`Məni aldatdı, qan içində idim...` - Tanınmışların məktəb xatirələri

`Məni aldatdı, qan içində idim...` - Tanınmışların məktəb xatirələri
  15 Sentyabr 2016    Oxunub:22096
Zaman keçir, illər ötür. İnsanlar qocalır, binalar köhnəlir, ağaclar quruyur. Ancaq həyatın elə anları var ki, onlar insan yaddaşında qocalsa da, köhnəlsə də yalnız təbəssümlə, xoş duyğu ilə xatırlanır. Belə anlardan, xatirələrdən biri də ilk dərs günü yaşadıqlarımızdır.
Bu gün yəqin ki, bir çoxumuz gözlərimizi dərinliklərə zilləyib xatirələr arasından ilk dərs gününü “video-lent”ini axtarırıq. Həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Amma fərqi yoxdur, bu, bütün hallarda ən əziz xatirələrdən biri olur. Az insan tapılar ki, ilk dərs gününü, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın.



Aktrisa Həmidə Ömərova həmin günü belə xatırlayır: “Mənim məktəb çantam dayımoğlunun çantası ilə eyni rəngdə idi. Babam hər ikimizə qırmızı rəngdə çanta almışdı. Sonra dayım onun çantasını dəyişdi. Mən çox kök uşaq idim. Anam mənə dərsdə yeməyə bulka qoyurdu. Müəlliməm heç vaxt yadımdan çıxmaz, kök və buruqsaç qadın idi. Yanağında iri xalı var idi. İlk dərs günündə o, danışır,bizi təbrik edirdi. Söhbətin şirin yerində çantamdan bulkanı çıxarıb yeməyə başladım. Müəllimə məni ayağa qaldırdı, adımı soruşdu. Dedim, Həmidə. Soruşdu ki, qızım sən acmısan? Dedim ki, yox, acmamışam. Sadəcə olaraq anamın sözünə qulaq asıram. Anam dedi ki, ac qalma.

Dedi, bura məktəbdr. Sən uşaq deyilsən. Tənəffüsdə yeyərsən. Mən də tənəffüsə kimi gözlədim. İkinci dərs müəllim bizə yazı yazdırmağa başladı. Gördüm ki, hamı mürəkkəb qabını çıxarıb yazı yazır. Baxdım ki, mənim mürəkkəb qabım yoxdur. Hönkür-hönkür ağlamağa başladım. Müəllimə dedi ki, eybi yoxdur, götür yoldaşının mürəkkəb qabından istifadə et, gələn dərs gətirərsən.

Dərsdən çıxanda anam və nənəm məni görəndə gözləri kəllələrinə çıxdı. Ağ önlüyümdə salamat yer yox idi, dərsdən qapqapara çıxmışdım. Üzüm-gözüm bulanıq idi. Birinci sinifdə çox pinti uşaq idim. Çünki solaxay idim. Müəllimə məcbur edirdi ki, sağ əllə yazım, nəticədə əlim dəyirdi, bütün üst başım mürəkkəb olurdu”.



35 il keçməsinə baxmayaraq aparıcı İlqar Mikayıloğlu ilk dərs günündə məktəbdə fit çalmağını hələ də unutmayıb: “Yadıma gəlir ki, çox dəcəl uşaq idim. Birinci günü məni dərsə anam aparmışdı. Rəhimə müəllimənin dərsinə girdim, oturdum, elə birinci dərsdə də fit çalmağa başladım”.




Yazıçı, jurnalist Orxan Fikrətoğlunun ilk dərs günü macərası: “Mən məktəbdə elə də yaxşı oxuyan şagird deyildim. Maraqlıdır, mənim sonrakı taleyim bir sentyabrda həll olundu. Rəhmətlik qardaşım savadlı idi. Məktəbə getməzdən öncə bütün hərfləri əzbərdən bilirdim. İlk dərs günündə məni bir qızın yanında oturtdular. Qəribə qız idi, ağzından su axırdı. Rübabə müəllimə lövhəyə “B” hərfini yazdı. Mən bilirdim ki, bu “B” hərfidir. Yanımda oturan qız dedi ki, yox bu “U” hərfidir. Dedim yəqin qız məndən çox bilir, mən də ona aldanıb müəlliməyə dedim ki, “U” hərfidir. Müəllimə əsəbləşdi, dedi, dur keç arxaya, sən heç nə bilmirsən. Məktəbə gedən ilk gündən allandım. Sonra nəticə çıxardım ki, bildiyini heç kimə vermə, heç kimə də qulaq asma.

Arxada uzunsaç bir qızın yanında oturdum. Müəllimə ikinci dərsdə dedi ki, dəftrlərinizi çıxardın. Baxdım ki, evdən mənə dəftər qoymayıblar. Yanımdakı qız dedi ki, istəyirsən sənə dəftər satım. Deməli, bu qız 2 qəpiklik dəftəri mənə 15 qəpiyə satdı. Bu, ikinci aldanışım oldu.

Axrıncı dərs yazı taxtasında yazı yazırdım. Sən demə, lövhədə mıx var imiş. Əlim yazı yazanda mıxa dəydi, məni qan götürdü. Nənəm xan nəslindən olan ötkəm bir qadın idi. O, da məni gözləyir ki, indi uşaq dərsdən çıxacaq. Nənəm əlimi qanlı görüb bir hay- küy qopardı ki, mən sizə uşağı öyrətməyə vermişdim, yoxsa onu yaralamağa?!
İndi də yazı yazanda həmişə əlimə mıx batır. 50 yaşa çatmışam, hələ də alveri bilmirəm. Həyatı yaşaya bilmirəm. Həmişə də allanıram”.




Xalq artisti Firəngiz Mütəllimova: “Anam və atam o vaxt Ağcabədinin Avşar kəndində məktəbdə işləyirdi. Qardaşımla ikimiz bir sinifə gedirdi. Onun 5, mənim isə 7 yaşım vardı. İlk dərs günü sinfə girəndə baxdılar ki, ayağım yalındı. Ayaqqabılarımı məktəbin həyətində çıxardıb qoymuşdum. Gətirib geyindirdilər. Bizə qəşəng çantalar, paltarlar almışdılar. Ağlayıb özümü yerə vurdum ki, başqa çanta istəyirəm. Anam gecə ilə mənə əl işi olan parça çanta tikdi. Çox utancaq idim, qardaşım məndən yaxşı oxuyurdu”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti