İlham Əliyevin sakinlərlə səmimi söhbəti

İlham Əliyevin sakinlərlə səmimi söhbəti
  08 Sentyabr 2016    Oxunub:13791
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.

Məlumat verildi ki, Yalama kəndindəki Heydər Əliyev adına parkın ümumi sahəsi bir hektardır. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir. Ümumi sahəsi 120 kvadratmetr olan mərkəzin binasının qarşısında Ümummilli Liderin büstü ucaldılıb. Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoydu.

Sonra dövlətimizin başçısı burada ləzgi icmasının nümayəndələri ilə söhbət etdi.

Sakinlər: Xoş gəlib, səfa gətirmisiniz, cənab Prezident. Qədəmləriniz mübarək olsun!

Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz, işləriniz necədir?

Sakin: Bizim şimal bölgəmizə, respublikamızın şimal qapısı olan Yalama qəsəbəsinə xoş gəlmisiniz! Allah Sizin köməyiniz olsun! Sizin siyasətinizin nəticəsi və bəhrəsidir ki, suyumuz beton kanallarla, qazımız təzə polietilen borularla gəlir, işığımız kabelləşib, fasiləsiz təmin olunmuşuq. Allah Sizə yar olsun!

Bu gün gəldiyiniz bu gözəl, yaraşıqlı yol Sizin siyasətinizin uğurudur. Bütün standartlara uyğun bu yola görə camaatımızın adından Sizə minnətdarlığımızı bildiririk, “Çox sağ olun” deyirik. Gələcək işlərinizdə də Sizə uğurlu fəaliyyətlər arzu edirik. Allah köməyiniz olsun! Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Çox sağ olun. Mən də çox şadam ki, bu bölgədə - Xaçmaz rayonunda, ümumiyyətlə, şimal bölgəsində işlər yaxşı gedir, abadlıq-quruculuq işləri aparılır. Bütün infrastruktur layihələri həll olunub. Sizin də qeyd etdiyiniz kimi, yeni yol salınıb. Bu gün bu yolun rəsmi açılışını qeyd etdik. Qazlaşdırma davam edir. Bir çox yaşayış məntəqələri artıq qazlaşdırılıb. Xaçmaz rayonunda qazlaşdırma 71 faizdir. Əlavə tədbirlər görüləcək ki, qazlaşdırılmayan kəndlərə də qaz çəkək. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Dayanıqlı enerji təminatı var. İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülür. Bu gün Yalama Aqroparkının açılışı olacaq. Orada da yüzlərlə iş yeri yaradılır. Bu bölgənin turizm potensialının inkişafı üçün lazımi addımlar atılır və atılacaq. İnfrastruktur layihələrinin icrası burada əsas məsələdir.

Çox şadam ki, burada insanlar rahat yaşayırlar, öz işləri ilə məşğuldurlar, kənd təsərrüfatı, turizm inkişaf edir. Yeni iş yerləri yaradılır, abadlıq işləri aparılır. Yalama qəsəbəsi, dediyiniz kimi, bizim şimal qapımızdır. Sərhədə ən yaxın olan qəsəbədir. Çox şadam ki, Azərbaycanın mərkəzindən uzaq məsafədə yerləşən bölgələrdə də işlər yaxşı gedir, dövlətimiz güclənir, insanlar daha da yaxşı yaşayırlar.

Sakinlər: Sizin sayənizdə, cənab Prezident. Çox sağ olun. Bunların hamısı Sizin zəhmətinizin bəhrəsidir. Allah Sizi qorusun!

Sakin: Möhtərəm cənab Prezident, Siz Yalama qəsəbəsinə xoş gəlmisiniz. Bu, yalamalılar üçün böyük bayramdır. Sizin siyasətinizi bütün yalamalılar dəstəkləyirlər. Bizim dayandığımız bu bir hektar torpaq sahəsi 2008-ci ilə qədər həqiqətən bataqlıq ərazi idi. Xalqın müraciəti ilə biz burada Ulu Öndərin adına layiq gözəl Heydər Əliyev Parkı yaratdıq, Heydər Əliyev Muzeyi tikildi. Heydər Əliyev Parkı ilə bərabər, Ulu Öndərin adını daşıyan küçə də abadlaşdı. Çox sağ olun, Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bir halda ki, əsas infrastruktur layihələri artıq başa çatır, növbəti mərhələdə daha çox yerli istehsal, kənd təsərrüfat, turizm inkişaf etməlidir. Turizmin inkişafı üçün əlavə imkanlar var. Siz bilirsiniz ki, bu il ölkəmizə daha çox xarici qonaq gəlmişdir. Əlbəttə ki, bu zona turizm üçün çox gözəl zonadır. Burada həm dəniz, həm meşələr var, yaxın bölgələrdə xizək kurortu da yaradılıb. Yəni, bu zona Azərbaycanın turizm mərkəzlərindən biridir, bəlkə də birincisidir. Gələcəkdə insanları işlə təmin etmək üçün, əlbəttə, həm dövlət, həm özəl sektor tərəfindən əlavə investisiyalar qoyulmalıdır ki, işlər daha da sürətlə getsin və inkişaf dayanıqlı olsun.

Sakin: Möhtərəm cənab Prezident, bir daha xoş gəlmisiniz. Mən Yalama məktəbində müəllimə işləyirəm. Bizim məktəbimizdə təmir işləri gedir. Yeni dərs ilində biz əsaslı təmir olunmuş məktəbdə çalışacağıq. Yalama çox abadlaşıb, inkişaf edib. İnanırıq ki, bu inkişaf davamlı olacaq. Cənab Prezident, çox sağ olun. Biz Sizə çox təşəkkür edirik, Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Yalamada bir məktəb var?

Sakin: Bəli, tam orta məktəbdir, 800 şagird yerlikdir.

Prezident İlham Əliyev: Burada yaşayan əhalinin sayı 5020 nəfərdir. Bu, çox yaxşıdır. İndi yol təmir olunub, gediş-gəliş rahat olacaq.

Sakinlər: Biz Xudatdan buraya bir saata gələ bilmirdik. İndi 15 dəqiqəyə gəlirik. Çox gözəl yollar salınıb. Çox sağ olun. Bütün camaatımız adından Sizə minnətdarıq. Bizə yaratdığınız bu şəraitə görə Sizə təşəkkür edirik. Allah köməyiniz olsun!

Prezident İlham Əliyev: Yol əsasdır. Çünki yol abad olanda həm gediş-gəliş asanlaşır, eyni zamanda, bütün digər məsələlər öz həllini tapır. Misal üçün, biz 3-4 il bundan əvvəl Xaçmazda mərkəzi rayon xəstəxanasını təmirdən sonra istifadəyə verdik. İndi insanlar rayon mərkəzinə çox qısa müddətdə çata bilərlər.

Sakinlər: Çox sağ olun. Bu yol qarşıdan gələn Qurban bayramı münasibətilə Sizin bizə hədiyyəniz oldu. Ailənizlə birlikdə Sizi təbrik edirik. Çox sağ olun. Allah köməyiniz olsun! Sizə uğurlar arzulayırıq.

Prezident İlham Əliyev: Mən də qarşıdan gələn bayram münasibətilə Sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Çox sağ olun.

AzVision.az


Teqlər:  





Xəbər lenti