Prezident Bakı məktəblərində - FOTOLAR

Prezident Bakı məktəblərində - FOTOLAR
  14 Sentyabr 2016    Oxunub:3346
Azərbaycan prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı 12 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.

AzVision.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verdi ki, əsası 1974-cü ildə qoyulan bu məktəb bir neçə il bundan əvvəl əsaslı təmir olunub. Lakin ərazidə əhali sıxlığının artması məktəbə gələn şagirdlərin sayının çoxalmasına təsir göstərdiyindən 12 nömrəli məktəb üçün də yeni korpusun tikintisinə qərar verildi. Bununla da 960 şagird yerlik məktəbin ərazisində 432 şagird üçün nəzərdə tutulan və 18 sinif otağından ibarət yeni bina inşa olunub. Nəticədə məktəb birnövbəli sistemə keçib. İndi geniş və işıqlı sinif otaqları məktəbdə tədris prosesinin yüksək səviyyədə aparılmasına imkan verir.

Beləliklə, ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox təhsil ocağı üçün yeni tədris korpusları inşa olunub. Bu proses ən ucqar yaşayış məntəqələrini də əhatə edib. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu proqrama hərtərəfli dəstək göstərib. Bununla da Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, bir sözlə, ölkədə nəhəng təhsil infrastrukturunun formalaşdırılması yeni təhsil modelinin tətbiqindən irəli gələn uğurlar sayəsində mümkün olub. Bu modelin nailiyyətlərini isə mükəmməl təhsil konsepsiyası təşkil edir.

Dövlət başçısı həmçinin Bakının Nizami rayonundakı 32 nömrəli tam orta məktəbin yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub. Məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 1963-cü ildən fəaliyyətdə olan məktəbdə bir neçə il bundan əvvəl əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, məktəbin maddi-texniki bazası möhkəmləndirilib. Lakin sonradan şagird sıxlığına görə məktəbin genişləndirilməsi zərurəti yarandığından ərazidə yeni korpusun tikintisinə başlandı. Yeni korpusda 800 şagird yerlik 40 sinif otağı yaradılıb. Bütün sinif otaqları əyani vəsaitlər, tədris ləvazimatları ilə tam təchiz olunub. Yaradılan şərait isə ümumilikdə 1150 şagirdin təhsil aldığı məktəbin imkanlarını daha da genişləndirib. Belə ki, yeni dərs ilindən həm Azərbaycan, həm də rus bölmələrindən ibarət olan məktəb birnövbəli rejimə keçir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Bilik günündə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə ediləcək.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Çünki ulu öndər Heydər Əliyevin də dediyi kimi, təhsil millətin gələcəyidir. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Bu siyasət həm də son illərdə tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti