"Dedim, çürüməyi seçirəm!" - Keçmiş əsirin dəhşətli xatirələri (MÜSAHİBƏ+VİDEO)

13:15     01.07.2021     8299

Əsirlikdən doğum günündə azad olunan qəhrəmanımız 2 övlad atasıdır. O, Azvision.az-a müsahibəsində əsirlikdə keçirdiyi dəhşətli günlərdən danışıb. Deyir ki, əsirlik insanı təkcə fiziki cəhətdən əzmir, ruhən də öldürür:
+++
- Başıma qara torba salıb, gətirdilər hərbi hissə komandirinin yanına. Komandirləri gördü ki, ağzımda qızıl diş var. Yanındakılara ermənicə nəsə dedi və onlar məni yerə yıxıb, qızıl dişimi kökündən çıxartdılar. Özümdən gedənə kimi döydülər məni, ancaq yenə hirsləri soyumadı. Hamısı üstümə tökülüb, təkrar döyməyə başladılar. Əsgərlərdən biri gedib, "Kamaz" maşınından benzin çəkib gətirdi. Tökdülər üstümə ki, yandırsınlar. Elə yandıran anda erməni zabitin yanındakı öz dilində ona nəsə dedi və o da əsəbi halda çıxıb getdi. Məni o hala salmışdılar ki, doğmalarım da tanıya bilməzdi.



Elşən İslamov danışır ki, əsirlikdə onları işləməyə məcbur etmək üçün daim işgəncə verir, vəhşicəsinə döyürdülər:

- Məni bir otağa apardılar. Otaqda bir nəfər var idi. O şəxs hazırda məhkəməsi gedən erməni terrorist Ludvik idi. Mənə dedi, adın nədir? Elə bildim, azərbaycanlıdır. Ancaq erməni olduğunu deyib, mənə 2 yolumun olduğunu bildirdi. “Ya bu türmədə işgəncə altında çürüyəcək, ya da bizə işləyəcəksən. Sənə yeni pasport verəcəyik. Yeni adın, soyadın olacaq. İki il özününkülərə qarşı döyüşməlisən. Sonra sənə ev veriləcək və evlənəcəksən. İstəsən, başqa ölkəyə də gedə bilərsən.” Dedim, çürüməyi seçirəm. Dedi, qorxmursan işgəncələrdən? Dedim yox. İnsan həqiqətən də nəyəsə vərdiş edəndə çox şey daha rahat olurmuş. Onlar məni döyməkdən yorulurdular.

Elşən İslamov 44 günlük Vətən müharibəsinə də könüllü gedib: "Qisasım vardı ermənilərdə. Necə unuda bilərik axı o günləri? Hərbi əsirlərin hamısı qisas hissilə yaşayıb bu günlərə kimi. Yaddaşımıza birdəfəlik həkk olunub. Ludvikin şəklini görən kimi, onu tanıdım. Çünki onunla ilk dəfə qarşılaşanda məhz gözlərini yadımda saxlamışdım. Ermənilər heç rus əsirlərə də rəhm etmirdilər. Dimitri Kalisov adında rus millətindən olan azərbaycanlı əsir var idi. Onu Qırmızı Xaç cəmiyyətindən gizlədirdilər. Xoşbəxtlikdən bir gün Pyer adlı Qırmızı Xaç cəmiyyətinin nümayəndəsi turməyə gəlmişdi. Ona gizlincə xəbər verdim ki, burada rus əsir də var. Daha sonra onu gətirdilər mənim yanıma. Dima məni qucaqlıyıb ağladı ki, mənə çox əziyyətlər veribilər bu ermənilər.

Bəxtiyar Məmmədov
Əhməd Xəlilov

Azvision.az

Digər videolar