Nazirlik 116 əlili istirahətə göndərib

Nazirlik 116 əlili istirahətə göndərib
  16 Sentyabr 2016    Oxunub:939
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 116 əlilliyi olan şəxs istirahətə göndərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, ƏƏSMN-nin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, bu həftə 116 nəfər əlilliyi olan şəxs Lənkəran və Şəki rayonlarında yerləşən istirahət və sağlamlıq mərkəzlərinə istirahətə göndərilib.

İstirahətə yola salınan əlillər Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə yüksək diqqət və qayğısından razı qaldıqlarını vurğulayıblar. Onlar bildiriblər ki, ölkəmizdə aparılan sosial siyasət sosial cəhətdən həssas qruplara aid insanların, o cümlədən əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası istiqamətində işlərin də getdikcə güclənməsinə səbəb olur. Onlara ödənilən sosial müavinət və Prezident təqaüdlərinin, əmək pensiyalarının məbləği mütəmadi olaraq artırılır. Həmçinin, müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların dövlət büdcəsi hesabına mənzillərlə, minik avtomobilləri və müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində mühüm tədbirlər həyata keçirilir.

Əlillər onların sosial müdafiəsinin gücləndirilməsi, habelə yaz-yay mövsümündə mənalı istirahət etmələri üçün görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu il 1015 nəfər əliliyi olan şəxsin istirahətinin təşkil edilməsi nəzərdə tutulub. Həmin vətəndaşlardan artıq 975 nəfəri Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı müvafiq müəssisələrə istirahətə göndərilib. Digər şəxslərin də yaxın günlərdə istirahətə yola salınması təmin olunacaq. Əlillərin istirahət və sağlamlıq mərkəzlərinə aparılması və istirahət müddəti bitdikdən sonra geri qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti