Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayandı - VİDEO+FOTOLAR

14:10     20.01.2021     30285

Ancaq Nurlan digər qalib əsgərlər kimi qələbə sevincini ailəsi ilə birlikdə yaşaya bilməyib. 3 aydan sonra evə qayıdan könüllü əsgər onu qucaqlayıb bağrına basan anası Əfqanə xanımı itirib.



Nəcibə Babayeva Azvision.az -a bildirib ki, bacısı Əfqanə Quliyeva 46 yaşında dünyasını dəyişib. O, 3 aydan çox idi ki, döyüşə gedən oğlunun yolunu gözləyirdi.

Ailə üzvləri, qohumlar, kənd sakinləri ona təskinlik versələr də, övlad həsrətini heç nə ilə ovuda bilmirdilər. Oğlunun evə qayıtdığı gün həyəcandan yerə-göyə sığmayan ana Nurlanı bağrına basdıqdan bir neçə dəqiqə sonra ürək tutmasından dünyasını dəyişib.



Nəcibə Babayeva: “Bir gün qabaq bacımgilə gəldim ki, Nurlanı birgə qarşılayaq. Həm də Əfqanəni sakitləşdirmək istəyirdim. Üç ay yarım idi ki, bala həsrəti çəkirdi, çox darıxırdı. Övladı ilə bir gün əlaqə kəsilən kimi özünə yer tapmırdı. Deyirdi, bircə səsini eşidim ki, sağdır. Yanvarın 14-ü həyəcanlı idi, əlində “Qurani Kərim” evdə gəzişirdi. Axşam oğlunu təntənə ilə qarşılayıb gətirdilər. Balasını öpüb bağrına basdı. Birdən bacımın halının dəyişdiyini, boğulduğunu gördüm. Qışqırdım ki, təcili yardım çağırın. Bir saat sonra təcili yardım gəldi, ancaq heç nə edə bilmədilər. Əfqanə artıq keçinmişdi. Bizim anamız yox idi, o,mənim sirdaşımı idi. Mən həm də dostumu itirdim”.



Elnarə Quliyeva ailənin qız övladıdır. Onun sözlərinə görə, anasının ölümü hər kəsi sarsıdıb:

“Biz ailədə iki uşaq olmuşuq. Mənim 25 yaşım var, ailəliyəm. Anamla qardaşım bir-birilərinə çox bağlı idilər. Qayıdan kimi onu evləndirmək istəyirdi, arzuları çox idi. İndi hər kəs şok vəziyyətindədir, vəfatı hamını sarsıtdı. Qardaşım da özünü bağışlamır, ancaq onun günahı yoxdur.

Bronxial astma xəstəliyi var idi, amma bu vaxta qədər hər hansı ürək problemi və ya ağrısı olmayıb. Çox nigaran idi, deyirdi, “təki balam gəlsin, mənə nə olur olsun”. Atam anamı təsəlli edirdi, qoruyurdu, bir dəqiqə tək qoymurdu”.



Ailənin yaxın qohumu Lətif Quliyev əmisi gəlininin vaxtsız ölümündən kədərləndiyini bildirib:

“Bu, ana sevgisindən irəli gələn bir məsələdir. Namazı, duası ilə balasını ölümdən qorudu, amma özü şəhid oldu. Bizim ailənin gözündə Əfqanə xanım bir şəhiddir. Ananın balaya olan sevgisi bu cür nəticələndi. Oğlunun gəlişi münasibəti ilə şirniyyatlar bişirmişdi. Deyirdi, hamıya paylayacaq. Ancaq qismət olmadı, öz yasında süfrəyə qoyuldu”.


(Vətən müharibəsinin iştirakçısı Nurlan Quliyev)





Şahanə Rəhimli
Azvision.az

Digər videolar