Əhmədovlar ailəsi: “Evimiz dağıdılsa da, 27 ildir açarını saxlayırıq” - VİDEO+FOTOLAR

15:03     03.12.2020     11603

Əsmər xanım bildirib ki, 27 il öncə çıxdıqları Kəlbəcərə yenidən qayıtmaq onun üçün sözlə ifadə olunmaz duyğudur.



“Atam Həbib Əhmədov rayonumuzun tanınmış ziyalılardan olub, müxtəlif vəzifələrdə çalışıb. Mən özüm orada coğrafiya fənni üzrə müəllimə işləmişəm. İki övlad anasıyam. Kəlbəcəri tərk edəndə 30 yaşım tamam olmamışdı. Hadisələr bir gecədə baş verdi. Biz rayonun içərisində heç vaxt güllə səsi eşitməmişdik. Təsəvür etmirdik ki, Kəlbəcər işğal oluna və oradan çıxıb gedə bilərik. Atam bizdə belə bir inam yardırdı ki, Kəlbəcər heç vaxt işğal oluna bilməz. Çünki ermənilər dəfələrlə çalışmışdlar ki, ora daxil olsunlar, amma bunu bacarmamışdılar. Ermənistanla bizim rayonun arasında “Sümüklü dərə” deyilən bir yer var. Hələ əsirin əvvəllərində oradan Kəlbəcərə girmək istəmişdilər. Camaatımız öz qüvvələri ilə onları geri oturtmuşdu. Amma bu dəfə vəziyyət fərqli idi. İnsanlar mühasirədə qalmışdı. Ağdərə yolu yox idi, Murov yolu isə hədsiz təhlükəli idi. Həmin anları xatırladqıca bir səhnə gözümün qabağına gəlir. Camaat rayonu tərk etmişdi. Mən isə həyəcandan ayaqlarım tutulduğuna görə helikopter stansiyasına gedə bilməmişdim. İlk dəfə rayonda güllə səsi eşidirdik. Toplar atılırdı. Atama dedim ki, erməniyə əsir düşməkdənsə, özümü öldürmək istəyirəm. Vəsiyyətimi etdim, uşaqlarımı ona tapşırdım. Ancaq buna imkan vermədi. İki dəfə son anda atam məni ölümdən qurtardı. Və söz verdi ki, əgər belə bir şey olarsa, özü öz əli ilə məni öldürəcək.



Və nəhayət əmimoğlu bir maşın tapdı. Martın 31-i uşaqlarımla məni alternativ yollarla Kəlbəcərdən çıxardı. Biz 3 gün yol gəldik. Bu nə Murov, nə də Ağdərə yolu idi. Çəpli deyilən bir kənd var idi, orada dağın üstü ilə getdik. Elə anlar olurdu ki, gözümü yumurdum ki, indi maşın aşacaq. Qızımın 3, oğlumun 5 yaş var idi. 3 gün ərzində necə qorxmuşdularsa, su belə içmədilər”.



Nəsimi Əhmədov həmin günlərdə Bakıdan ailəsinin arxasınca Kəlbəcərə gəlişini belə xatırlayıb: “Hadisələr baş verəndə mən “Səhər” qəzetində işləyirdim. Atamın xarakterinə bələd idim. Bilirdim ki, öz xoşu ilə oradan çıxamayacaq. Onun arxasınca getdim və martın 31-i axşam Qamışlı kəndindən güclə piyada atəş altında Kəlbəcərə çatdım. Hərbçilərə dedim ki, atamı qucaqlayıb maşına qoyun. Əmilərimdən biri də orada qalmışdı. Kəlbəcəri qoyub getməyi özünə sığışdırmırdı. Onu yola gətirib aprelin biri havaya qalxacaq sonuncu helikopterlə yola saldım. Özüm isə Murovun qarlı yolları ilə iki günə Kəlbəcərdən çıxdım.

Torpaqlarımızın azad olunması uğrunda gedən ikinci Qarabağ döyüşlərində oğlum kəşfiyatçı kimi iştirak edib. Hələ də cəbhədədir. Kəlbəcərin işğalı da, azad olunması da möcüzədir. Heç kim inanmırdı ki, ora işğal oluna bilər”.



İşğaldan bir il əvvəl rayondan çıxdığını deyən Əfruz Əhmədova 9 il Kəlbəcərdə müəllimə işləyib: “Həyat yoldaşım Səfər könüllü kimi döyüşlərdə iştirak edirdi. Kəlbəcərdən çıxan bacılarımı, onların ailələrini rayonlarımızda tapmaqda çox çətinliklər çəkdim. Bilmirdim kim haradadır, necədir. Qardaşım Nəsimidən xəbər ala bilmirdik. Elə bilirdik ki, əsir düşüb. Çox ağır günlər idi. Yaşlı kəlbəcərlilər buralara öyrəşə bilmirdilər, əziyyət çəkirdilər. Amma şükürlər olsun ki, bu günü də gördük. Atam bilsəydi ki, Kəlbəcər alınacaq, bəlkə də bu günü görmək üçün ölümə qalib gələrdi”.

Əhmədovlar ailəsi 27 ildir sandıqda Kəlbəcərdəki evlərinin açarını saxlayır. Onlar bünövrəsi belə qalmayan evlərinin açarı ilə Kəlbəcərə qayıtmağa hazırlaşırlar.


















Ailənin nəvələri



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Oğuz Altay

Azvision.az

Digər videolar