#AzVision: İran nəyin HAYındadır?! - VİDEO

14:37     10.10.2021     3911

Gərgin bir həftənin bizim üçün əsas süjetini müxtəlif tərəflərdən təhlil etməyə çalışacağıq. Üzərində sizi də fikir gəzişməsinə dəvət etdiyimiz suallardan bəziləri bunlardır:
- “Regionun siyasi xəritəsinin dəyişməsi” nə deməkdir və İran bu termini haradan çıxarıb?!
- İsraillə apardığı proxy-müharibədə Tehran Ermənistana hansı rolu ayırıb?!
- Zəngəzur dəhlizi İranı niyə bu qədər narahat edir?!




Regional prizmadan baxanda həftənin mərkəzi hadisələrindən biri İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvaya səfəri idi. Abdullahian ixtisasca diplomat olsa da, vaxtilə sələfi Cavad Zəriflə yola getmədiyi üçün xarici işlər nazirliyindən istefa verərək, İran parlamentinin sədrinin müşaviri postuna keçmişdi. Bu yay baş tutan prezident seçkisində mühafizəkarlar hakimiyyətə gələndən sonra bizim də yaxşı tanıdığımız Cavad Zərif ölkəsinin baş diplomatı postunu vaxtilə yola getmədiyi həmin Abdullahiana təhvil verdi.
Əgər Cavad Zərif Azərbaycan insanının yadında ən çox Ərdoğanın Bakıdakı hərbi paradda dediyi “Arazı ayırdılar...” bayatısına etiraz etməsinə görə qalmışdısa, Abdullahiana bunun üçün daha az vaxt lazım gəldi - Lavrovla görüşdə dediyi fikir bunun üçün kifayət etdi. Peşəkar diplomat, xarici siyasətin qoca qurdu, səriştəli Lavrovun Cavad Zəriflə spesifik münasibətləri yaranmışdı və dialoqları yaxşı alınırdı. Amma tutudğu vəzifədə xeyli kal görünən Abdullahianla görüş haqqında bunu demək olmaz. Ümumiyyətlə, görüşdən sonra keçirilən mətbuat konfransını dinləyəndə belə təssürat yaranırdı ki, onları tamam ayrı-ayrı mövzular maraqlandırır və Abdullahian Lavrovun diqqət yetirməyə çalışdığı məsələlərdən qaçaraq, əksinə, həmkarının toxunmaq istəmədiyi bir mövzunu - Azərbaycan məsələsini ortaya dürtür.
+++
***
Lavrovu maraqlandıran əsas məsələlər ilk növbədə İranın nüvə problemi ətrafında yaranan vəziyyət, Əfqanıstan və Suriyadakı gərginlik idi. İranın nüvə proqramı ilə bağlı anlaşma 2015-ci ildə bu ölkə ilə BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü, üstəgəl, Almaniya, yəni “altılıq” arasında imzalanmışdı. Amma 2018-ci ildə Tramp birtərəfli qaydada ABŞ-ı anlaşmadan çıxararaq, İrana sanksiyaları bərpa etdi. Cavabında bir il sonra İran da müqavilə üzrə öhdəliklərindən imtina etməyə və nüvə tədqiqatlarını davam etdirməyə başladı.
Bayden Ağ Evə gələndən sonra ABŞ-ın “altılıq” anlaşmasına qayıtmağa hazır olduğunu bildirdi, amma indi də İranın yeni mühafizəkar hökuməti əvvəlcə sanksiyaların ləğvini tələb edir. Bir növ “pat” vəziyyəti yaranıb.
Həqiqətən ciddi məsələdir, çünki qeyri-müəyyənlik davam etdikcə, İranın atom bombası yaratmaq ehtimalı ilə bağlı narahatlıqlar və hərbi gərginlik ehtimalı da yüksəlir. Məhz buna görə Abdullahianla iki saat yarım çəkən görüşdən qabaq Lavrov amerikalı həmkarı Entoni Blinkenlə telefonla danışmışdı. Güman ki, Blinken nüvə anlaşması ilə bağlı mesajlarını Lavrovun vasitəsilə İrana çatdırmaq istəyib. Fəqət belə göründü ki, Tehranı bundan daha çox narahat edən məsələlər var.

Abdullahian: - Biz qonşularımızdan birinin səsləndirdiyi bəyanatlardan məmnun deyilik. Və düşünürük ki, İranın qonşuları bizim onlarla xoş münasibətlərin yaranmasına yönəlmiş siyasətimizə müsbət reaksiya verməlidirlər. Biz, əlbəttə ki, Qafqazda geosiyasi dəyişikliklərə və xəritənin dəyişdirilməsinə dözə bilmərik. Həmin bölgədə terrorçuların və sionistlərin olması bizi ciddi narahat edir.

Sergey Lavrov isə iranlı həmkarlndan fərqli olaraq, Güney Qafqaz məsələsinin üzərində çox dayanmayaraq, peşəkar diplomat ustalığı ilə sezdirdi ki, onlar bu məsələni artıq bitmiş sayırlar və regionda yenidən Amerika... pardon, İsrail kəşf etməyə ehtiyac yoxdur.

Lavrov: - Biz Qarabağda müharibənin dayandırılmasında həlledici rol oynayanda mövqeyimizi ortaya qoymuşuq. Bir il əvvəl əldə edilən anlaşmalarda söhbət regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılmasıdnn gedirdi. Bu kontekstdə “üç üstəgəl üç” formatının yaradılmasını da müzakirə etmişik: Güney Qafqazın 3 ölkəsi, üstəgəl 3 böyük qonşu – Rusiya, İran və Türkiyə.

Bunun ardınca isə Lavrov əlavə etdi ki, əgər İran kənar oyunçuların regiondakı proseslərə qarışmasını istəmirsə, onda Xəzərin hüquqi statusu haqda Konvensiyanı imzalamalıdır. Abdullahiandan fərqli olaraq, Lavrov əsl diplomatdır. O, 10 noyabr bəyanatını xatırlatmaqla demək istəyirdi ki, Rusiya da həmin sənədlə təsbit edilən vəziyyətin dəyişdirilməsin imkan verməyəcək. Və əgər İran bölgənin taleyində iştirak etmək istəyirsə, ya “3+3” formatına qoşulmalı, ya da kənarda qalmalıdır. Yəqin ki, Abdullahian başa düşdü.

***

Bu mətbuat konfransının önəmi onda idi ki, İran öz xarici işlər nazirinin dililə ilk dəfə narahatçılığını formulə etdi: “Regionun siyasi xəritəsinin dəyişməsi”. Çox maraqlıdır: Bu ifadə ilə nə nəzərdə tutulur? Regionda hansısa dövlətin sərhədimi dəyişdirilir, bizim xəbərimiz yoxdur?! Əgər İranın yaşıl xarici işlər naziri regionda kommunikasiyaların bərpasını nəzərdə tutursa, bu, əsla siyasi xəritənin dəyişməsi kimi yozula bilməz. Əgər Qarabağa gedən İran maşınlarının Azərbaycan ərazisindən keçməsini qəsd edirsə, bu da siyasi xəritənin dəyişməsi deyil. Tam əksinə: Dəyişdirilməsinə cəhd olunan və bu cəhdə İranın sakit yanaşdığı siyasi xəritənin bərpasıdır. Bu ifadəni onun dilinə kim salıb görəsən? Bəlkə, Moskvaya gəlməzdən bir neçə gün qabaq Tehranda görüşdüyü erməni həmkarı Ararat Mirzoyan?
Maraqlıdır ki, bu iki nazirin arasında bənzərliklər təkcə soyadlarının “yan” ilə bitməsilə məhdudlaşmır. İkisi də nisbətən gəncdir, təcrübəsizdir və xarici işlər nazirliyinə parlamentdən gəliblər. Lavrovdan fərqli olaraq, Mirzoyanla Abdullahyanın arasında dərhal isti münasibətlər yaranmışdı.

Ararat Mirzoyan: – İranın xarici işlər nazirilə ciddi məsələləri müzakirə etdik. Söhbət təkcə ikitərəfli münasibətlərdən yox, həm də regional məsələlərdən gedib. İranın bizim sərhədlərin toxunulmazlığı haqqında mövqeyini və verdiyi digər müsbət siqnalları alqışlayırıq. İran ciddi regional və qlobal rolu olan bir dövlətdir. Biz “Zəngəzur dəhlizi” məsələsinə də toxunduq. Vurğuladıq ki, belə bir məsələ yoxdur və ola da bilməz.

Bəli, hazırda İranın əsas dərdlərindən biri Zəngəzur dəhlizidir. Bu dəhliz cənub qonşumuzu o dərəcədə narahat edir ki, mediada yayılan xəbərə görə, hətta Ermənistanın ərazisinə - Zəngəzur bölməsinə qoşun yeridərək, orada baza qurmaq istəyibmiş. Ermənistan da buna razı imiş, fəqət Rusiya Tehrana göz ağardıb. Görünür, İran baş verən prosesləri böyük oyunun tərkib hissəsi sayır və bu oyunda təklənməmək üçün çapalayır. Zəngəzur dəhlizi Pakistan-Əfqanıstan-Orta Asiya ölkələri-Xəzər Dənizi-Azərbaycan-Türkiyə-Avropa marşrutu boyunca böyük bir coğrafi məkanda qərb ilə şərq arasında yaradılacaq kommunikasiya xəttinin vacib halqasıdır. Bu dəhlizin yaranması ilə İran oyundan kənarda qalır. Amma məsələ təkcə dəhlizdə deyil axı. Gəlin, qlobal anlamda nəyin baş verdiyini daha yaxşı anlamaq üçün İranın ətrafında gedən proseslərə fikir verək.

* * *
Təxminən bir il qabaq, 2020-ci ilin sentyabrın 15-də Ağ Evin qarşısındakı çəmənlikdə İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında “İbrahim Müqaviləsi” adlanan anlaşma imzalandı. Beləcə, Birləşmiş Əmirliklər İsraillə münasibətlərini normallaşdıran 3-cü ərəb və ilk körfəz ölkəsi oldu.
Ardınca Bəhreyn də “İbrahim müqaviləsi”nə qoşuldu, indi isə 30 ildir ki İsraillə gərgin münasibətləri olan Oman həmin addımı atmağa hazırlaşır. Nəzəri olaraq bu addımlar Yaxın Şərqdə yeni münasibətlərin, yeni təhlükəsizlik arxitekturasının yaradılması kimi şərh edilir. Praktikada isə o deməkdir ki, İsrail İranın ərəb dünyasındakı tərəfdaşlarını öz tərəfinə çəkir. Özü də bunlar təkcə tərəfdaş yox, həm də İranın körfəz qonşularıdırlar.
Bu həftə məlum oldu ki, ABŞ-ın nümayəndə heyəti Dohada “Taliban”ın təmsilçilərilə görüşəcəklər. Halbuki, ABŞ hələ də “Taliban”ı rəsmən terrorçu qurumların siyahısından çıxarmayıb. Güman ki, bu görüşlərlə əsası qoyulan proses sonda Taliban hökumətinin hansısa formada legitimləşməsinə qədər davam edəcək. Belə görünür, Amerikanın məqsədi İranın şərqində böyük və aqressiv radikal sünni dövlətinin yaranmasıdır. Yəni Əfqanıstan bir növ regionun “sünni İranı olacaq”.
Bir müddətdir ki, İsrailin intensiv şəkildə Suriyadakı kürd qruplaşmaları ilə sıx şəkildə işləməsi haqqında da informasiyalar var.
Bütün bunları bir mozaikaya yığanda bəlli olur ki, əslində ABŞ və İsrail İranın ətrafında çəmbər çəkir və getdikcə daraltmağa çalışırlar. Bu proses İranın həm şərqində, həm qərbində, həm də cənubunda gedir.

* * *
Bax, indi məlum olur ki, İran niyə Azərbaycandan danışanda heç bir fakt göstərə bilmədiyi halda, “İsrail-İsrail” deyib, durur. İsrail Azərbaycanda deyil; İsrail İrana qarşı oynanılan böyük geosiyasi oyunun bütün cinahlarındadır. Belə deyək, oyunun ssenarisindədir. Sadəcə, İran belə hesab edir ki, həmin cinahlardan biri Azərbaycan-Ermənistan-Türkiyə ilə sərhədlərinin kəsişdiyi zonadadır və bir növ geosiyasi induksiya məntiqi ilə burada da İsrailin olduğunu düşünür. Fakt odur ki, İsrailin İranın bütün qonşuları ilə sıx təmaslar qurmağa çalışır, qurub və indiyə qədər heç vaxt Təl-Əvivin İranı əhatələyən coğrafi məkanda yerləşən qüvvələrlə indiki qədər yaxın əlaqələri olmamışdı. Birləşmiş Ərəb Əmirlikləri, yaxud, Bəhreyn, Oman istiqamətində məşhur lətifədə olduğu kimi, qayınanasının mülayim gəlini kimi davranmağa məcbur olan Tehran isə özünün sərtliyini şimal cinahında göstərməyə çalışdı. Amma alınmadı. Onun Azərbaycana guya əzələ nümayiş etdirmək cəhdi aftafa mövzusunda lətifələrdən başqa heç nə doğura bilmədi.
Məsələnin mahiyyəti ondadır ki, son illərdə İranla İsrailin arasında intensiv Proxy-müharibə gedir. Həmin Proxy-müharibənin əsas məkanlarından biri Suriyadır. İran burada maliyyələşdirdiyi müxtəlif radikal-dini ideologiyalı terrorçu qruplaşmaların köməyilə proxy-müharibəni İsrailin sərhədlərinə daha çox yaxınlaşdırır. HƏMAS təkcə sentyabr ayında İsrailə qarşı 1204 əməliyyat keçirib. Aydındır ki, aktivliyin bu cür artması proxy-müharibədəki gərginliyin çoxalması ilə bağlıdır. İsrail də, təbii ki, əlini-əlinin üstünə qoyub, oturmayıb. O da Proxy-müharibədə özünün əməliyyatlarını keçirir və belə görünür ki, daha böyük addımlara da hazırlaşır.

* * *

Bu həftə İsrail aviasiyası Suriyadakı Tiyas hərbi bazasına zərbələr endirib. Suriyanın dövlət televiziyasının yaydığı məlumata görə, raketlərin çoxu hədəfə çatmamış Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulublar, amma əsas olan bu deyil. Məsələ ondadır ki, Palmira şəhərinin yaxınlığındakı Tiyas bazasından İranın Silahlı Qüvvələri istifadə edir. 3 il əvvəl İranpərəst qüvvələrlə toqquşma zamanı İsrailin təyyarələrindən biri məhz Tiyas bazasına hücum edərkən vurulmuşdu. 2018-ci ilin aprelində İsrail yenə də həmin bazaya hücum etmişdi. Bu dəfə məqsəd İranın gətirdiyi zenit sistemini sıradan çıxarmaq idi. İsrail İranın özünün şimal sərhədlərinin yaxınlığında möhkəmlənməsindən ciddi narahatlıq keçirdiyi üçün həm ona, həm də proxy-vasitələrinə müntəzəm zərbələr endirir.
“The Times of Israel”in yaydığı məlumata görə isə, “Mossad”ın sentyabr ayında Suriyada keçirdiyi əməliyyat nəticəsində iranlı general oğurlanaraq, neytral Afrika ölkələrindən birinə aparılıb. Ehtimal edilir ki, ondan 1986-cı ildə təyyarəsi vurulandan sonra itkin düşən və İrana aparıldığı güman edilən israilli şturman Ron Arad haqqında informasiya almaq istəyiblər. “Mossad” və baş nazir Naftali Bennet faktı təsdiqləyib.
Baş nazir bu həftə imzaladığı sərəncamla ŞABAK Ümumi Təhlükəsizlik Xidmətinə də yeni rəhbər təyin edib. Onun adının nə olduğu bildirilmir və rəsmən sadəcə “R.” adlandırılır. Ceyms Bond filmlərində ingilis kəşfiyyatının rəhbəri “M.” adlandırıldığı kimi. Məlumata görə, cənab “R.” hərbi kəşfiyyatda, “Mossad”da və ŞABAK-da böyük xidmət yolu keçib. Onu ŞABAK-a rəhbər təyin etməkdə məqsəd təhlükəsizlik tədbirlərini daha da gücləndirməkdir. Təccüblü deyil: Əgər İran generalını oğurlayırsansa, təhlükəsizliyi də möhkəmləndirməyin qayğısına qalmalısan.
Amma ən maraqlı hadisələrdən biri İsrailin ABŞ, Fransa, Britaniya, Almaniya, İtaliya, Yunanıstanın da qatılacağı “Mavi bayraq – 2021” hərbi hava təlimlərinə hazırlaşmasıdır. Anonsu İranın hərbi manevrləri zamanı verilən “Mavi bayraq” təlimlərinin əsas məqsədi havada ekstremal döyüş əməlyyatlarının mümkün ssenarilərini reallığa maksimum yaxın şəkildə modelləşdirməkdir.

* * *

İsrailin Hərbi Hava Qüvvələrinin məhz bu ərəfədə genişmiqyaslı təlimlərə başlaması əlbəttə, təsadüfi deyil. Hər kəsə aydındır ki, İsraillə İranın arasında hərbi toqquşma zərurəti yaranarsa, bu, əsasən havada olacaq. Yəni İsrail ilk növbədə təmassız müharibəyə üstünlük verəcək. Ona görə, “BlueFlag-2021” təlimlərinin bu əsnada keçirilməsi özündə siyasi mesaj da daşıyır.
O da maraqlıdır ki, Türkiyə məhz bu əsnada yenidən 40 ədəd yeni “F-16” təyyarəsi almaq və istifadə etdiyi 80 ədəd belə təyyarəni modernləşdirmək üçün ABŞ-a müraciət edib. Hərçənd, bir neçə milyard dollarlıq bu sövdələşmə çoxdan baş tutmalı idi, sadəcə, Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksləri aldığına görə, Vaşinqton ona təyyarə satmaqdan imtina etmişdi. Amma indi, Ərdoğanın ABŞ-a səfərindən sonra Ankara yenidən müraciət edibsə, deməli, bu dəfə fərqli nəticə də ola bilər. ABŞ səfərindən sonra Ərdoğan Putinlə də danışmışdı. Oktyabrın 22-də isə İsrailin baş naziri Naftali Bennetin Moskvaya səfəri gözlənilir.
Müşahidə etmək çətin deyil ki, Rusiya ilə Türkiyənin arasında müəyyən məsələlərdə anlaşmazlıq olsa da, onlar Suriyadakı fəaliyyətlərini uğurla koordinasiya edə bilirlər və bu fəaliyyət o cümlədən də, İranın oradakı planlarının qarşısını kəsməyə yönəlib. Başqa sözlə, düzüm belə alınır ki, İranın İsraillə proxy-savaşında Rusiya-Türkiyə cütlüyü istər-istəməz tərəf kimi çıxış etmiş olur. Bu baxımdan böyük oyunun Suriya cinahı ilə Güney Qafqaz cinahı arasında maraqlı paralellər aparmaq olar. Yəni əgər İran İsraillə proxy-müharibə cəhdini Güney Qafqaza keçirməyə çalışacaqsa, burada da Rusiya-Türkiyə cütlüyünün əks addımları ilə üzləşəcək, necə ki, üzləşir də.
Ankarada Türkiyə və İranın xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr də bu baxımdan maraq doğurur. Məsləhətləşmədə Suriya, Əfqanıstan, Güney Qafqaz, Yəmən başda olmaqla regional və beynəlxalq mövzuların müzakirə edildiyi bildirilir.
Bütün bunların fonunda aydın olur ki, İran Ermənistana hazırda necə baxır: Proxy-müharibədə istifadə etdiyi alət kimi. Yəni məsələn, Suriyada “Həşd-əş-Şabi”yə, Livanda “Hizbullah”a necə yanaşırsa, Güney Qafqazda da Ermənistanl o cür görür. Başqa sözlə, Ermnistana regiondakı aləti kimi baxan təkcə Rusiya deyil. Zatən Ermənistanın da İranın bəslədiyi digər terrorçu qruplaşmalardan elə böyük bir fərqi yoxdur. Yeganə ciddi fərq müsəlman olmamasıdır. Amma İranın müsəlman olduğunu kim deyir ki?! Mənəvi baxımdan bəlkə də ola bilərlər, amma siyasi müstəvidə İran əsla və qətiyyən bir müsəlman dövləti deyil. Bunu özləri öz hərəkətlərilə göstərirlər.

* * *
İranın yeni prezidenti İbrahim Rəisi avqust ayında vəzifəsinin icrasına başlasa da, Ermənistanın baş naziri Nikol Paşinyanla artıq iki dəfə görüşməyə macal tapıb. Bu fakt ölkələr arasında münasibətlərin nə qədər sıx olmasının əyani göstəricisidir. Ötən həftənin sonunda Litvaya səfər edən Paşinyan yerli erməni icması ilə görüşündə İranla bağlı suala cavab verərkən özü də bunu etiraf etmişdi.

Paşinyan: - Bəzi dairələr ara-sıra bizim İran əleyhinə hansısa planlarda iştirakımıza dair xəbərlər yayırlar. Mən əminəm ki, iranlı tərəfdaşlarımız bizim heç vaxt onların əleyhinə heç bir planda iştirak etməyəcəyimizi bilirlər, çünki münasibətlərimiz bizim üçün çox vacibdir. Biz heç vaxt unutmayacağıq ki, 1990-cı illərin əvvəllərində İran Ermənistan üçün “həyat yolu” olub. Bizim İranla çox böyük layihələrimiz var. Cənab Rəisi ilə görüş zamanı onları sürətləndirmək haqqında danışmışıq.

Söhbət hansı layihələrdən gedir? İrandan Ermənistana qaz və elektrik nəqli, Mehridə su anbarının və elektrik stansiyasının tikilməsi, ən əsası isə, yeni yolların çəkilməsi gündəmdədir. İranın yol və şəhər inkişafı nazirinin müavini Xeyrulla Xademi bildirib ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən 21 kilometrlik hissəsinə alternativ yol çəkəcəklər. Maraqlıdır, Ermənistana yük daşımaq İran üçün bu qədərmi vacibdir? İki ölkənin ticarət döriyyəsi 400 milyon dollardır. Bunun 315 milyon dolları İranın Ermənistana ixracatının payına düşür. İslam Respublikasının 96 milyard dollarlıq ümumi ixracatının fonunda 315 milyard dollar o qədər əhəmiyyətsiz rəqəmdir ki, onun üçün durub ayrıca yol çəkmək sadəcə, gülüncü görünür. Aydındır ki, burada məqsəd ticarət deyil. Məqsəd Ermənistanın Azərbaycanla düşmənçiliyini davam etdirə bilməsi üçün ona süni nəfəs verməkdir. Həm də təkcə nəfəs yox.

* * *
Azərbaycan xalqı İrana heç vaxt düşmən kimi baxmayıb. Əksinə, aramızda olan tarixi bağlar, ortaq keçmiş və vaxtilə eyni coğrafiyada yaratdığımız şərikli dövlətlərimiz bizi müəyyən mənada doğmalaşdırıb. Həyat elə gətirib ki, Azərbaycanın tarixi əsasən İranın indiki coğrafi ərazisində cərəyan edib. Nəticədə geni türk, ruhu İran olan dövlətlər meydana çıxıb. Məsələn, Əfşar tayfasının oğlu Nadir şahın qurduğu səltənət kimi. Sonuncu belə mutant dövlətimiz Qacar imperiyası olub. İranın xarici işlər naziri Abdullahianın Lavrova Azərbaycandan şikayət etməsi göstərirdi ki, Tehranın dövlətçilik təfəkkürü hələ Qacar dövründən – Gülüstan və Türkmənçay müqavilələrinin imzalandığı vaxtda bu yana çox da gələ bilməyib. Halbuki, İranın Azərbaycanı düzgün dərk etməsi, bu istiqamətdə doğru siyasət yürütməsi tamam fərqli effekt verə bilərdi. İndiyə qədər Azərbaycanın ictimai rəyinə təsir göstərmək üçün İranın gördüyü əsas iş burada şiəliyi siyasiləşdirib, təşkilatlandırmaq və onun əsasında “beşinci kalon” yaratmaqdan ibarət olub. Amma bir anda hər şey darmadağın oldu. Di gəl ki, Azərbaycan üçün müqəddəs olan Qarabağ məsələsində bizə dəstək versəydi – söhbət sözdə yox, real əməldə dəstək olmaqdan gedir,- heç bir “beşinci kalon”suz, siyasi şiəliksiz-filansız da İran Azərbaycanda böyük nüfuz qazana bilərdi. Əslində indi də gec deyil. İran özünün yersiz davranışları ilə Azərbaycan əhalisini əsla qorxutmur, sadəcə, üzür – çünki biz həqiqətən İranın simasında yaxşı qonşu və dost görmək istəmişik, istəyirik, istəyəcəyik də. Top əks tərəfdədir. Azərbaycanın İsraillə münasibətlərini bəhanə etmək lazım deyil – Türkiyənin də İsraillə son dərəcə kəskin, ağır münasibətləri var, amma bu, Azərbaycan-Türkiyə qardaşlığına əsla mane olmur. Rəsmi Bakı elə bir diplomatik platforma qurub ki, burada bütün tərəflər, hətta aralarında diametral ziddiyyət olanlar da əməkdaşlıq edə bilirlər. Azərbaycan cəmiyyətində İsrailə ona görə sevgi var ki, müqəddəs torpağımızı qaytarmaqda bizə “HAROP” kömək edib. Əgər məsələn, “Ğəza”, yaxud, “Şahid” dronları kömək etsəydi, onda həmin sevgidən İrana da pay düşəcəkdi. İran bunu dərk etməli və Azərbaycanla yaxşı qonşu olmaq istiqamətində real addımlar atmalıdır.
Azərbaycan isə onsuz da öz yolu ilə gedəcək – düzgün, ağıllı və möhkəm addımlarla. Möhkəm olun!

Digər videolar