Dəliyə yel ver, Əlinə bel, yaxud, Kərimli niyə “qızışıb”? – VİDEOKÖŞƏ

08:45     16.10.2019     3009



Buradaca dayanaq. Kərimli atacaqları addımın qeyri-qanunu olmadığını ərz edir. Belədirmi? Söhbət qanundan gedirsə, bunu dəqiqləşdirməyin ən yaxşı yolu elə qanuna baxmaqdır. Sərbəst toplaşma azadlığı haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin 3-cü bəndində mitinqlərin keçirilməsin qadağan oluna biləcək yerlərin siyahısı verilib. Onun ikinci yarımbəndində oxuyuruq: “...hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının... mühafizə zonalarında”. Yəni metronun qarşısında mitinq təyin etməklə, Kərimli artıq indidən qanunu pozmuş olur.

Onun son yayımda hökumətlə ultimatum dilində danışması və icazəsiz aksiyaya çağırış etməsi nədən irəli gəlirdi?! Axı bu, həmin adamdır ki, düz 8 dəfə “Məhsul” stadionunda mitinq müraciətinə rədd cavabı almış və hər birindən sonra da sakitcə yerində oturmuşdu. Yəni dövlətlə bu dildə danışmağa cəsarəti çatan biri deyildi. Qorxaq, çox vaxt təyin etdiyi aksiyalara özü gəlməyib başqalarını qabağa verən adamdır. Bəs indi niyə belə cəsarətlənib və meydan sulayır?

Versiyalardan biri kimi düşünmək olar ki, şəhərin mərkəzində 8 oktyabr piketinə icazə verilməsi Kərimlini cəsarətləndirib və bu cür coşdurub. O, fikirləşməyə başlayıb ki, əgər uzun illər sonra hakimiyyət müxalifətə şəhərin mərkəzində aksiya keçirməyə izn veribsə, demək, nəsə olub. Və həmin “nəsə” 18 oktyabr mitinqində də özünü göstərə bilər.

Bilirsinizmi, bunlarda belə xasiyyət var – elə bilirlər ki, bütün qalaktika keçirdikləri aksiyalarının ətrafında fırlanır. Yanvarın 19-da bir mitinq keçirmişdilər, az qala ölkədə gedən bütün proseslərin səbəbini həmin mitinqdə görməyə başladılar. Təxminən belə çıxırdı ki, son 500 ildə Azərbaycanda 19 yanvar mitinqindən önəmli heç nə olmayıb. Bu cür qafaya malik insanlar 8 oktyabr piketini də son əsrin ən böyük hadisəsi kimi qəbul edib, eyforiyaya düşə bilərlər.

Elədirsə, çox nahaq yerə. Bir piketdən həvəslənib, insanları polislə qarşıdurmaya sövq etmək Əli Kərimlinin sonuncu dəhşətli səhvi olardı. Bəs niyə sonuncu? Çünki bu səhv onun siyasətçi kimi sonunu gətirib, uzun və mənasız karyerasına yağlı bir noqtə qoyacaq. İnsanları güdaza verməyə heç kimin haqqı yoxdur. Əli Kərimli isə hər yolla məhz buna çalışır.

...Yox, bu adama doğrudan, nəsə olub. Youtube yayımında Sevinc Osmanqızının qabağında tilpaşlıq eləmək bir şeydir, real meydanda real polislə üzləşmək isə tamam başqa. Və ikincisi qətiyyən Əli Kərimliyə görə deyil. Buna biz yaxın tarixdə dəfələrlə əmin olmuşuq.

Belə variant da istisna deyil ki, o, bütün bunlarla özünün həbs edilməsinə çalışır. Görünür, məhz indiki anda Azərbaycanın üstünə ciddi hücuma keçmək kimlərəsə bərk lazım olub. Məsələn, dövlət başçısının iki beynəlxalq tədbirdə Ermənistana vurduğu diplomatik zərbələrdən sonra erməni diasporu, dövləti, lobbisi çox istəyərdi ki, Azərbaycanı biabır etmək üçün əllərinə yaxşı fürsət düşsün. Bakının mərkəzində polislə toqquşma və radikal müxalifətbaşının həbsi bu baxımdan əla fürsət ola bilər. Bütün dünya mediası o dəqiqə ermənilərin atdığı pas ilə Azərbaycanda avtoritarizm haqqında nağıllar tirajlamağa başlayacaq. Maraqlıdır ki, Əli Kərimlinin radikallaşması da məhz Soçi və Aşqabaddakı hadisələrdən sonra baş verdi. Demək, bu haqda ciddi düşünməyə dəyər.

Vüsal Məmmədov
Azvision.az

Digər videolar