AzVision: "Nədi ayə, yenə üsyanları iranlıların?!" - VİDEO

12:15     07.10.2021     3771

- Nədir, ayə, yenə üsyanları iranlıların?! Sabirin sualına cavab axtaracağıq
- Ay pipiyi yan xoruz!.. Serjik Sarqsyanla müsahibə sizi gözləyir
- 40 il bundan qabaq İran İslam Respublikası Xomeyninin xeyir-duası ilə İsraildən necə silah alırdı.



2006-cı ildə İlham Əliyev Azərbaycan prezidenti kimi Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərə getmişdi. O illərdə ABŞ-ın respublikaçı adminstrasiyasının İranla müharibəyə hazılaşmasına dair intensiv xəbərlər dolaşırdı. O vaxt Ağ Evin düz qarşısında brifinq keçirən prezident İlham Əliyev bəyan etmişdi ki, heç kim Azərbaycanın ərazisindən onun qonşularına qarşı platsdarm kimi istifadə edə bilməz. Halbuki, həmin dönəmdə regionda gedən mürəkkəb prosesləri nəzərə alaraq, ABŞ-ın dəstəyini qazanmaq üçün ayrı bir şey də deyə bilərdi. Amma onda o, İlham Əliyev olmazdı. İndi onun bir növ vizit kartına çevrilən sözübütövlüyü, sözü ilə imzasını bərabər tutması o vaxt da var idi. Və o, hələ 2006-cı ildə ortaya qəti siyasi iradə qoymuşdu: Heç kim Azərbaycandan cənub qonşusuna qarşı platsdarm istifadə edə bilməz! Nida işarəsi.

1. “Dostluq sərhədi” və dostluğun sərhədi

Söz vaxtına çəkər: Bir il əvvəl, elə oktyabr ayında Şanlı Ordumuz Azərbaycan-İran sərhədini tam nəzarəti götürəndə İlham Əliyev bununla bağlı İranı təbrik etmişdi. Həmin təbrikdə anlayanlar üçün çox böyük məna var idi.
Dövlət başçımızın Xudafərinə ilk səfəri zamanı isə sükan arxasından Azərbaycan-İran sərhədini göstərərək dediyi bu sözlər hamımızın yaddaşına həkk olub: “Azərbaycan-İran sərhədi... Dostluq sərhədidir!”
Sözü imzası olan liderin bu sözü postmünaqişə dövründə Azərbaycan-İran münasibətlərinə rəng verən əsas tezis olmalı idi. Və oldu da – bizim tərəfdən həqiqətən hər şey belə gedirdi. Bakıda keçirilən Qələbə Paradında Rəcəb Tayyib Ərdoğan “3+3” formatını irəli sürdü, sonrakı mərhələdə Azərbaycan-Türkiyə birliyi bu təklifi dəstəkləməklə İranı bölgədə gedən proseslərin iştirakçısı kimi gördüyünü ortaya qoydu. Amma nəsə düz getmədi.
...Lenti geriyə fırlasaq, münasibətlərdəki hazırkı gərginləşmə İrana məxsus yük maşınlarının Qarabağın Rusiya Sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə qanunsuz səfərlərilə başladı. Azərbaycan əvvəlcə bununla bağlı eyhamlar vurdu, işarələr etdi ki, bəlkə İran ən azı qonşuluqdan ar edib, özünü yığışdırar. Amma onlar bütün gizli və açıq, birbaşa və dolayı eyhamları öz siyasətlərinə xas gönüqalınlıqla göz və qulaq ardına vurdular.

İlham Əliyev: - İran tırlarının üzərinə erməni nömrələrini yapışdırmağa çalışdılar. Belə bir saxtakarlığa yol verdilər və bizi aldatmağa çalışdılar. Olduqca səriştəsiz bir addım atıldı - o tırın üstündə fars dilində yazılan sistern, altda da erməni nömrələri. Onu da sizə bildirməliyəm ki, eyni nömrələri bir neçə avtomobilin üstünə də yapışdırdılar. Yəni, o qədər səliqəsiz görülən bu iş nəyi göstərir? Onu göstərir ki, bu işi davam etdirmək, sadəcə olaraq, bunu pərdələmək istədilər.

Şifahi xəbərdarlıqdan sonra nota da verildi, amma bu da işə yaramayanda Azərbaycan məcbur qalıb, Qarabağa qanunsuz səfər edən İran maşınlarını Gorus-Qafan yolunda saxlayıb, yoxlamağa başladı. Ki, bəlkə indi başa düşələr qonuşun torpağında onun qanunlarını saymağın vacibliyini. Münasibətlərin gərginlik qrafikindəki sıçrayış məhz bu nöqtədən başlayır.

2. “Xeybər qapısı”nın açılması

Bax, bu ana qədər arada heç bir yəhudi söhbəti-filan yox idi. Amma İran maşınlarına Azərbaycan ərazisində Azərbaycan qanunlarına riayət etməyin vacibliyi başa salınanda cənub qonşumuz qəfildən cin vurmuş kimi Azərbaycanla sərhədlərə qoşun toplamağa başladı. Məlum oldu ki, “Xeybər fatehi” adlı hərbi təlim keçirməyə hazırlaşırlar. Qurama “İsrail” söhbəti də məhz bu vaxt ortaya atıldı. Çıxmadı, məhz atıldı.
“Xeybər” – Şiə ideologiyasında yəhudiliyə qalib gəlməyin, yəhudiliyi əzməyin rəmzi sayılır. Amma məsələ ondadır ki, burada yəhudi yoxdur, ona görə də, Xeybəri Azərbaycan sərhədində axtarmaq təxminən məsələn, mollanı pabda axtarmaq kimi bir şeydir.
Hərbi təlimin məhz harada və hansı ssenari üzrə keçirilməsi özündə ciddi mesaj daşıyır. Gördüyünüz bu çox maraqlı xəritədə İranın hər tərəfdən Amerika hərbi bazaları ilə necə əhatələndiyi əks olunub. Təbii ki, bu bazalar xəritəni bəzəmək üçün yaradılmayıblar. Əgər kiməsə İranı vurmaq lazım olsa, bu istiqamətlərin hər birindən zərbə gələ bilər. Amma xəritədə o da görünür ki, İrana ümumiyyətlə, heç bir təhlükənin olmadığı yeganə istiqamət şimalda Azərbaycanla həmsərhəd olan zonasıdır. Bu bölgədən İrana sıfır təhdid var. Sıfır! Zero! Amma İran gəlib məhz burada Xeybəri fəth etməyə çalışırsa, deməli, məqsəd heç də özünə qarşı ola biləcək hansısa potensial təhdidi önləmək deyil.

İlham Əliyev: - Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır.

Amma təəssüf, İranın addımları əksinə, getdikcə daha da əndazəni aşmağa, Azərbaycan əleyhinə hədyan dolu yazılar, təhqiramiz fikirlər gündən-günə çoxalmağa başladı. Və bir də əsas suala qayıdaq ki, baramanın qulunca nə dəxli var? Yəni, Azərbaycan İranın Qarabağa qanunsuz gedən yük maşınlarının qarşısını kəsirsə, bunun İsraillə nə əlaqəsi var?! Sadəcə, maşınlarınızı qanunsuz olaraq Qarabağa göndrməyin, vəssalam, məsələ bağlansın. Bunu etmək əvəzinə İsraili niyə, haradan və necə tapıb, çıxarıb, gətirib məsələyə dürtürsünüz axı?! Niyə sadəcə Xeybər qapılarınızı bağlamırsınz?

3. HAROP-dan çox-çox əvvəl...

Ümumiyyətlə, “bölgədə İsrail var” nə deməkdir? Məsələn, dövlət başçısımızın Cəbrayıla səfəri zamanı orada yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Rusiyanın “KamAZ” şirkətilə “Gəncə Avtomobil Zavodu”nin birgə servis mərkəzinin təməlini qoyuldu. Hərtərəfli düşünülmüş bir addımdır: Bir il əvvələ qədər ermənilərin nəzarətində olan ərazimizdə indi ermənilərin özlərinə hami saydıqları Rusiya və Azərbaycan birlikdə iqtisadi əməkdaşlıq edirlər. Bunun ermənilərə hansı mesajları verdiyini təsəvvür etmək çətin deyil. Bu faktı hə, belə də təqdim etmək olar ki, bölgədə Rusiya biznesi var. Amma İsrailin nəyi var?!

İlham Əliyev: - Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun.

İsraildən silah almaq məsələsinə isə İran ümumiyyətlə, toxunmasa yaxşıdır. Çünki İran-İraq müharibəsi zamanı özü çox böyük həvəslə İsraildən silah alaraq, müsəlman qardaşlarını qırırdı. Döyüşlər yeni başlayanda İranın işlətdiyi silah-sursatın 80%-i ya birbaşa, ya dolayı yolla İsraildən gəlirdi. Müharibənin ilk 3 ili ərzində İran İsraildən yarım milyard dollarlıq silah almışdı.
Müharibənin sonlarına doğru İsrail artıq İrana 3 milyard dollarlıq silah satmışdı. Bundan əlavə, Amerika rəsmən İrana embarqo qoyduğundan, özü ona silahları birbaşa yox, İsrailin vasitəsilə ötürürdü. İsrailin xüsusi xidmət orqanlarının böyük məharətlə həyata keçirdi bu əməliyyat tarixə “İran-kontras” adı ilə düşüb.
Məsələ ondadır ki, İsrail İran-İraq müharibəsinin mümkün qədər uzanmasında və onların bir-birini bacardıqları qədər şil-küt etmələrində maraqlı idi. Buna görə, ABŞ-ın İrana silah verməsinə lobbilik də edirdi. İran mətbuatı isə üzdə Amerikanı “şeytan”, İsraili “bala şeytan” adılandırır, altda həmin şeytanların göndərdiyi silahla Allahın səngərin o üzündəki müsəlman bəndələrinin qırırdı. Buna Xomeyni şəxsən razılıq vermişdi. Konkret olaraq İran İsrailin manipulyasiya etdiyi bir oyuncağa çevrilmişdi. Bu, faktdır və o qədər də uzaq tarix deyil. Amma indi başqalarına, o cümlədən, Azərbaycana “sionistlərin oyuncağı” deyirlər. Halbuki, Azərbaycan öz balaca ərazisi, fəqət böyük ürəyi ilə heç kimin əlində oyuncaq olmamağın ən gözəl örnəyidir.

İlham Əliyev: - Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Biz bunu heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın.

Açıq danışaq. Hansısa qüvvələr istəməzmi ki, Azərbaycan həqiqətən onların əlində oyuncaq olsun və bizdən kiməsə qarşı istifadə etsinlər?! İstəyərlər, istəyirlər, amma bacarmazlar. Halbuki, elə həmin o “sionistlər” cəmi 40 il qabaq İranın özünü ustalıqla oyuncağa çevirməyi bacarmışdılar. Elə günü bu gün də İranın oyuncaq olmadığına mənim çox böyük şübhələrim var. Əgər bir dövlət özünün milli maraqlarına uyğun olan nəqliyyat və iqtisadi layihələri, Güney Qafqazdakı proseslərdə iştirak etmək üçün “3+3” kimi gözəl təklifi, Azərbaycan kimi ləyaqətli və dürüst qonşu ilə qarşılıqlı sərfəli münasibətləri qırağa qoyub, Ermənistana havadarlığı seçirsə, onun hansı məntiq və prinsiplərlə idarə olunmasına dair çox böyük suallar ortaya çıxır.

4. Koqnitiv dissonans

Vətən Müharibəmiz bitəndən sonra Ermənistan Azərbaycanla psixoloji müharibə aparmaq yolunu tutub. Onlar koqnitiv dissonans vəziyyəti yaratmaq taktikasını seçiblər: Yəni biz qalib olduğumuzu bilirik, anlayırıq, dərk edirik, Dekart demişkən, Cogoito, amma onlar özlərini elə aparırlar ki, sanki məğlub deyillər. Beləliklə, bizim idrakımızı süni reallıqla üzləşdirib, dissonans – uyğunsuzluq yaratmaqla, azdırmağa çalışırlar.
Ermənilər həyasızdırlar. Yalanı, riyakarlığı utanmadan ciddi-ciddi yazmağı, deməyi bacarırlar. Problem ondadır ki əksər hallarda o yalanlara cavab vermək mümkün olmur, çünki bu zaman sən tamam başqa oyun qaydalarını qəbul etməlsən. Onların qəbul etdirməyə çalışdıqları qaydaları.
Məğlub gərək özünü məğlub kimi aparsın, əks təqdirdə gec-tez yeni müharibə qaçılmaz olur. Əgər bunu unudublarsa, özlərinin anladıqları üslubda xatırlatmaq lazım gəlir. Müzəffər Ali Baş Komandanın etdiyi kimi.

İlham Əliyev: - Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz.

Bu sözləri o adam deyir ki, dilindən çıxan hər kəlmənin yiyəsidir və heç vaxt heç bir sözü boşuna söyləməyib. Əks tərəfdə Azərbaycan xalqının əsəblərini pozmaq üçün yersiz banlayan xoruzlar bunu nəzərə almalıdırlar.
Biz isə hələ ki sadəcə səbrli, təmkinli, ağıllı və möhkəm olmalıyıq. Möhkəm olun!

Digər videolar