın 30-da Roma Papası I Fransisk Azərbaycana səfər edəcək. Vatikandan verilən açıqlamaya görə, Roma Papasının Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək. Roma Papasının belə bir şüar seçməkdə məqsədi nədir?

Millət vəkili Elman Nəsirov hesab edir ki, Papanın Bakıya “Hamımız qardaşıq” şüarı ilə gəlməsi pis əlamət deyil: “Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcıları mehriban, harmonik şəkildə, qardaş kimi yaşayırlar. Bu baxımdan bizim üçün belə şüarlar yeni deyil. Azərbaycan dövlətinin siyasəti müxtəlif millətlərin, dinlərin daşıyıcılarının bir-birinə qardaşlıq münasibətləri şəkilində yaşaması məntiqini özündə ehtiva edir. Hesab edirəm ki, Papanın belə bir şüarla Azərbaycana gələcəyini bəyan etməsi çox müsbət haldır. Nəzərə alsaq ki, Azərbaycanda katolik kilsəsinin inkişafı, orada dini ayinlərin yerinə yetirilməsi üçün kifayət qədər imkanlar var. Beynəlxalq aləm Azərbaycanı tolerant ölkə kimi tanıyır və artıq tolerantlığın mərkəzinə çevrilməkdədir. Bütün bu reallıqlar dünyada qəbul və dərk edilir. Roma Papası da Azərbaycandakı proseslərdən kifayət qədər xəbərdardır”.



E.Nəsirov vurğulayıb ki, bu kimi şüarlar səslənməklə qalmamalı, eyni zamanda əməli addımlar atılmalıdır: “Qardaşlıqdan danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xristian həmrəyliyi, qardaşlığı nümayiş etdirilməsin. Yəni, məsələyə belə yanaşma olanda, problemlər həllini tapmır. Əksinə, kəskinləşir. Ona görə də özü-özlüyündə yaxşı qardaşlıq ideyasını ehtiva edən belə yanaşmalar, şüarların praktiki tətbiqi özünü doğrultmalıdır. Bu baş verərsə, regiona sülh və təhlükəsizlik gələr. Amma belə şüarlar səsləndirib, reallıqda isə fərqli bir xətti həyata keçirdikdə, tərəfkeşlik etdikdə, xristian həmrəyliyi nümayiş etdirdikdə hesab edirəm ki, bu Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsini praktiki olaraq maddələşdirmiş olur. Belə olarsa, bu çox təhlükəli bir tendensiyaya çevrilər. Papanın şüarı çox düzgündür. Təki, bu konkret əməli işlərdə öz təsdiqini tapsın”.



Politoloq Qabil Hüseynli isə hesab edir ki, Papanın seçdiyi şüar çox abstraktdır: “Dində belə məsələlər keçərlidir. İnsanlar eyni Allahın quludur, eyni Allaha itaət edirlər. Ona görə də qardaşdırlar. Amma, yer üzündə həmin qardaşlığı tam bərpa etmək o qədər də asan məsələ deyil. Onlar bu məsələni təbliğ etməlidirlər.

Papa bilməlidir ki, Ermənitanla Azərbaycan münasibətləri necədir. İndi biz ermənilərlə qardaş olmaq üçün işğal olunmuş torpaqlarımızdan imtina etməliyik? Qardaşlığın prinsipləri var. Qardaşlıqda xəyanət olmur, bir-birinə xəncər sancamaq olmur”.

Roma Papasının həddən artıq qəribə adam olduğunu deyən Q.Hüseynli fikirlərini belə davam etdirib: “Bu adam gah qaçqınların ayağını öpür, gah da qondarma “erməni soyqırımı”nı tanıyır, bunu təbliğat vasitəsinə çevirir. Ona görə bu adamın ideologiyası, təbliğatı barədə düşüncələrim birmənalı deyil”.



Roma Papasının iki ay əvvəl Ermənistanda səfərdə olduğunu xatırladan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Papanın qondarma “erməni soyqırımı”nı tandığını yada salıb: “Papa İrəvana getmiş, orada “soyqırım” abidəsini ziyarət etmiş, “soyqırım olub” demiş, üstəgəl İrəvanda bizi qıcıqlandıran “Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur” fikirini dilə gətirmişdi. Erməniləri gözlədiklərindən də çox məmnun edən Roma Papası indi Bakıda “hamınız qardaşıq” açıqlamasıyla bizə nə demək istəyir?

Əgər Roma Papası bununla Azərbaycanda bütün dinlərin və millətlərin sülh və həmrəylik şəraitində yaşadığına işarə edirsə, çox sağ olsun, yox əgər işğalın davamına rəğmən, bizə ermənilərlə “qardaş” olmağa səsləyirsə, onda indidən Bakıdan Vatikana qarşılıqlı mesaj göndərilməlidir ki, Roma Papasının çıxışının mətninə göz gəzdirsinlər. Azərbaycana Roma Papası ilk dəfə deyil gəlir. Keçmiş Papa nə bizə hansısa “şüarla” ağıl öyrədirdi, nə də bizə Qarabağı unutmağı tövsiyyə edirdi”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti