Akif Əlizadə: “Boş-boş gəzməyi, danışmağı, gülməyi sevmirəm” - MÜSAHİBƏ (VİDEO)

16:38     04.03.2020     24221

Geoloq alim əməkdaşlarımızı Səməd Vurğundan bir bənd şeir deməklə qarşılayır:

Hər gülə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən – dən…


Və əlavə edir:

- Azərbaycan və rus dilində o qədər şeir bilirəm. Biz məktəbdə oxuyanda poeziyaya, ədəbiyyata sevgini öyrədiblər, tövsiyyə ediblər. Mən rus bölməsində təhsil almışam. Tapşırıq verirdilər ki, bu şeiri əzbərləsəniz, sizə 5 yazacağıq. Bütün bəndləri əzbərləyib dərsə gedirdim. Şeiri əzbərdən deyirdim, beşimi də alırdım. Beşləri yığıb axırda gümüş medala sahib oldum.



- Akif müəllim əslində doğum gününüzdə söhbətləşməyi və sizi təbrik etməyi planlaşdırmışdım. Həmin vaxt alınmadı. Amma fərq etməz, mən yenə də söhbətimizə yeni yaşınızla bağlı sualla başlamaq istəyirəm. Deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, yaş zənginlikdir, yoxsa illərin toplusu?

- Əlbəttə, 86 il az yaş deyil. Yaşadığım günləri, illəri üst-üstə qoysam və hafizəmdə bir daha canlandırsam, bütün varlığımla, imkanlarımla, ürəyimlə, dərin guşələrdən gələn səslə, əlbəttə, bu 86 ildə doğma Azərbaycanıma xidmət etmişəm. Yanılmamışam, xidmətlərim də əks-sədasını, bəhrəsini verib. Fəaliyyətim həyatıma bir platforma yaradıb. Ruslarda yaxşı bir söz var: "Həyat, mən səni sevirəm, ümid edirəm ki, bu qarşılıqlıdır”. Əsas o deyil ki, sənin yaşın 86-dır. Əsas odur ki, sən 86 ili necə yaşamısan. Heab edirəm ki, mən bu illəri ləyaqətlə yaşamışam.

- İnsan ömrünün elə bir çağına çatmısınız ki, geriyə boylanmaq, bu vaxta qədər yaşananlara nəzər yetirmək, xatirələrə dalmaq və onu qələmə almaq vaxtıdır. Elm və insan amilini özündə birləşdirən, həyatınız və fəaliyyətiniz haqqında bir kitab yazmaq istərdinizmi?

- Mən indi keçmişə qayıtmaq istəmirəm. Çünki keçmişdə olan elə orada qalır. Hər bir yaradıcı insan öz fəaliyyəti zamanı nəsə yaratmalıdır. Hesab edirəm ki, yaşadığım illərdə imkan dairəsində mən də nəsə yarada bildim. Əsas odur ki, 86 yaşında uzağa baxasan. İrəlini görəsən. Mən 64 il ərzində akademiyanın binlarında çalışmışam. İndi isə özüm üçün bilmək istəyirəm ki, gələcək akademiyanı Akif müəllim necə görür? Bəlkə də bu haqda yazacam. Çünki zaman dəyişir və elmin həyata, cəmiyyətə münasibəti, onların da elmə münasibəti konvergensiyadadır. Bir-birinə təsirdədir. Mən akademiyada laborant vəzifəsindən prezident vəzifəsinə qədər yüksəldim. Hesab edirəm ki, bu gün təcrübəm və mənim püxtələşmə səviyyəm imkan verməlidir ki, akademiyanın gələcəyini, 2050-ci ildə olmağını görüm. AMEA haqqında bir kitab yazacağam. Sözün doğrusu, o haqda düşünərək ilk cizgiləri də özlüyümdə müəyyənləşdirmişəm.

- Keçmişdən, xatirələrdən söz düşmüşkən soruşmaq istərdim ki, necə uşaq olmusunuz? Məsələn, dəcəl idinizmi? Biz sizi həmişə elm adamı kimi tanımışıq. İnsani tərflərinizi də bilmək maraqlı olardı.

- Bizim ailəmizdə həmişə nizam-intizam olub. Babam Axund ağa Əlizadə Azərbaycan cumhuriyyətində və sonralar sovetlər dövründə şeyxülislam olub. Atam və anam da savadlı idilər. Ailəmiz elm və təhsillə fərqlənirdi. Bu istiqamətləri üstün tuturdular. Bütün bunlar mənə əhəmiyyətli dərəcədə təsir edib. Uşaqlıqda, gənclik dövründə özümüzü tam sərbəst hiss etmişik. Bunun da nəticəsində biz həyat cədvəlimizi elə qurmuşduq ki, hər şey öz yerində və vaxtında nizamla olurdu. Çox nadir hallarda qaydaları pozardım. Dərhal deyirdim, bu düz olmadı, gəl həyat yoluna qayıt. Bir sözlə, həyatım rejimli, nizamlı, intizamlı olub. Bizim ailədə boş vaxt anlayışı yox idi. Nə iləsə məşğul olmalı idik. Babamın belə bir vəsiyyəti var idi:” Nə edirsinizə edin, bir mətləbə, bir məqsədə xidmət edin. Ayrı-ayrı istiqamətlərə bölünməyin. İstər pinəçi, istərsə də alim olun, amma yaxşısından olun".

- Ailəniz öz genetik kökləri ilə respublikanın bir çox görkəmli şəxsləri ilə bağlıdır. Onlardan Azərbaycan xalqının ən məşhur və sevilən seyidlərindən biri Ağa Seyidəli Mirmövsümzadənin adını çəkmək olar. Mir Mövsüm ağanı görmüsünüzmü? Yadınıza gəlirmi? Onun haqqında fikirləriniz maraqlıdır.

- Mir Mövsüm ağanın bacısı mənim nənəmdir. Şeyxülislam Axund ağa Əlizadə Nəcəfdə Mövsümzadənin böyük qardaşı Seyid ağa ilə birlikdə oxuyub. Onlar arasında qardaşlıq münasibəti olub. Seyid ağa ona deyib ki, Bakıya qayıdandan sonra bacımı sənə verəcəyəm. Və sözünə sadiq qalıb. Babam nənəm Zeynəb Mövsümzadə ilə evlənib. Bu nikahdan atam anadan olub. Zeynəb nənəm atamın 3 yaşı olanda xəstəlikdən vəfat edib. Mən uşağ olanda atamla Mir Mövsüm ağanın evinə gedirdim. İndi də gözümün qabağındadır. Simasında, gözlərində qəribə bir sevgi var idi. Mənim başımı sığallayıb, gülə-gülə bir-iki kəlmə deyərdi. Danışığı çətin başa düşülürdü. Ancaq biz öyrəşmişdik.

O evdə böyük bir inam var idi. Nəinki İslam dininə sitayiş edənlər, başqa dinin nümayəndələri də ona seyid kimi çox inanırdılar. Eşitdiyimə görə, rus matrosları Qara dənizdə müharibə vaxtı batma təhlükəsi olanda Mir Mövsüm ağanın cəddinə sığınıblar. Daha sonra belə bir məlumat da var ki, “çekist”lər onu aparıb sorğu -sual etmək istəyəndə maşınlar yerindən tərpənməyib. Belə söhbətlər var, amma öz gözümlə görməmişəm.

- Akif müəllim, Azərbaycan elmində hansı nailiyyətlər baş verərsə, ürəyinizin sarı simini tərpədər?

- Azərbaycan elmində bu gün çox ciddi problemlərdən biri də kadr çatışmazlığıdır. Azərbaycan elmi yaşlanıb. Yəni elmimizi təmsil edən alimlər yaşlıdırlar. Akademiyamızın institutlarında yaşlı nəsli əvəz edən gənc nəsli tapmaq çətin olur. Buna da əsas təsir edən 90-cı illər oldu. SSRİ dağılandan sonra dərhal bütün əlaqələr qırıldı. Bu zaman elmdə digər sahələr kimi böyük itkilər oldu. İşsizlik baş verdi, gənc alimlər və istedadlılar xaricə üz tutdular, biznes sahəsini seçdilər və başqa bir istiqamətə yönəldilər. Sovetlər vaxtı yaranmış ənənə dərhal pozuldu. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu lap dağılmış olardı və bərpa etmək mümkün olmayacaqdı. Heydər Əliyev deyirdi ki, akademiya yaşamalıdır. Akademiya yavaş-yavaş bərpa olundu. İndiki akademiya əlbəttə, çox qüvvətli bir qurumdur, burada çox yaxşı kadrlar var. Amma gələcək üçün gənc kadrlar hazırlığında çətinliklər ola bilər. Buna görə də təhsil ilə elmin inteqrasiyası çox vacibdir. Elm təhsilə öz imkanlarını verməlidir, təhsil də elmə cavan kadr verməlidir. Bunlar bir-birindən ayrılmamalıdır, gələcəkdə şərikli inkişaf etməlidir. Deyirlər, xaricdə elm universitetləri inkişaf edir. Bəli, elədir, əsas etibarı ilə universitetlərdədir. Bizdə isə elmimiz akademiya istiqamətində inkişaf etdi. Bunu dərhal ləğv edib, hamısını universitetlərə verməyin özü böyük bir fəlakət olar. Elə bir nöqtə tapmaq lazımdır ki, bu iki vacib humanitar istiqamət şərikli inkişaf etsin. Yalnız o zaman mümkün olar ki, elm tədricən qismən universitet tərəfə gedər. Akademiya da görərik necə inkişaf edər. Bax, buna evalyutsiya kimi baxmaq olar.

- Sizinlə bağlı müsahibəyə hazırlaşarkən haqqınızda yazılmış bu ifadələri oxudum: "Uğursuzluqları dəf etməkdə mətinlik, qeyri-adi məqsədyönlülük, şəxsi intizam, bekarçılıq və nizamsızlığa qarşı dözümsüzlük”. Çoxmu sərt insansınız? Maraqlıdır, tələbələriniz sizə yaxınlaşıb dərdlərini rahatca deyə bilirlərmi? Yoxsa sizi görəndə udquna -udquna qalırlar?

- Tələbələr mənə tam rahatlıqla yanaşırlar və tam rahatlıqla görüşürük. Onları sevirəm. Amma tələbə özü də nizamlı –intizamlı olmalıdır. Boş-boş gəzməyi, danışmağı, gülməyi sevmirəm. Gənclik qarşısına məqsəd qoysun və onun dalınca getsin. Gənc gəlib mənə deyəndə ki, Akif müəllim, mən elmdə inkişaf etmək istəyirəm. Mən ona canımı verməyə hazıram. Çalışıram elə kömək edim ki, elmdə pillə-pillə qalxsın, zirvələri fəth etsin. Belə tələbələr indi də var. Prezident vəzifəsində çalışanda da akademiyanın gənclərini elmi və sosial imkanlar baxımından dəstəkləyirdim. Mənim bir ideologiyam var, əgər imkanın varsa, yaxşılıq, hörmət et, yalnız o yadigar qalır.

Xoşum gəlir ki, gənc yaxşı geyinsin, nizamla danışsın, öz ideya və fikirlərini düz ifadə edə bilsin.

- AMEA prezidenti olan dövrdə işləriniz çox idi. İndi yəqin ki, bir qədər azalar. Ailəniz, nəvələrinizlə vaxt keçirə bilirsinizmi? Həmin vaxtlar şikayətlənirdilərmi sizdən?

- Mən ailəyə kifayət qədər vaxt ayırıram. Nəvələrim oxuyublar, ailə qurublar. 5 nəvəm, 4 nəticəm var. İkisi qız, ikisi oğlandır. Oğul arxadır, qız da yaraşıqdır. Nəticəmin ən böyüyünün 10 yaşı var.

- Onları gəzməyə aparırsınızmı? Birlikdə necə vaxt keçirirsiniz?

- Açığını deyim ki, buna vaxt çatmır. Onları valideyinləri və digər babaları aparır. Əlbəttə, imkan olduqca yanlarında oluram.

- Bütün hallarda siz babasınız. Hər ayın axırı, maaşda, təqaüddə nəvə-nəticələrin payını ayırırsınızmı?

- Onların payı var. İmkan daxilində onlara maddi və mənəvi baxımdan kömək edirəm. Nəvələr Moskvada, Brusseldə, Amerikada və Bakıda yaşayırlar.

- Onlar doğum gününüzdə sizi necə təbrik etdilər?

- Hamısı doğum günümü yada saldılar. Hətta Moskvada yaşayan 4 yaşlı nəticəm də təbrik etdi. Nəvə, nəticə şirin şeydir. Burada psixoloji məqam var. Görünür, insan nəvədə, nəticədə yenə də öz həyatını davam edir. Yəni onlarla birlikdə sənin də həyatın davam edir. Sevgi ondandır.

Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda кəкliкlər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəкli bağlar,
Mən bu tamaşadan nеcə əl çəкim ?


Həyatın tamaşasından insan həqiqətən əl çəkə bilmir.

- Bildiyimə görə 14 yaşınızdan idmanla məşğul olursunuz. Bəlkə də yaşınıza görə çox cavan və şux qalmağınıza səbəb budur.

- Hər gün səhər 6-da yuxudan durub idmanla məşğul oluram. Bu ənənəni pozmuram. Həyətimizdə ağaclı, çiçəkli sahədə idman edirəm. Daha çox yeriyirəm. Hərdən həvəsim olmur, amma iradəm güc gəlir. Qara, yağışa, fırtınaya, küləyə baxmıram. Yoldaşım bəzən mənə deyir ki, sənin tezdən durub getməyə həvəsin var? Mən səni başa düşmürəm. Deyirəm, əlbəttə, məni başa düşmək çətindir. Mənim idman gimnasitikası üzrə 1-ci İdman dərəcəm də var idi. Yəhudi idman müəllimim deyirdi ki, yaşın artdıqca idmanı da o səviyyədə apar. Əvəllər bədənimi gücə salardım. Tədricən azaltdım. İndi balaca bir səhər idmanı kifayət edir.

- İnsanın nəvə, nəticəsini sevməsinin səbəblərindən biri onun da həyatının davam etməsi olduğunu dediniz. Çünki həyat çox şirindir. Bəs kefiniz, əhvalınız, səhhətiniz həyatın dadını çıxarmağa imkan verirmi?

- Əlbəttə. Hafizəmdə var ki, balalarım, nəvələrim filan yerdə çalışırlar, özlərini çox gözəl mütəxəssis kimi göstərə biliblər. Bu, mənim üçün baş ucalığıdır. Mənim bacım ağır eşidirdi, danışmasında problem var idi. Atam belə bir vəsiyyət etmişdi ki, bacınız dilsiz, ağızsızdır, ondan muğayat olun. Onun balaları, nəvələri də mənim hafizəmdədir, mənimdirlər. Mən bunlar haqqında yaxşı sözlər eşidəndə kefim yerində olur.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az

Digər videolar