11:22 25.09.2023 158926
Təxminən iki həftə əvvəl elə öz gözətçiləri tərəfindən həbs olunan Nigerin prezidenti Muhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığı rəsmi şəkildə bəyan edildi. Sui-qəsdçilər hakimiyyətin “Vətənin xilası üzrə Milli Şura”ya keçdiyini, sərhədlərin bağlandığını, Konstitusiyanın və bütün siyasi institutların fəaliyyətinin dayandırıldığını açıqladılar.
Uzun dillər, qısa əllər
Cəmi iki gün sonra prezident qvardiyasının komandanı Abdurəhman Çiani ilk videomüraciətində özünü “Vətənin xilası üzrə Milli şura”nın rəhbəri elan edərək, Nigerin tərəfdaşlarını ölkədə baş verənlərə qarışmamağa çağırdı. O, üsyançıların addımını dövlət vəsaitlərinin mənimsənilməsinə, cəzasızlığa, korrupsiyaya və qohumbazlığa qarşı mübarizə ilə əsaslandırdı. Avqustun 7-də isə “Vətənin xilası üzrə Milli Şura” Nigerin keçmiş maliyyə naziri Əli Məhəmən Lamin Zeyninin ölkənin yeni baş naziri təyin olunmasına qərar verdi.
+++
BMT-nin katibliyi və Rusiya (!) da daxil olmaqla, dünyanın əksər ölkələri Nigerdə yaşanan dövlət çevrilişini pislədilər. Hərbi çevrilişin əleyhinə ciddi ittihamlar və tələblərlə çıxan təşkilatlardan biri Qərbi Afrika ölkələrinin iqtisadi birliyi (ECOWAS) oldu. Nigeriya, Seneqal, Toqo və Qana kimi 15 ölkənin birləşdiyi bu ticarət bloku hakimiyyəti ələ keçirmiş hərbçilərdən devrilmiş prezidenti öz vəsifəsinə qaytarmağı və sərhədləri açmağı tələb etdi. Əks halda hərbi müdaxilə edilə biləcəyi barədə xəbərdarlıq olundu.
Bu ultimatum Fransa da daxil olmaqla Avropa İttifaqının digər dövlətləri, həmçinin ABŞ tərəfindən dəstəkləndi. Hərbi müdaxilə məsələsində Parisin daha radikal mövqe sərgiləməsi Nigerdə hakimiyyətə yiyələnən generalların fransız hərbi kontingentinin ölkədən çıxarılması tələbi və iqtisadi maraqlarla bağlıdır. Hərçənd, ultimatumun müddəti bitdikdə müdaxilə fikrindən vaz keçildi. Bunun əsas səbəbi ECOWAS-ın üzvləri arasında fikir ixtilafının yaranmasıdır.
Maraqlıdır ki, sözügedən birlikdə ən güclü orduya malik olan və Nigerdəki hadisələrlə bağlı ciddi narazılığını bildirən Nigeriyanın Senatı qoşunların xaricə göndərilməsinin əleyhinə səs verib, prezident Bolas Tinubu (ECOWAS-ın indiki sədri) bu müqaviməti dəf edə bilməyib. Əlcəzairin və Çadın rəhbərləri də hərbi müdaxilə variantını dəstəkləməyiblər.
Burkina-Faso və Mali isə Niger üsyançılarının tərəfində çıxış ediblər. Bu ölkələr nəinki Nigerə öz müşahidəçilərini göndəriblər, hətta hərbi müdaxilə olacağı təqdirdə Nigeri dəstəkləyəcəklərini bəyan ediblər.
Vaxtilə ECOWAS-ın üzvü olan bu ölkələr müvafiq qaydada 2020-ci və 2022-ci illərdə baş verən hərbi çevrilişlərdən sonra təşkilatdan çıxarılmışdılar ki, bunun da əsas səbəbi Kremlin siyasəti ilə bağlı idi (!).
Viki xala: Kökədən kötəyə
Sözsüz ki, qlobal miqyasda yeganə supergüc statusunu qoruyub saxlamağa çalışan, Nigerdə iki hərbi bazası və 1100 hərbçisi olan ABŞ hadisələrdən kənarda qala bilməzdi. İlk növbədə ona görə ki, Nigerin paytaxtı Niameydə üsyançıları dəstəkləyənlər küçələrə Rusiya bayraqları altında və qalmaqallı “Vaqner” özəl hərbi şirkətinə hüsn-rəğbət sərgiləyən şüarlarla çıxıblar.
Yeri gəlmişkən, Burkina-Faso və Malidə hərbi çevrilişlər məhz Rusiya bayraqları altında həyata keçirilmişdi. Bu isə birmənalı şəkildə Moskvanın “qara” qitədə çox ciddi geosiyasi oyunlara başladığını sübuta yetirir. Məhz buna görə ABŞ-nin Dövlət katibinin müavini Viktoriya Nuland Nigerə gələrək, “Vaqner”in bu ölkənin suverenliyinə təhlükə olduğunu bəyan etdi.
Özünün etirafına görə, Nigerdə hakimiyyəti ələ almış hərbçilərlə “olduqca açıq və bəzən çox çətin” danışıqlar apardığını deyən xanım Nuland, ölkədə vəziyyətin əvvəlki məcraya qayıtmayacağı təqdirdə Vaşinqtonun Niameyə hər cür dəstəyi dayandıracağı ilə hədələyib. Bu məsələləri general Mussa Salau Barmu və 3 polkovniklə müzakirə edən Viktoriya Nulanda hakimiyyətdən devrilmiş prezident Muhəmməd Bazumla əyani şəkildə görüşmək imkanı verilməyib. Ona, habelə “Vətənin xilası üzrə Milli Şura”nın rəhbəri general Abdurəhman Çiani ilə görüşmək də müyəssər olmayıb.
Maraqlıdır ki, vaxtı ilə analoji vəziyyətdə Kiyevə kökələrlə dolu torba ilə gələn Viktoriya Nuland Nigerə yalnız təhdidlərlə dolu ritorika gətirib. Çünki ABŞ Dövlət Departamenti katibinin müavininin məqsədi birinci halda Moskvaya qarşı ədavəti şirnikləndirmək idisə, iknci halda Rusiyanın bayraqları altında küçələrə axışanları hansı cəzaların gözlədiyini çatdırmaq idi. Vaşinqtonun bu istiqamətdəki uğursuzluğu yalnız ABŞ bazalarının və hərbçilərinin Nigerdən çıxarılması ilə yox, daha ciddi zərbələrlə nəticələnə bilər.
Enerji oyunları
Nigerdəki dövlət çevrilişi həm iqtisadi, həm də hərbi-siyasi baxımlardan ən ciddi zərbəni məhz Fransaya endirəcək. Belə ki, hakimiyyəti ələ almış hərbçilər hazırda ölkədə olan 1500 fransalı hərbçinin çıxarılması tələbini qoyublar. Yeri gəlmişkən, Malidə və Burkina-Fasoda baş verən hərbi çevrilişlərdən sonra həmin ölkələrdəki fransalı hərbçilərin bir hissəsi məhz Nigerə köçürülmüşdü.
Rəsmi Paris regionda Fransanın maraqlarına təhdidə dərhal və çox sərt reaksiya verəcəyini bildirib. Sahil regionundakı fransız hərbi kontingentinin Nigerdən çıxarılması ümuiyyətlə, Fransanın Afrika qitəsində hərbi mövcudluğunu şübhə altına alır. Son illər Fransanın hətta indinin özündə belə müstəmləkəçilik siyasətini davam etdirməsindən Afrikada artan narazılıqlar və sərt tənqidlər fonunda belə ssenari heç də istisna deyil. Fransa prezidenti Emmanuel Makronun bu ilin martında uğursuzluğa düçar olan Afrika turnesi bunun bariz nümunəsidir.
Nigerdəki uran ehtiyatları Fransanın energetika sektoru üçün hava və su kimi zəruridir. Hazırda Fransa elektrik enerjisinə olan tələbatının 80%-ni atom elektrik stansiyalarındakı (AES) 58 atom reaktorunun hesabına ödəyir. Bunun üçün zəruri olan uranın 60%-ni isə Fransa uran istehsalına görə dünyada 3-cü yeri tutan Nigerdən alır. “Le Monde” qəzeti hazırda Fransanın “Orano” şirkətinin Nigerdə ən azı 3 uran mədənini istismar etdiyini bildirir. Nigerdə hakimiyyəti ələ alan hərbçilər dərhal Fransaya uran və qızıl ixracının dayandırılması barədə qərar veriblər.
Nigerin uran ehtiyatları yalnız Fransanın yox, ümumiyyətlə, Avropa İttifaqının çox karına yetir. Belə ki, Avropa İttifaqındakı atom reaktorlarının 24%-nin fəaliyyəti məhz Nigerdən idxal olunan uranla təmin edilir. Vaşinqtonun təzyiqi altında Rusiya qazından imtina edən və enerji istehsalında yenidən ağırlığı AES-lərin üzərinə keçirən Avropa ölkələrinin Niger uranından əlinin üzülməsi və ya bu xammalın məzənnəsinin kəskin şəkildə artması ehtimalı ikiqat zərbə effekti verəcək. Son vaxtlar Rus qazının məhz Şimali Afrikadan idxalı nəzərdə tutulan mavi yanacaqla əvəzlənməsi planları isə böyük sual altına düşür. Bu reallıqlar isə, Vaşinqtonun Avropadakı müttəfiqlərini Rusiya qazının idxalının bərpasına məcbur edə bilər ki, bu da Qərbin anti-Moskva siyasətinin iflasa uğramasını rəsmiləşdirəcək. Yeri gəlmişkən, Almaniyada bəzi qüvvələr "Şimal axını" qaz kəmərlərinin işinin bərpası barədə fikirlər səsləndirməyə başlayıblar. Bəzi hallarda Moskva ilə pərdəarxası oyunlarda şübhəli bilinən Fransanın isə buna gedəcəyi də istisna deyil.
Sözdə ümumi maraqlardan danışan inkişaf etmiş Avropa ölkələrinin əksəriyyəti enerji təhlükəsizliyinin təminatı məsələsində daha çox fərdi mənafelərin qorunması mövqeyini tuturlar. Digər tərəfdən Avropa dövlətlərindən birinin qaz təminatında önəmli rol oynayan hansısa Afrika ölkəsi öz “mavi yanacağ”ının başqa bir Avropa ölkəsinə reversilə razılaşmır. Məsələn, Əlcəzair qazını İspaniyaya nəql edən kəmərin Mərkəzi Avropaya qədər uzadılması ilə bağlı Fransa, Almaniya və İtaliya arasındakı mövqe ixtilaflarını yalnız son aylarda cilalamaq mümkün olub. Rəsmi Paris bu layihənin Pireney yarımadasından keçməsinə qarşı çıxırdı. Qərbi Saxara ətrafında yaşanan böhran fonunda müqaviləni dayandıracağı ilə hədələyən Əlcəzair isə İspaniyaya satdığı qazın digər ölkələrə ixracını qadağan edirdi.
Şimali Afrikada Fransa və İtaliya arasında gedən rəqabət də bu regiondan Avropaya mavi yanacağın ixracı məsələsində lüzumsuz maneələr yaradır. Amma bu maneələrin heç biri Nigerdəki dövlət çevrilişinin Avropaya bəxş etdiyi “sürpriz”lə müqayisə oluna bilməz. Söhbət nədən gedir?
Kəmər belə dar gəlir
Nigeriya qazının Əlcəzair və Nigerdən keçərək Avropaya nəqlini nəzərdə tutan Transsaxara magistral qaz kəmərinin çəkilməsi istiqamətində işlərin bərpa olunması barədə təxminən bir il əvvəl Əlcəzair, Niger və Nigeriya arasında üçtərəfli anlaşma memorandumu imzalanmışdı. Əslində hələ 2009-cu ildə gündəmə gətirilən 4,4 min kilometrlik bu qaz kəməri vasitəsi ilə Avropaya ildə 30 milyard kubmetr “mavi yanacağ”ın nəqli nəzərdə tutlurdu. Lakin müxtəlif səbəblər, xüsusən də bölgədəki siyasi sabitsizlik üzündən 2015-ci ildə təhvil verilməli olan və maya dəyəri 13 milyard ABŞ dolları təşkil edən layihənin icrası təxirə salınmışdı. Yeri gəlmişkən, layihənin icrasını ənəgəlləyən məqamlardan biri “Niger deltasının azadlığı hərəkatı” adlı xristian-üsyançı qruplaşmasının fəaliyyəti idi.
İndi isə Rusiya bayraqları altında və rusiyapərəst şüarlarla küçələrə çıxan kütlənin dəstəklədiyi hərbçilərin Nigerdə hakimiyyəti ələ keçirməsi Transsaxara qaz kəmərinin reallaşmasını böyük sual altına alır. Bu layihənin daha bir iştirakçısı, hazırda Avropanın qaz donoru rolunda çıxış edən Əlcəzairin hələ ötən ilin noyabrında Rusiyanın əsas rollardan birini oynadığı BRİKS təşkilatına daxil olmaq üçün ərizə verməsi də Moskvanın bu məsələdə əlini gücləndirir. Təsadüfi deyil ki, Əlcəzairin “Air Algerie” aviaşirkəti iyulun 27-28-də Sankt-Peterburqda keçirilən Rusiya-Afrika iqtisadi forumundan sonra Rusiyanın şimal paytaxtına həftədə 3 dəfə birbaşa reyslər açmağa qərar verib. Əlcəzair həmçinin KİV-lərdə və sosial şəbəkələrdə aparılan dezinformasiya müharibəsində Moskvaya kömək etməyə hazır olduğunu bildirib.
Maraqlıdır ki, bu ilin yayında Avropanın Paris, Madrid və Roma kimi siyasi mərkəzlərini inkar edən Əlcəzair prezidenti Abdelməcid Tebbun rəsmi səfərlərlə Moskvada, Pekində, Ankarada və Dohada olub. Nigerdə yaşanan proseslər fonunda sadalanan məqamlar Afrikada yeni mənzərənin formalaşdığını, “qara” qitədə Qərblə Rusiya arasında yeni geosiyasi mübarizənin başladığını sübut edir.
Sahil İsgəndərov, politoloq
AzVision.az
14:55 17/12/2024
20:55 21/07/2024
13:37 17/07/2024
16:48 04/07/2024
09:18 15/05/2024
12:17 09/04/2024
17:15 05/02/2024
09:22 16/01/2024
16:17 10/01/2024
08:26 19/12/2023
15:45 16/12/2023
15:50 05/12/2023
11:22 25/09/2023
17:09 04/09/2023