“Azərbaycan geosiyasi inqilab etdi” – Murad Sadəddinov (VİDEOCAST)

16:51     26.12.2021     4582

- Necə düşünürsünüz, Əfqanıstanda və Güney Qafqazda son geosiyasi dəyişikliklərin əsas səbəbi nədir? Və bunların arasında hansısa əlaqə varmı?
- Düşünürəm ki, Azərbaycanda və Əfqanıstanda baş verən və dediyiniz geosiyasi dəyişikliklərə təsir göstərən hadisələrin arasında birbaşa əlaqə yoxdur. Amma gələcəkdə bu ölkələrin yerləşdikləri regionların yaxınlaşmasına təsir göstərəcək müəyyən əlaqələr və layihələr var. Əgər biz bu regionların inkişafı, əlaqələrinin genişlənməsi üçün nələrin nəzərdə tutulduğunu təhlil etsək, bir layihə xüsusilə yada düşür. “Lacivərd dəhliz” adlanan bu layihənin üzərində bir neçə il əvvəl ciddi şəkildə iş gedirdi. Xatırlayırsınıza, buna “İpək yolu”nun və Azərbaycanın Orta Asiyadakı, şərqdəki tərəfdaşları ilə birlikdə reallaşdırdığı kommunikasiya layihələrinin bir hissəsi kimi baxılırdı. Həmin “Lacivərd dəhlizi” dəmir yolları ilə Əfqanıstanı Türkmənistanla, sonra Xəzər dənizi, bizim limanlar vasitəsilə “Bakı-Tbilisi-Ceyhan”la birləşdirərək, sonda Avropaya qədər uzanırdı. Bu, çox vacib layihə idi. Amma təəssüf ki, Əfqanıstandakı daxili siyasi dəyişikliklər, qeyri-sabit vəziyyət bu işləri dayandırdı. Hərçənd, avtomobil yollarının işə düşməsi baxımından müəyyən irəliləyiş də var idi.
Amma yenidən Əfqanıstanın və Azərbaycanın olduğu regionlardakı ümumi geosiyasi dəyişikliklərə baxaq. Mən onların oxşar, səbəblərinin isə eyni olduğunu demirəm. Qarabağ münaqişəsinin özünün dərin tarixi var. Əfqanıstana gəlincə, oranın da öz problemləri mövcuddur – dərinə baxsaq, sovet qoşunlarının daxil olması, Əfqanıstan müharibəsi, sovet qoşunlarının çıxarılması, radikal taliblərin müəyyən müddətə hakimiyyətə gəlmələri, sonra Amerika qoşunlarının ora daxil olması, nəhayət, tələm-tələsik şəkildə çıxmaları... – bütün bunlar ona gətirib çıxardı ki, Əfqanıstanda çox qeyri-sabit vəziyyət var və biz bilmirik bu ölkə hansı istiqamətə gedəcək. Ona görə də, Əfqanıstanla bağlı hansısa nəticələrə gəlmək, zənnimcə, hələ tezdir. Üstəlik, buna təsir göstərən Suriya məsələsini də diqqətdən qaçırmaq olmaz. Ona görə, düşünürəm ki, bu haqda ayrıca danışacağıq.

- Azərbaycanın İkinci Qarabağ münaqişəsindəki qələbəsindən sonra bizim regionda qüvvələr balansında hansı dəyişikliklər baş verdi? Söhbət əsas oyunçulardan – Rusiya, Türkiyə, İran, Fransanın simasında Qərbdən gedir. Hər bir oyunçunun əməkdaşlıqdan fayda götürəcəyi bir vəziyyət mövcuddurmu?
- Siz əvvəldə Güney Qafqazda ciddi geosiyasi dəyişikliklərin baş verdiyini söylədiniz. Mən hərdən bunu “geosiyasi inqilab” adlandırıram. Bu inqilabı regionda Azərbaycan həyata keçirib. Qarabağ münaqişəsi 30 il idi ki, Güney Qafqazın inkişafına imkan verməyən amillərdən biri olaraq qalırdı. Bilirik ki, böyük neft ehtiyatlarının olmasına baxmayaraq, Azərbaycan regionda kommunikasiya strategiyasını güclü şəkildə inkişaf etdirən əsas tərəf, həlledici ölkə idi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, qaz dəhlizi – bunlar hamısı kommunikasiya layihələridirlər. Lakin Qarabağ problemi bizə mane olurdu. Bu problemin arxasında bir ordu dayanmırdı, böyük qüvvələr dayanırdılar. Əsas amillərdən biri “Minsk qrupu” adlanan təşkilat, daha doğrusu, onun həmsədrləri idilər. Ora Rusiya, Fransa, ABŞ kimi böyük dövlətlər daxil idilər. Bunlar BMT-nin Təhlükəsizlik Şurasının 3 daimi üzvü, nüvə silahına malik 3 dövlət idilər. Dünyanın ən nüfuzlu ölkələrinin sırasına daxildirlər. Amma erməni qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılmasına dair BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, bu ölkələr onların həyata keçirilməsi üçün heç nə etmirdilər. Onlar elə resurslara malikdilər ki, istəsəydilər, Ermənistan dərhal qoşunlarını işğal etdiyi ərazidən çıxarardı. Amma təəssüf ki, bu, baş vermədi. Və Azərbaycan öz gücünə güvənərək, özü bu problemi hərbi yolla həll etdi. Özü də, Minsk qrupuna daxil olan ölkələrin maraqlarına rəğmən – bu, çox vacibdir! Mən ona görə “geosiyasi inqilab”dan danışıram. Ərazisinin 20 faizi işğal altında olan balaca bir ölkə - Azərbaycan belə nəhəng dövlətlərin maraqlarına rəğmən, problemi həll etməyi bacardı.
Bunun səbəbləri nədir və belə bir şey necə mümkün oldu? Burada üç əsas istiqamət var: İqtisadi, siyasi və hərbi. Qarabağ problemini çözmək üçün Azərbaycan bu üç vacib məsələni həll etdi.
Birincisi – iqtisadi məsələ; bilirsiniz ki, Xəzər dənizində bizim böyük neft-qaz yataqlarımız var. Amma onları hasil və qərbə nəql etmək çox çətin idi. 90-cı illərdə bununla bağlı çox mürəkkəb vəziyyət yaranmışdı. Şimal və cənub qonşularımız əngəl olmağa çalışırdılar. 1994-cü ildə ciddi hərbi toqquşmalar oldu: Erməni tərəfi və xaricdəki qüvvələr əllərindən gələni etdilər ki, Tərtər-Bərdə rayonlarını ələ keçirsinlər və gələcəkdə Xəzər neftini qərbə daşıyacaq kəmərin buradan keçməsinin qarşısı alınsın. Hətta ölkənin baş naziri bu layihəyə qarşı çıxmış, dövlət çevrilişinə cəhd göstərilmişdi. Amma heç nəyə baxmayaraq, Azərbaycan dünyanın məşhur neft şirkətlərinin iştirakı ilə bu enerji layihələrini həyata keçirməyə nail ola bildi.
Bu, əsas amillərdən biri idi. İqtisadi müstəqillik əldə etməyin sayəsində ölkəmiz müstəqil xarici siyasət yürüdə, o cümlədən, güclü, müasir, effektiv ordu yaratmaq üçün resurslar toplaya bildi. Məqamı gələndə də həmin ordu problemi həll etdi.


Əgər biz məsələnin hərbi tərəfindən danışırıqsa, diqqət yetirin ki, Qarabağın ərazisində külli miqdarda hərbi texnika, silah-sursat və s. var idi. Balaca bir ərazidə 400-dən çox tank vardı. Mən hələ müasir hava hücumundan müdafiə sistemlərindən danışmıram. Qarabağın ərazisində “C-300” müasir zenit-raket kompleksi, elektron kəşfiyyat sistemləri var idi. Dağlıq Qarabağ postsovet məkanında ən çox hərbiləşdirilmiş ərazi idi. Amma Azərbaycan elə bir ordu yaratdı ki, 44 gün ərzində bütün bunları məhv edərək, düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Amma burada işin siyasi tərəfi önə çıxır. Sizin sualın cavabına gəlirik. Bəs Azərbaycan bütün bu böyük dövlətlərə qarşı durmağı necə bacardı?
Xarici siyasətimizin prioritetləri düzgün qurmasının sayəsində. Rusiya ilə normal dostluq münasibətləri yaradıldı, Türkiyə və Pakistanla müttəfiqlik koalisiyası quruldu. Bunlar 44 günlük müharibənin gedişində bizi siyasi və mənəvi dəstəklə təmin etdi. Bu amillərin sayəsində biz son nəticədə geosiyasi inqilabı həyata keçirə bildik.
İndi isə sizin sualın cavabı. Vəziyyət necə dəyişib? Əgər biz regionda maraqları olan bütün geosiyasi oyunçulara - bura Rusiya, Türkiyə, İran, Fransa, qismən ABŞ daxildir,- bir-bir baxsaq, əlbəttə, ilk növbədə Türkiyə böyük xallar qazanıb – onun təkcə Azərbaycanda yox, bütün Güney Qafqazda istər siyasi, istər hərbi, istərsə də iqtisadi baxımlardan nüfuzu və təsir imkanları artıb. Baxın, bu gün artıq Ermənistanla Türkiyənin sərhədlərinin açılması haqqında danışıqlar gedir. Türkiyə Azərbaycandan keçməklə, digər türk dövlətlərinin ərazisinə dəmiryolu dəhlizi qazanmaq imkanı əldə edir.
Əgər işin hərbi tərəfinə baxsaq, Azərbaycanla Türkiyənin arasında hərbi təhlükələr zamanı birgə fəaliyyəti nəzərdə tutan Şuşa bəyannaməsi imzalanıb. Faktik olaraq bu Bəyanat elə NATO nizamnaməsinin 5-ci bəndi deməkdir – yəni əgər Azərbaycanın ərazi bütövlüyünə hansısa təhlükə olarsa, Türkiyə öz Silahlı Qüvvələrilə məsələyə qarışa bilər. Bu, çox vacib amildir.
Rusiyanın təsirinə gəlincə, əgər Türkiyə ilə müqayisə etsək, bəlkə də qismən azalıb. Amma əgər Qərbin təsir imkanları ilə müqayisə etsək, əksinə, artıb. Qərb çox şey itirdi və bunun əsas günahı özünün yeritdiyi siyasətdədir. Qərb uzun müddət Ermənistanın haqsız mövqeyini müdafiə etməklə özünü pis vəziyyətdə qoydu. Nəticədə də belə oldu.
O ki qaldı İrana, təəssüf ki, Tehran müəyyən mərhələdə yeni geosiyasi situasiyanın əleyhinə getməyə, Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü, Rusiya prezidentinin də dəstəklədiyi “3+3” platformasına qarşı çıxmağa cəhdlər etdi. Lakin məhz yeni geosiyasi gerçəklik İranı Azərbaycanın şərtlərini qəbul etməyə məcbur etdi. Bu gün biz bilirik ki, İran 44 günlük müharibənin nəticələrini, “3+3” formatını tamamilə dəstəkləyir və onda iştirak edir. Nəinki iştirak edir, hətta Qarabağın bərpasına qoşulmağa da hazırdır.
Fransaya gəldikdə isə, 44 günlük müharibə ilə bağlı onun mövqeyi olduqca ədalətsiz, hətta dəhşətli olub. Fransa höküməti bəzən bizə qarşı əsassız ittihamlar irəli sürüb ki, guya Azərbaycan hansısa muzdlulardan istifadə edib, halbuki Fransanın bu haqda danışmağa mənəvi haqqı yoxdur. Çünki Fransanın silahlı qüvvələrində rəsmi muzdlular korpusu mövcuddur - onları “fransız legionları” adlandırırlar. Fransanının bunu deməyə həm də ona görə haqqı yoxdur ki, belə bir şey olmayıb. Muzdlular bizə lazım da deyil, Azərbaycanın özünün müasir ordusu var və bu orduya muzdlular yox, illər uzunu hazırlanan mütəxəssislər lazımdır. Siyasi mənada Fransa parlamentinin fəaliyyəti, onların qondarma Artsaxın müstəqilliyini tanımaq haqqında bəyanatları Parisin regiona təsirinin azalmasına səbəb oldu. Bu gün biz görürük ki, bəli, Fransa nəsə etmək istəyir, ancaq nə əkiblərsə, onu da biçirlər.

- Azərbaycanla Türkiyə arasında iki dövlətin müttəfiqliyi haqda Şuşa Bəyannaməsi imzalandı və üstəlik, bu ilin sentyabrında Azərbaycan, Türkiyə və Pakistan silahlı qüvvələrinin iştirakı ilə ilk dəfə hərbi təlimlər keçirildi. Bundan əlavə, bu gün biz Türkiyə ilə Özbəkistanın müxtəlif istiqamətlərdə yaxınlaşması ilə bağlı ciddi tendensiyalar müşahidə edirik. Bu, həm nəqliyyat, həm də hərbi təlimlər sahəsində hiss olunur. Necə düşünürsünüz, yeni mərhələdə Cənubi Qafqazda, Mərkəzi Asiyada hansı istiqamətlərdə dəyişikliklərin baş verəcəyini gözləmək olar? Türkiyənin formalaşdırdığı bu birliklərin hansı siyasi və hərbi perspektivləri var?
- Burada 44 günlük müharibədən sonra xüsusilə böyük maraq kəsb edən çox mühüm bir amili qeyd etmək lazımdır: türk dövlətlərinin birliyi. Müharibə başlayana qədər Azərbaycan, Türkiyə və Orta Asiyanın türkdilli dövlətləri Türkdilli Dövlətlər Şurası adlanan təşkilatda birləşmişdilər. Bu ölkələrin hər birinin təhlükəsizlik sahəsində, iqtisadiyyatla bağlı müxtəlif problemləri var və onlar təbii ki, beynəlxalq təşkilatlarda dəstək axtarırlar. 44 günlük müharibənin nəticələri onlar üçün çox yaxşı və böyük nümunə oldu. Türkiyə ilə Azərbaycanın əməkdaşlığı Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb geopolitik problemin həllinə kömək etdi. Türkdilli ölkələr gördülər ki, iki türk dövlətin əməkdaşlığı sayəsində belə bir ciddi problemi həll etmək mümkün oldu. Bundan sonra biz növbəti addımı gördük - bu birlik artıq Türk Dövlətləri Təşkilatına çevrildi. Artıq bu təşkilat öz institutlarını yaradır, onun çərçivəsində yalnız humanitar və mədəni, iqtisadi istiqamətlərdə deyil, təhlükəsizlik sahəsində də danışıqlar aparılır. Türkiyə-Azərbaycan-Pakistan birgə təlimləri keçirilir. Bu gün türkiyəli mütəxəssislər bir sıra türk dövlətlərinin ordularını hərbi təlimlərə hazırlayırlar. Qırğızıstan və Türkmənistan kimi ölkələr 44 günlük müharibədə sınaqdan uğurla çıxmış Türkiyə istehsalı olan “Bayraqdar” PUA-larını alıblar.
Özbəkistan mən deyərdim ki, Orta Asiyadakı türk dövlətlərinin əsas və güclü halqalalarından biridir, qonşuları ilə müqayisədə daha güclü orduya malikdir, ancaq orada da problemlər var. Əfqanıstanda baş verən hadisələr Orta Asiya üçün terror təhlükəsi yaradır. Əfqanıstanda çoxlu etnik özbək yaşayır. Bu hadisələrdən sonra Əfqanıstandan böyük köç başlayıb və bu köç əsasən Fərqanəyə üz tutub. Odur ki, terror təhlükəsi mövcuddur. Türk dövlətləri arasında da problemlər, həll olunmamış sərhəd mübahisələri var, Orta Asiyada çox mühüm olan və dəqiqləşdirilməmiş su ehtiyatları ilə bağlı gərginlik mövcuddur. Odur ki, bu problemlər çərçivəsində Türkiyənin “Türk Şurası” formatında birliyi dəstəkləməsi bu ölkələrin inkişafında və təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Daha artığını deyim: türk dövlətlərinin inkişaf perspektivində mənim üçün Rusiyanın mövqeyi çox vacibdir və bu mənada xarici işlər naziri Sergey Lavrovun mövqeyi çox xoşuma gəldi. O bəyan etdi ki, Rusiya da bu şurada müşahidəçi qismində iştirak etməyə hazırdır. Yəni Rusiya da bu təşkilatın böyük perspektivləri olduğunu və onda iştirakın zərurətini başa düşür. Mənə elə gəlir ki, yaxın vaxtlarda Pakistan da orada müşahidəçi qismində iştirak edəcək, daxili problemlərini həll etdikdən sonra Əfqanıstan da qoşulacaq, çünki ölkənin əvvəkli rəhbərliyi şuranın işində fəal iştirak edirdi. Türk Dövlətləri Təşkilatının perspektivləri böyükdür.

Biz bilirik ki, Sovet İttifaqı dağıldıqdan sonra dünyada ABŞ-ın dominantlıq etdiyi birqütblü sistem formalaşmışdı, lakin bu gün ABŞ-ın təsirinin bu regionlarda zəiflədiyini müşahidə edirik, odur ki, bütün regional oyunçular öz təhlükəsizliklərini təmin etmək üçün bir-biri ilə münasibətlər qururlar. Türk dövlətləri platforması da onların gözünə çox perspektivli görünür, xüsusilə də, 44 günlük müharibədən sonra. Çünki nəhəng problemlə üzbəüz qalan Azərbaycan kimi kiçik dövlət Türkiyənin simasında türk dövlətlərinin dəstəyilə qısa müddət ərzində bütün məsələləri effektiv şəkildə həll etdi. Odur ki, burada perspektivlər böyükdür.

İstiqamətlərdən biri də odur ki, Orta Asiya bu gün təbii sərvətlərlə zəngindir. Təkcə elə Türkmənistan qaz ehtiyatlarına görə dünyada 4-cü yerdədir. İran da qaz ehtiyatlarına görə 2-ci yeri tutur. Bəs əsas qaz alıcısı kimdi? Bu, Avropa, Avropa İttifaqıdır. Bəs həmin qaz ehtiyatlarının Avropaya çatdırılmasında kim rol oynaya bilər? Buna yalnız iki ölkənin imkanı var: Türkiyənin və Azərbaycanın. Bu gün bizim bütün qaz kommunikasiyalarını həyata keçirmək üçün imkanlarımız var. Müşahidə etdiyimiz ilk addım da odur ki, tükmən qazı İran vasitəsilə Azərbaycana tədarük olunacaq. Doğrudur, həcm elə də böyük deyil, ancaq gələcəkdə bu da türk dövlətlərinin iqtisadi inkişafının əsas istiqamətlərindən birinə çevriləcək. Belə bir həcmdə qazı Avropaya çatdırmaq da türk dövlətlərinin strateji əhəmiyyətini, eyni zamanda Azərbaycanın Türkiyə ilə Türk Dünyası arasındakı körpü rolunu artıracaq. Bu gün Azərbaycan çox önəmli ölkəyə çevrilib; bütün dünyaya göstərdi ki, istənilən geosiyasi, iqtisadi problemin öhdəsindən gələ bilər. Heç kəs şübhə etmir ki, Azərbaycan rəhbərliyi danışdığımız kontekstdə də istənilən geosiyasi və iqtisadi vəzifələri reallaşdırmağa qadirdir.

- İranın yeni “Fars körfəzi - Qara dəniz” layihəsinin inkişaf perspektivlərini necə görürsünüz və orada Azərbaycana hansı yer veriləcək? Bu layihədə Ermənistanın rolu nədən ibarət olacaq?
- Bilirsinizmi, Azərbaycan artıq bu layihədə iştirak edir. Bu yaxınlarda İran-Azərbaycan-Gürcüstan-Rusiya dəhlizi açılıb. Avtomobil nəqliyyatı artıq bu istiqamətdə hərəkətə başlayıb. Əlbəttə, Ermənistan bir vaxtlar bu dəhlizdən istifadə etmək istəyirdi, deyirdilər ki, onlar dəmiryolu çəkməyə hazırdırlar, ancaq iqtisadi baxımdan bu qətiyyən sərfəli deyildi. Ermənistandakı dağlıq ərazidə dəmir yolu çəkmək rentabelli deyil. Ancaq bu gün biz 44 günlük müharibənin nəticələrinə uyğun olaraq Zəngəzur dəhlizini açıdığımızdan, Azərbaycanı, İranı, Türkiyəni və Rusiyanı, eni zamanda Gürcüstanı birləşdirən dəmiryollarının açılmasına da imkan yaranacaq. Bu layihə çərçivəsində sizin haqqında danışdığınız yüklər də asanlıqla təyinat yerlərinə çatdırıla biləcək.

Digər videolar