Səhv düşəndə yerimiz: “Cəbhə”nin realistliyi və “Real”ın cəbhəşüvənliyi – VİDEOKÖŞƏ

21:21     10.09.2019     9667

İki müxalif partiya virtual rinqdə bir-birinə amansız zərbələr endirməklə məşğuldurlar: Budur, İlqar Məmmədov qabaqdan “ceb”, Natiq Cəfərli sağdan “huk” vurdu, amma Əli Kərimli aşağıdan qoyduğu “apperkot”la hesabı bərabərləşdirdi... Nəyin uğrunda? Səmimi danışaq, hər iki partiya seçkiyə getsə belə, maksimum nə, neçə mandat qazana bilər ki, ona görə bir-birini zərbə yağışında isladıb, zatən mövcud olmayan müxalifəti bir az da darmadağın edirlər?
Bu suala aydınlıq gətirməyə çalışacağıq, amma əvvəlcə çəkişmədəki maraqlı bir mahiyyət sürüşməsinə diqqətinizi çəkmək istərdim.



Məsələ ondadır ki, bu müzakirədə AXCP əslində real, “Real” isə cəbhəçi mövqeyindən çıxış edir. İndiyə qədər 5 parlament seçkisində iştirak etmiş və ona görə də reallığı düzgün qiymətləndirməyi bacaran təcrübəli Əli Kərimli gözəl bilir ki, dişə vurulası heç bir nəticəyə ümid yoxdur. İndiki resurslarla bəlkə ən yaxşı halda bir, cek-pot variantında isə fantastik nəticə kimi maksimum iki mandata gümanları gələ bilər. Resurslar, tərəfdarlar, sosial baza bundan artığına ümid etməyə heç bir şans vermir. Həmin o 1-2 mandatı götürüb, parlamentdə əyləşməklə isə heç nəyə nail olmaq, heç nəyi dəyişdirmək mümkün deyil, əvəzində radikal düşərgəki indiki mövqelərini, xariclə əlaqələrini və siyasi biznesini itirəcək.

Əli Kərimlini çox şeydə ittiham etmək olar, amma o, heç bir halda axmaq deyil. Gözəl bilir ki, seçkiyə qatılsa, xaricdəki antiazərbaycan şəbəkəsinin böyük bir qanadını saxlamaq kimi gəlirli biznesdən məhrum olacaq. Əvəzində nə qazanacağı isə ən yaxşı halda şübhəlidir. Lap gəlin, belə bir süjeti fərz edək: Əli Kərimli seçkiyə qatıldı, mandat da aldı, sonra isə “youtube”da Sevinc Osmanqızının verilişinə qoşulub, ənənəvi radikal fikirlərini yenə də təkrarladı. Səhərisi gün parlamentin intizam komissiyası asanlıqla onun məsələsini qaldıra, 3-4 dəfədən sonra isə mandatını əlindən ala da bilərlər. Buna görə artıq oturuşmuş, stabil gəlir gətirən böyük siyasi biznesdən imtina etməyə dəyərmi? Yox, axı, dediyimiz kimi, Kərimli axmaq deyil.

Digər tərəfdən, o, qorxur ki, əgər seçkiyə getsələr, tərəfdaşlarından kimsə hakimiyyətlə hansısa sövdələşməyə girib, onu yenidən necəsə, nəyəsə sata bilər. Kərimli gözəl bilir ki, ətrafındankı insanların çoxu onu satmaq üçün növbəyə düzülüblər və sadəcə, münasib təklifi gözləyirlər, amma normal qiymət verən yoxdur. Siyasi bazarda Kərimlinin qiyməti xeyli düşüb. Məhz buna görə biz bir müddətdir ki, onun onsuz da cücənin boğazı kimi daralmış siyasi ətrafından yeni qopmaların şahidi olmuruq. Belə bir vəziyyətdə boykot qərarı çıxararaq, ətrafındakıları onu satmaq imkanından əvvəlcədən məhrum etmək daha sərfəlidir.

Göründüyü kimi, əslində Kərimli “boykot” deməklə çox realist, praqmatik, öz nöqteyi-nəzərindən praktik və sərfəli bir mövqe tutub. Bu mənada, o, özünü ənənəvi cəbhəçi kimi yox, praqmatik siyasətə üstünlük verən realçı kimi aparır. Realçılar isə əksinə, reallığı kənara atıb, gerçək siyasi mənzərə ilə heç bir əlaqəsi olmayan nəzəri-emosinal arqumentlər irəli sürməklə, klassik cəbhəçi sayağı çıxışlar, sadə desək, cəbhəşüvənlik edirlər.

Başlayaq oradan ki, hazırda partiyanın sədri İlqar Məmmədov da daxil olmaqla, 3 nəfər tanınmış üzvünün seçkidə iştirak etmək hüququ yoxdur. Bilirsiniz, bəzən elə situasiyalar olur ki, “absurd” sözü çox yumşaq səslənir, başqa uyğun kəlmə tapmağa isə çətinlik çəkirsən. Bax, bu, məhz həmin situasiyadır. Seçkidə iştirak etmək hüququ olmayan İlqar Məmmədov məntiqlə, hamıdan qabaq özü onu boykot etməli idi; amma əksinə, boykot edənləri pisləyir və seçkiyə getməyə çağırır. Bu, artıq siyasi sürrealizmdir, tragikomediyadır, elə bir farsdır ki, onu başa düşmək üçün türkiyəlilər demiş, ərəb olmaq lazımdır.

Təsəvvür edin, bir dəstə toplaşıb, məsələn, Amsterdama getmək istəyir. Dəstənin bir qrup üzvü deyirlər ki, orada haranı desəniz, gəzərik, bircə “Qırmızı fənərlər” küçəsinə getməyək. Bu dəstədə tutaq ki, müalicə səbəbindən cinsi qabiliyyətini müvəqqəti itirmiş 5-6 nəfər isə özünə əl qatıb, çığır-bağır salır ki, yox, mütləq “Qırmızı fənərlər” küçəsinə də getmək lazımdır. Axı, niyə? Əgər fiziki imkanınız yoxdursa, gedib, orada nə edəcəksiniz?!

Bax, “Real” indi həmin o 5-6 nəfərin vəziyyətindədir. Üç üzvünün seçkidə iştirak hüququ olmayan partiya seçkini boykot edən digər partiyanı pisləyərək, seçkidə iştiraka çağırırsa, bu, Azərbaycanın nə qədər anlaşılmaz bir ölkə olduğunu göstərir. Zarafat bir qırağa, “Real”ın bu günə qədər gətirdiyi arqumentlərin hamısı ilə tanışıq, amma onların heç biri məntiqin anasının bu qədər ağladılmasını anlamaq üçün yetərli deyil. Əgər bu partiya bütün gücü ilə 3 üzvünün səsvermə hüququnun bərpa olunması üçün kampaniya aparsaydı, biz ən azından, onun məntiqini başa düşərdik. İndi isə görünən budur ki, “Real” sadəcə, ağına-bozuna, məntiqinə-məntiqsizliyinə baxmadan, öz missiyasını həyata keçirir, həmin missiya isə Milli Şuranı haqsız çıxarıb, gözdən salmaqdır. Ya Real, sadəcə, bu istiqamətdə aldığı sifarişi icra edir, ya da başqa heç cür, heç bir məntiqlə onların “seçki-seçki” deməsini izah etmək mümkün deyil.

Amma bunu da qırağa qoyaq. Seçkiyə getsə, “Real” axı nə qazana bilər ki, onun üçün çay gəlməmişdən çırmanıb, cəbhəçiləri tapdalayırlar? Hazırda Real – siyasi partiya yox, daha çox həvəskar kabinet siyasətçilərindən ibarət siyasi klubdur; yəni yığışırlar, hadisələrə münasibətlərini bildirirlər, status yazırlar, arada canlı yayım edirlər, hansısa qərarlara gəlirlər, amma bütün bunların arxasında sosial baza, elektoral və digər resurslar dayanmır. Məhz bu məqamda siyasi klub ilə siyasi partiya bir-birindən ayrılırlar. Yazılan statusu “like” edən 3-4 yüz nəfər elektoral baza deyil.

Bu kvazipartiyanın rəhbərlərinin son açıqlamalarından belə anlaşılır ki, onlar həm də sonradan Avropa qurumlarına şikayət etmək üçün seçkiyə qatılırlar. Maraqlı fikirdir, amma o şikayəti edəndə arada köynəyinizin qolu ilə gözlərinizi silməyi də unutmazsınız.

Vüsal Məmmədov
Azvision.az

Digər videolar