AzVision: Həftənin real təhlili - VİDEO

16:38     24.08.2020     26165

Sizi verilişin şənbə günü efirə gedən buraxılışına baxmağa dəvət edirik:



Bu həftə daha bir icra hakimiyyətinin başçısı qanunun və Yeni Azərbaycan qurma siyasətinin sərt üzü ilə qarşılaşmalı oldu. İndi də Kürdəmirin icra başçısının şəxsində gördük ki, bu ölkədə yumşalmayan ancaq bir dəmir var, o da Qanundur. Yerdə qalan hər kəs gec-tez “Adın nədir? – Daşdəmir” dialoqunun nəticəsini öz üzərində aınaqdan keçirməli olacaq.
Amma artıq qanunauyğunluğa çevrilən bu korrupsioner məmur həbslərində insanı düşünməyə sövq edən maraqlı bir məqam da var. O da budur: Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov ölkədə öz kabinetindəcə isti əllə tutulan və illərlə özünü sahibi-ixtiyat kimi apardığı kabinetindən biabırçılıqla çıxarılan birinci icra başçısı deyil. Heç ikincisi də deyil. Hətta üçüncüsü, dördüncüsü də. İstər-istəməz sual doğur: Ölkədə biabırçılıqla kabinetində həbs olunan bu qədər icra başçısı olduğu halda, niyə hələ də icra başçıları kabinetlərində biabırçılıqla həbs olunmaqda davam edirlər?! Yəni həmin köhnə əməllərinə niyə son qoymurlar? Bu adamlar baş verənlərdə heçmi nəticə çıxarmır, ibrət götürmürlər?
Bu suala cavab axtaracağıq, amma gəlin, əvvəlcə bir yerdə xatırlayaq ki, buna qədər daha necə icra başçısı korrupsiya üstündə öz kabinetilə ləyaqətsiz formada vidalaşmışdı.

***

Göründüyü kimi, ibrət götürmək üçün gözü çıxmış kifayət qədər qardaş var. Bəs o ibrət niyə götürülmür?
Bunun bir neçə səbəbini ehtimal etmək olar. Əvvəla, belə görünür ki, bəzi məmurlar hələ də baş verən prosesin mahiyyətini və ciddiliyini anlamırlar. Elə bilirlər ki, bu, bir kampaniyadır, müvəqqəti dalğadır ki, onlara çatmamış yatacaq. Və yaxud, sosial mediada, radikal saytlarda yürüdülən siyasəti təhrif etmək üçün bu cür versiyalar irəli sürülür ki, baş verənlər ay nə bilim, “klanlararası müharibə”dir, “lazımsız fiqurları vurmaq üçündür”, filan-bəsməkan… Nəticədə bəziləri həqiqətən də elə düşünürlər ki, yəqin, bu prosesin sonu tezliklə çatacaq. Amma hadisələr əksini göstərir. Hadisələr göstərir ki, bu proses artıq institutsionallaşdırılıb və demək, yeni keyfiyyətdə davam edəcək. Fikir verdinizsə, əvvəlki icra başçılarının həbsində əsas fiqura və sosial şəbəkədə də memə çevrilən “maskalı qaqaş” bu dəfə yox idi. Kürdəmirin icra başçısını Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ifşa və həbs etdi. Yada salaq ki, ölkənin indiki baş prokuroru da əvvəlcə məhz bu quruma rəhbərlik edib. Demək, yeni baş prokurorun nəzarəti altında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yenidən formatlanıb, əsas missiyasını həyata keçirmək üçün optimallaşdırılıb, müttəhərrikləşdirilib, funksionallığı artırılıb və indi öz birbaşa işini özü görməkdədir. Bu isə o deməkdir ki, həmin xəttin davamı gələcək. DTX-nın metodları bir qədər fərqli ola bilər. Amma Korrupsiyaya qarşı mübarizə baş idarəsinin bu işi daha sakit, fəqət daha da dərin görəcəyinə heç bir şübhə yoxdur.
Korrupsiya ilə mübarizə kifayət qədər mürəkkəb sahədir. Burada universal reseptlər yoxur. Hər xalq, hər ölkə özünə uyğun, öz reallığında işləyən və effekt verən modellər tapmalıdır. Tutaq ki, Norveç və ya Sinqapur modeli öz mühitində effektiv ola bilər; amma biz gətirib onları Azərbaycanda olduğu kimi tətbiq etsək, hələ o demək deyil ki, mütləq nəticə verəcək. Azərbaycan bu sahədə özünün yolunu tapmalı, öz reallığında işləyən antikorrupsiya mexanizmini qurmalıdır. Biz məhz bu istiqamətdə və gedirik və yəqin ki, yaxın gələcəkdə nəticələr də olacaq. İndi bu mövzunu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yetkililərindən biri ilə davam etdirəcəyik.

***

Korrupsiya hansısa ölkədən, orada demokratiyanın vəziyyətindən, siyasi institutların necə işləməsindən birbaşa asılı deyil. Məsələn, ABŞ prezidenti Donald Trampın ideoloji məsələlər üzrə sağ əli olmuş Stiven Bennon bu həftə həbs edildi. Səbəb budur ki, Bennon 3 ortağı ilə birlikdə Meksika sərhədində divar tikmək üçün yığılmış 25 milyon dolların azı 1 milyonunu cibinə qoyub. Onlar “We Build The Wall” - “Biz divar tikirik” hərəkatına pul yığmaq üçün kampaniyanı “Sən əbədi yaşamayacaqsan, amma sənin kərpicin yaşaya bilər” – yəni təxminən bir növ bizim “tikdim ki, izim qala” şüarı ilə aparırdılar. Kim 100 dollardan çox versə, Meksika ilə sərhəddə tikiləcək divarın daşlarının birinin üstünə onun adı yazılırdı. İroniyaya baxın: “Sən əbədi yaşamayacaqsan” deyə bağıran adamlar sanki əbədi yaşayacaqmışlar kimi, xalqın pulunu ciblərinə qoyurmuşlar.
Göründüyü kimi, ABŞ da daxil olmaqla, güclü-zəif heç bir dövlət korrupsiya bəlasından sığortalanmayıb. Önəmli olan onunla dayanmadan mübarizə aparmaq, dövlətə vura biləcəyi ziyanların qarşısını mümkün qədər tez almaq, vurduğu ziyanın isə nəticələrini aradan qaldırmaqdır. Məsələn, yaxın keçmişdə korrupsiya və məmur yarıtmazlığı Azərbaycanın enerji sisteminə belə bir ziyan vurmuşdu. Amma onun özü də, nəticələri də çox qısa müddətdə aradan qaldırıldı.

***

Prezident İlham Əliyev:
- Bütün bu müsbət nəticələrə baxmayaraq, onu da qeyd etməliyəm ki, əfsuslar olsun, əvvəlki dövrlərdə tikilmiş stansiyaların, o cümlədən bizim və Cənubi Qafqazın ən böyük stansiyası olan “Mingəçevir” İstilik Elektrik Stansiyasının istismarı dövründə böyük və kobud səhvlər buraxılmışdır. Vaxtında təmir işləri aparılmamışdır. Stansiyaların müasirləşdirilməsi ilə əlaqədar heç bir addım atılmamışdır. Sovet dövründə tikilmiş stansiyalar tənəzzülə uğradı və eyni zamanda, 2004-cü ildən bu günə qədər tikilmiş stansiyalarda da generasiya gücləri böyük dərəcədə itirilmişdir. Məhz səhlənkarlıq, məsuliyyətsizlik və kobud səhvlər nəticəsində iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasının yarımstansiyasında qəza baş verdi və böyük fəsadlara gətirib çıxardı. Ondan sonra dərhal operativ tədbirlər görülməyə başlanmışdır. “Azərenerji”nin rəhbərliyi dəyişdirildi və mən göstəriş vermişdim ki, bizim bütün enerji sistemimiz ciddi təftiş edilsin. Bu təftiş nəticəsində çox xoşagəlməz mənzərə üzə çıxdı. Qeyd etdiyim kimi, məhz məsuliyyətsizlik və laqeydlik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəymişdir. Ancaq operativ tədbirlər, görülmüş işlər və ayrılmış vəsait nəticəsində biz cəmi iki il ərzində bu sahədə çox ciddi irəliləyişə nail ola bilmişik və itirilmiş generasiya gücləri bərpa edilmişdir.

Bu sözləri cənab Prezident Qobuda deyib. Orada hazırda ötürücü yarımstansiyanın tikintisi gedir, eyni zamanda, 385 meqavatlıq yeni Elektrik Stansiyasının təməli qoyuldu. Bu, nə üçün önəmlidir?
İstənilən iqtisadiyyatın inkişaf edə bilməsi üçün ilkin 3 vacib start şərti var: İnvestisiya, infrastruktur və enerji. Enerji hər şeyin əsasıdır. Əhali çoxaldıqca enerjiyə təlabat təkcə ona görə artmır ki, insanlar elektriki daha çox işlədirlər. Artan əhali artan iş yerləri, artan iş yerləri isə enerjiyə artan təlabat deməkdir. Yaxın illərdə ölkədə bir neçə böyük qeyri-neft sənayesi obyektləri fəaliyyətə başlayacaq. Ələt yaxınlığında “Azad İqtisadi Zona” yaradılır. Bunların hamısı isə əlavə enerji gücü tələb edir. Bu, işin bir tərəfi.
Digər tərəfdən, Bakı kimi meqapolisdə elektriklə dayanıqlı və kəsintisiz təminat ölüm-dirim məsələsidir. Yadımdadır, mən balaca olanda işıqlar çox tez-tez sönürdü, saatlar, bəzən günlərlə yanmırdı və bu zaman dünya dağılmırdı. Onda Bakı hələ meqapolis deyildi. Amma indi hər şeyi qırağa qoyub, təkcə hər saniyə yüzlərlə insanın liftlərdə düşüb-qalxdığını nəzərə alsanız, vəziyyətin ciddiliyi aydınlaşar (Məsələn, mən bir dəfə uşağı boynuma mindirib, 17-ci mərtəbəyə piyada qalxmışam). Halbuki, artıq digər şəhərlərdə - məsələn, Sumqayıtda, Xırdalanda da xeyli hündürmərtəbəli binalar tikilib. Ona görə də, Abşeronun elektriklə dayanıqlı, kəsintisiz təminatı son dərəcə vacib məsələdir. Hazırda bu funksiya 500 kilovoltuq “Abşeron” yarımstansiyasının üzərinə düşür. O, sözün həqiqi mənasında ölkənin ən strateji yarımstansiyasıdır. Amma onun həm yükünü azaltmaq, həm də ehtiyat variant kimi əvəzedicisini yaratmaq lazım idi. “Qobu” yarımstansiyası bu istiqamətdə atılan böyük bir addım olacaq.

Azərbaycanda artan təkcə elektrik enerjisi istehsalı deyil. Artıq ilin 7 ayının yekunları bəllidir. Bu 7 aydan 5-i karantin şəraitində keçib. Bütün dünya iqtisadiyyatı bunun fəsadlarını yaşamaqdadır. Amma Azərbaycanda, maraqlıdır ki, 8 ayından 5-ni karantində keçirdiyimiz ildə belə, bəzi nəticələr heyrət doğurmaya bilmir.

Prezident İlham Əliyev:
- Eyni zamanda, sənaye istehsalı da artmaqdadır. Hətta bu il qeyri-neft sektorunda sənaye artır. Deyə bilərəm ki, pandemiyanın demək olar bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq və hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10-15-20 faiz səviyyəsindədir, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət hesab edirəm, qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıbdır. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Bax, budur, bugünkü Azərbaycan reallıqları.

Bu, dünyada ən yaxşı göstəricilərdən biridir. Ona görə də, dünya ölkələri koronovirusa getdikcə artan gündəlik yoluxma sayına baxmayaraq, təkrar qapanmaya getmək istəmirlər. Maraqlı və qəribə mənzərə yaranıb. Niyə? Səbəbini anlamaq üçün “Böyük yeddilik” ölkələrindəki vəziyyətə baxaq. Ən pis göstəricinin qeydə alındığı Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, ikinci rübdə ümumi daxili məhsul 20,4% azalıb. Bu, artıq texniki tənəzzül deməkdir. “Böyük yeddiliyə” daxil olan digər ölkələrlə müqayisə edəndə belə bir mənzərə açılır.

İlin ikinci rübündə G7 ölkələrində ÜDM-in azalması
(Birinci rüb ilə müqayisədə)
Böyük Britaniya - 20,4%
Fransa - 13,8%
ABŞ - 9,5%
Almaniya - 10,1%
İtaliya - 12,4%
Kanada - 12%
Yaponiya - 7,6%.

İlin birinci rübü ilə müqayisədə ikinci rübündə Fransada ÜDM 13,8%, ABŞ-da 9,5%, Almaniyada 10,1%, İtaliyada 12,4%, Kanadada 12%, Yaponiyada 7,6% azalıb. Əsasən buna görə dünya ölkələri koronavirusa yoluxmaların artmasına baxmayaraq, sərt məhdudiyyətlərə getmək istəmirlər. Bu zaman iki budaqdan yapışırlar: 1) Xəstəxanalarda boş yerlər çoxdur və 2) Vaksinin hazırlanmasına az qalır.

***

Azərbaycanda koronovirusla bağlı vəziyyəti bir sözlə qısaca belə təsvir etmək olar: Nəzarətdədir. Bəli, təəssüf ki, yoluxmalar yenidən artmağa başlayıb, amma bu artımın özü də nəzarətdədir. Məhz ona görə Operativ Qərargahın dünənki brifinqində növbəti yumşaldılmalar haqqında heç bir anons verilmədi. Bizdə əsas olan insan həyatlarını qorumaqdır. Bu məqsədlə hələ ki yenidən sərtləşdirməyə heç bir ehtiyac yoxdur, amma təəssüf ki, bizim davranışlarımız yumşaldılmaları da sual altında qoyur.
Mən ictimai nəqliyyat istifadəçisiyəm. Və hər dəfə avtobusda maskanı ancaq ağzına taxib, burnunu açıq qoyan insanlara, başqa sözlə, sərnişinlərin azı 60-70 faizinə baxanda bilmirəm, nə fikirləşim. Niyə belə edirik? Kimi aldadırıq? Artıq avtobus sürücüləri də buna reaksiya vermirlər, necə deyərlər, başını buraxıblar. Nə etməliyik? Hər dəfə avtobusa minməyimiz ən yaxşı halda əsəb, pis halda dava-dalaşlamı yekunlaşmalıdır? Hansı dildə, necə, nə formada başa salaq?
Tarixin müxtəlif dövrlərində müxtəlif qruplara, dəstələrə verilən maraqlı adlar olub – məsələn, “dəmirböyürlülər”, “yumrubaşlar”... Azərbaycanda ictimai yerdə ətrafa boylananda mənə hər dəfə elə gəlir ki, bu insanlara “çənəsimaskalılar” adı qoymaq olardı.
Maskanı ancaq ağzına taxıb, burnunu açıq qoyanlara elə gəlr ki, onlar hansısa formada qanunun böyründən balıq kimi sivişib keçməyin yolunu tapıblar. Ay-hay. Çayda balıq yan gedər.
Bu insanlar hələ də başa düşmürlər ki, “qanunun ruhu” nə deməkdir. Məsələn, dində deyilir ki, qadının saçının görünməyi günahdır. Və dindarlar əllərindən gələni edirlər ki, qadınlarının saçı görünməsin. Çünki dinin qanunları belədir. Yayın cırhacır istisində belə, dindar qadınlar hicabla gəzirlər. Səbəbini soruşan, deyirlər ki, “cəhənnəm daha istidir”. Lap yaxşı, etirazımız yoxdur. Amma nəzərə alsaq ki, bizdə də əhalinin əksəriyyəti müsəlmandır, soruşmaq istəyirsən: yaxşı, həmin o daha isti cəhənnəmdə başqalarını virusa yoluxanlar üçün heç bir yer nəzərdə tutulmayıbmı? Bu, heçmi günah deyil?! Hansısa bir dini lider fətva versəydi ki, mütləq maskanı burunu da tutacaq şəkildə taxmaq lazımdır, inanın, insanların çoxunun burnu maskanın altında olacaqdı. Yaxşı, bəs qanun və vicdan da ən azı dini fətva qədər əhəmiyyətli olmamalıdırmı?
Söhbət bu yerə gəlmişkən, Məhərrəmlik ayıdır. Yəqin ki, şiə vətəndaşlarımız açıq və çox kütləvi olmasa da, müxtəlif formalarda kollektiv ayinlər keçirəcəklər. Mən bilmirəm, dində başqa insanları infeksion xəstəliklərə yoluxdurmağın günah olması haqda hökmlər, fətvalar varmı?! Varsa, onları təkrarlayıb təbliğ etməyin, yoxdursa, verməyin vaxtıdır. Dini liderlər inananlara müraciətlə maskanı tam, burunu da tutacaq şəkildə taxmağın vacibliyini bəyan etməlidirlər. Və təkcə dindarlar üçün dini ayin zamanı yox. Hamı üçün, başqa insanların olduğu hər yerdə.
Söhbət tək bizdən də getmir. Bayaq süjetdə adı çəkilən Güney Koreyada “Saran Çeil” adlı kilsənin keşişi Çon Qvan Xunu məsuliyyətə cəlb olunub. Çünki onun kilsəsinə toplaşan insanlar təcrid qaydalarını pozmaqla virusun yayılmasına səbəb olublar.
Digər tərəfdən, Güney Koreya prezidenti Mun Çje İn mitinqə qatılan insanların davranışına şəxsən münasibət bildirərək, feysbuk səhifəsində yazıb: “Bütün ölkədə insanlar aksiyalara çıxıb, virusu başqalarına ötürürlər. Çox ciddi vəziyyət yaranıb. Bu, koronavirusun qarşısını almaq üçün görülən bütün işlərin nəticəsini heçə endirən düşüncəsiz bir davranışdır”.
Həyatın ironiyasına bax ki, eyni vaxtda dünyanın o biri başında isə mitinqlər koronavirusla mübarizə üçün görülməyən bütün işlərin nəticəsini sıfıra endirirdi. Bəli, əlbəttə, söhbət Belarusdan və orada yaranmış qəribə, əcaib pat vəziyyətindən gedir.

***

Bu həftə Azərbaycanın media və sosial media məkanında ən çox müzakirə edilən məsələlərdən biri “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətli idi. Mən du məsəlyə meyxanaçıların “perestupnı mir” yaşayacaq hər zaman” patetikası ilə yanaşmaq istəməsəm də, başa düşürəm ki, insanın təbiəti belədir, qanunlar olduqca onları pozub, öz qanunları ilə yaşamaq istəyən bir antisosusim da olacaq. Və onlar öz dünyalarını yaradıb, orada öz haqq-hesablarını öz qanunları ilə çürüdəcəklər. Onu da başa düşürəm ki, sovet vaxtında KQB və MVD “qanunu oğru”lardan istifadə edib, kriminal aləmi nəzarətdə saxladığı kimi, bu gün də dünyada müxtəlif gizli strukturlar kriminal avtoritetlətlə mürəkkəb örkən-doğanaq münasibətlərini davam etdirirlər. Hətta onunla da barışmaq olur ki, kriminal dünyanın yolları bəzən bizim qanunlar dünyasının siyasəti və geosiyasətilə kəsişir. Amma mənim barışa bilmədiyim bir şey var ki, bütün bunları açıq müzakirə edib, kriminal liderləri qəhrəmanlaşdırıb, ülviləşdirməklə biz gənclərin şüuruna təsir baxımından necə böyük bir səhvə yol verdiyimizin fərqinə varmırıq.
Nəticədə bu gün minlərlə gənc kriminal aləmin nə olduğunu təsəvvür belə etmədən, “lotu” karyerası arzusu ilə yaşayır. Papağını yan qoyub, qanunlara yan baxır, qaranlıq dünyaya gedən yolları axtarır. Youtube-da hər deyişməsinə rahatca 3-4 milyon baxış gələn meyxanaçılar kriminal avtoritetləri mədh və vəsf edirlər ki, onların da ən çox izləyəni elə gənclərdir. Və həmin gənclər hansı arzular, hansı düşüncə ilə böyüyürlər - əgər bu, bizi narahat eləmirsə, çox nahaq yerə. Çünki biz kriminal dünyanın liderləri haqqında qəhrəman kimi, ləyaqətli, ədalətli, vicdanlı insan kimi danışdıqca, özünü onların yerində görmək istəyən gənclər də çoxalacaq. Korrupsiyanı söyüb, kriminal dünyadan gələn payı səxavət kimi qələmə verməklə normal cəmiyyət qurmaq mümkün deyil. Bu anormallığa son qoymaq üçün kriminal avtoritetlərdən Jan Valjan düzəltmək şakərinə son qoymaq lazımdır. Hətta onların arasında buna həqiqətən layiqliləri olsa belə! Çünki qaranlıq dünyanın qəhrəmanları ilə qaranlıqda da qalmalıdır. Bizim üçün bircə qəhrəman olmalıdır: Qanunlara yaşayan, onlara əməl edən, nə olursa-olsun, qanunu pozmayan vətəndaş.

Digər videolar