Bayram bazarlığı: Bakıda qiymətlər necədir? - VİDEO+FOTOLAR

18:44     15.03.2018     10056



Bayram ərəfəsi olmasına baxmayaraq, bazarda satıcıların qanı əməlli-başlı qara idi. Çoxu “dərdimiz var, sən Allah bizdən qiymət soruşma” deyib, yaxasını kənara çəksə də, ürəyini bizə açanlar da oldu. Elə satıcı Qurban İsmayılov kimi. Onunla söhbət zamanı məlum oldu ki, bazarın əsas problemi alıcı qıtlığıdır. Piştaxta araxasında günlərlə gözləyən satıcılar müştəri üzünə həsrət qalıblar: “Bazar yanandan vəziyyət belədir. Müştəri yoxdur. Çərşənbə günündə bazara bir müştəri girmədi”.



Meyvələrin satış qiymətini sadalayan Əsədulla Beydullayev bildirib ki, alıcı azlığına görə bazarda qiymət artımı edilməyib: “Almanı növündən asılı olaraq 1 və ya 2 manata, portağalı 1.80 qəpiyə, heyvanı 1.50 qəpiyə, mandarini 2.50 qəpiyə, narı 2.50 qəpiyə, kivini 1.90 qəpiyə ala bilərlər. Alıcı az olduğundan qiymətlərdə dəyişiklik edilməyib. Əksinə meyvələrin qiyməti düşüb. Aylardır belə işləyirik. Başqa yerimiz yoxdur ki, gedib satışı orada edək. Allah bilir bayram günü gələcəklər, ya yox. Bazarda ancaq satıclardır”.



Novruzda süfrəmizin bəzəyi olan qoz, fındıq və digər çərəzlərin qiyməti ilə də maraqlandıq. Satıcıların dediyinə görə, qozun ləpəsi 9-25, qabıqlı qozun isə 10-12 manatadır. Fındıq ləpəsinin bir kiloqramını 12-16 manata, qabıqlısını isə 5-6 manata almaq olar. Kişmişin və qaysının qiyməti növündən asılı olaraq 5 manatdan başlayıb 15- 18 manata qədər dəyişir. İnnab, iydə və xurma 3- 7 manat arası satılır.



Tərəvəzlər də növündən asılı olaraq fərqli qiymətlərdə satışa çıxarılıb. Məsələn, adi kartofu 60-70 qəpiyə alırsınızsa, Gədəbəy kartofunu 1 manatdan ucuz tapa bilməzsiniz. Soğanı 50 qəpik və ya 1 manat arası piştaxtalara düzüblər.

Satıcı Məmmədağa Babayev: “Kökün qiyməti 70 qəpik və ya 1 manatdır. Bibərin altısını 1 manata, pomidorun və badımcanın bir kilosunu 3 manata satıram. Onsuz da bazarda alıcı, gəlib- gedən yoxdur”.



Satıcılar müştəri azlığından şikayət etdikləri kimi qiymətlərdən narazı qalan müştərilər də tapıldı.

Alıcı Seyidov Mirhəsən: “Qiymətlər bahadır. Hər yerdə belədir. Çətin ki, bayram bazarlığı edə biləm”.









































































Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Vİdeo: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az

Digər videolar