Çinli politoloq: “Azərbaycanın iqtisadi rolu daha da artacaq” - VİDEO

15:02     08.06.2021     937

Telefon söhbəti zamanı Azərbaycan və Çinin siyasi, iqtisadi, nəqliyyat və logistika sahələrində uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni bir tarixi mərhələnin astanasında olduğunu söyləyib və iki ölkənin ənənəvi dostluğu inkişaf etdirdiyini, əməkdaşlığı dərinləşdirdiyini, qarşılıqlı dəstəyi genişləndirdiyini bildirib.

Bundan əlavə, Çin lideri Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində mühüm tərəfdaş olduğunu qeyd edib və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.

Azvision.az-ın müharibədən sonrakı dövrdə ikitərəfli münasibətlərin necə inkişaf edəcəyi, Zəngəzur nəqliyyat dəhlizinin Çinin "Bir kəmər, bir yol" strategiyasının qollarından biri ola biləcəyi barədə suallarını bu ölkənin İctimai Elmlər Akademiyası yanında “Bir kəmər, bir yol” araşdırma mərkəzi baş katibinin müavini Syu Venhun cavablandırıb.

Onun sözlərinə görə, həqiqətən də Çin və Azərbaycan yaxşı tərəfdaş, həm də etibarlı dostlardır.

“Gələn il Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq. Son 30 ildə, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində çoxlu real nəticələr əldə etmişik. Gələcəkdə, şübhəsiz ki, ölkələrimiz arasındakı dostluğun və əməkdaşlığın daha da dərinləşəcəyini və xalqlarımıza böyük fayda gətirməyə davam edəcəyini gözləyirik.

Azərbaycanla Ermənistan arasındakı hərbi münaqişədən sonra Cənubi Qafqaz yeni bir dövrə, inkişafın yeni mərhələsinə, dinc inkişafa qədəm qoydu. Ümid edirik ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq bu bölgənin və bütün dünya üçün daha dinc inkişafına təkan verəcək”, - çinli politoloq bildirib.

O, bölgədə iqtisadi inkişafa daha çox diqqət ayrılacağına ümid etdiyini söyləyib:

“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin və Avropanın dünyanın ən vacib iki iqtisadiyyatı olduğu başa düşülür. Çin və Avropa daha sıx əlaqələrə malik olsalar, Cənubi Qafqaz, xüsusən də Azərbaycan Çin, Avropa, Rusiya, Afrika arasındakı əlaqələrdə və iqtisadi əməkdaşlıqda daha böyük rol oynayacaqdır".

Həmsöhbətimiz son 30 ildə Çin və Azərbaycanın böyük uğurlar qazandığını əlavə edib:

“Gələcəkdə müxtəlif sahələrdə daha da böyük uğurlar əldə edəcəyik. Bölgənin iqtisadi inkişafında iştirak etmək üçün daha çox Çin şirkəti Bakıya gələcək. Bu, çox yaxşı bir tendensiyadır. Əminəm ki, getdikcə daha çox investor regional inkişafda iştiraka davam edəcək”, - Venhun əlavə edib.



Seymur Məmmədov
Tərcümə: Pərvanə Sultanova

Azvision.az

Digər videolar