13:10 17.09.2023 165614
Kənd Təsərrüfatı nazirliyinin nəzdindəki Əkinçilik Elmi-Tədqiqat institunun direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Qərib Novruzlu AzVision.az -a müsahibəsində bildirib ki, faydalı və səmərəli metodlara keçməklə həm suya qənaət etmək, həm də yaxşı nəticələr almaq mümkündür.
Onun sözlərinə görə, kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqində demək olar ki, müəyyən qədər gecikmişik. Çünki bütün dünyada müasir suvarma metodları artıq tətbiq olunur. Amma Azərbaycanda da artıq bu addımlar atılır.
- Damcı suvarma metodu artıq geniş yayılıb. Yağış yağdırma metodundan əsasən taxılçılıqda istifadə olunur. Çünki taxılda damcı suvarma sisteminin tətbiqi çox çətindir. Cərgəarası becərilən bitkilərdə, məsələn, qarğıdalıda damcı suvarmadan uğurla istifadə etmək olur. Bu metodlar təxminən 10-15 ildir bizdə də tətbiq olunmağa başlayıb.
Amma müasir suvarma üsullarından başqa, bizim su infrastrukturunda əsaslı dəyişikliklər olmalıdır. Mənbədən götürülən su əsasən torpaq kanallarla gedir. Deyək ki, A mənbəyindən B mənbəyinə suyun getməsi üçün bir kilometr məsafə var. Əgər su beton kanallarla gedərsə, həmin bir kilometr məsafəni uzaqbaşı 15-20 dəqiqəyə qət edir. Amma torpaq ərazidə həmin su bir həftəyə ancaq gedib lazım olan nöqtəyə çatır. O da əgər gur olarsa...
Bir hektar ərazinin damcı metodu ilə suvarılması üçün 30-50 ton su kifayət edir. Soruşula bilər: niyə 30 tondan 50 tonadək? Bu, çoxillik bitkilərin, meyvə ağaclarının sayından asılıdır. Bir hektarda onların sayı 300-400-dən 800-1000-ə qədər dəyişir. Sahədə olan bitkilərin sayı artdıqca, su norması da artır. Beləliklə, 50 tona qədər su ilə bir hektar sahəni suvarmaq olar. Amma bir hektar taxıl sahəsini suvarmaq üçün 1200-1500 kubmetr - yəni 1500 ton su gedir. 1500 tonu 50-yə böləndə, görün, neçə dəfələrlə fərq əmələ gəlir! Deməli, sudan qənaətlə və səmərəli üsullarla istifadə etmək lazımdır.
Suya nəzarət minimum dərəcədədir. Suvarma sistemində bütün işlər planlı şəkildə və qrafiklə getməlidir. Aqrar sahədə hansı kənd təsərrüfatı bitkiləri suvarılacaqsa, həmin ərazilərə gedən ana xəttlər betonlanmalıdırlar. Onda su itkisi minimuma endiriləcək və su qısa müddətdə istifadə edilən mənbəyə çatacaq.
- Yeni suvarma metodlarının tətbiqində gecikməyimizə səbəb nədir?
- 10-15 ildir bu metodların tətbiqinə başlamışıq. Çünki əvvəllər müasir suvarma sistemləri Azərbaycanda baha idi. Bir hektar ərazinin damcı metodu ilə suvarılmasının təşkili təxminən 2-3 min dollara başa gəlirdi. Amma indi 1000 dollardan az vəsaitlə bir hektarda damcı suvarma sistemini rahatlıqla qurmaq mümkündür.
İkincisi, insanlar bu metodlarla yaxından tanış deyildilər. Xeyiri ola biləcəyini düşünürdülər, amma nə dərəcədə xeyirli olduğunu bilmirdilər. Maarifləndirmə işi çox önəmlidir. Məsələn, bizim Əkinçilik Elmi-Tədqiqat İnsititutu əsasən ölkənin orijinal elit toxum tələbatını qarşılayır. Eyini zamanda, biz Kənd Təsərrüfatı nazirliyinin digər qurumları ilə birlikdə fermerlərin arasında geniş maarifləndirmə işi aparırıq. Ölkə və qlobal əhəmiyyətli elə məsələlər var ki, onları könüllü şəkildə kimlərinsə ixtiyarına buraxmaq olmaz.
İndi hökumətin siyasətində bununla bağlı subsidiya qaydalarında əhəmiyyətli dəyişikliklər var. Məsələn, orada şərti olaraq göstərilir ki, A bitkisini əkdikdə sənə 200 manat subsidiya verilir, amma suvarmanı müasir damcı sistemi ilə apararsansa, 1000-2000 manat verilə bilər. Bu ilin may ayından 2024-cü ilin may ayına qədər dövlət bəzi bitkilərin əkilməsinə görə hətta 8 min manat subsidiyia verir. Yəni bu metodların istifadəsini təşviq edir.
Ərəb ölkələri dünyada suyun ən qıt olduğu regionlardandır. Amma onlar tədbirlərini görüblər, damcılı və digər müasir suvarma sistemləri var. Ölkələrinin ərzağa tələbatını öz istehsalları hesabına təmin edə biliblər. Ən çətin şəraitdə ən müasir, innovativ metodlardan yararlanıblar. Faydalı və səmərəli metodları tətbiq etməklə yaxşı nəticələr qazanmaq mümkündür.
- Bəzi mütəxəssislər qeyd edirlər ki, su qıtlığı olan ölkələrdə daha az su tələb edən bitkilər becərilməlidir. Bununla bağlı nə deyə bilərdiniz? Azərbaycan üçün hansı istiqamət maraqlı ola bilər?
- Əvvəla, istər Azərbaycanda, istərsə də dünyanın əksər ölkələrində buğdanı əvəz edə biləcək ikinci bir bitki yoxdur. Haçansa, 50-100 il sonra bəlkə də ola bilər, amma hazırda qeyri-mümkündür. Amma bu o demək deyil ki, bu istiqamətdə işlər aparılmır. 80-ci illərdə taxılçılıq sahəsində elmi-tədqiqat işləri əsasən yüksək məhsul verən, xəstəliyə davamlı intensiv tipli taxıl sortlarının yaradılması istiqamətində aparılırdı. 80-ci illərdən sonra Əkinçilik Elmi-Tədqiqat institutunda dövlətin dəstəyi ilə duza və quraqlığa davamlı sortların yaradılması istiqamətində tədqiqat işləri gedir. Bizim institutda son 20 ildə aparılan tədqiqatlar nəticəsində yaradılmış arpa və buğda sortları arasında həm duza, həm də quruya nisbətən davamlı sortlar yaradılıb. Əkinçilik Elmi-Tədqiqat institutunda yaradılmış 11 arpa sortu dövlət reyestrindən keçib. Yəni dövlət bunun ölkə ərazisində əkilib-becərilməsinə rəsmi şəkildə icazə verir.
Həmin 11 arpa sortunun hər hansı birini, məsələn, “Qarabağ-22” sortunu aparıb Ucarda və ya Kürdəmirdə, Hacıqabulda, Salyanda, yəni müəyyən qədər duzlaşmaya məruz qalmış torpaqlarda, duzların miqdarı 0,4-0,7%-ə qədər olan torpaqlarda əkəndə digər sortlara nisbətən 4-5 sentner artıq məhsul verir. Yəni bir hektardan 500 kq əlavə məhsul götürülür. Çünki “Qarabağ-22” bizim duza davamlı sortların yetişdirlməsi istiqamətində apardığımız tədqiqatın nəticəsidir. “Qarabağ-22” sortu dövlət reyestrinə daxil olub və hazırda respublikamızda 100 min hektara yaxın ərazidə becərilir. Siz gedib fermerə deyə bilməzsiniz ki, məhz bu sortu əkməlisən, o, özü seçir. Bu gün bir sortu, gələn il o birisini əkir. Ən yüksək məhsulu hansı sortdan alırsa, həmin sortun üzərində də işini qurur.
Quraqlığa davamlı sortlara gəlincə, məsələn, “Cəlilabad-19” arpa sortu yardılıb. Əlbəttə ki, quraqlığa ideal davamlılıqdan söhbət gedə bilməz. Amma quraqlığa tolerant sortdan 15-20, hətta 30% yüksək məhsul götürülürsə, bu, uğurlu nəticədir.
Buğda sortlarından daha biri rəhmətlik Cəlal Əliyevin rəhbərliyi altında yaradılan “Qobustan” sortududr. Respublikanın dəmyə (suvarılmayan) torpaqlarında fermerlərin əksəriyyəti məhz “Qobustan” sortuna üstünlük verirlər. Çünki digər sortlarla müqayisədə “Qobustan”dan biz ən azı qoyduğumuz xərci götürə bilirik.
Amma elə sortlarımız da var ki, məhz suvarma şəraitində yüksək məhsul verirlər. Məsələn, pivot suvarmada. Bu suvarma sistemi kompüterlə proqlamlaşdırılan xüsusi texniki qurğularla həyata keçirilir.
- Buğda və arpadan fərqli, bizim üçün ənənəvi olmayan bitkilər də varmı?
- O istiqamətdə müəyyəm addımlar atılır. Məsələn, darı və çəltik əkənlərə dövlət dəstək verir. 2023-2024-cü illərin proqramında bu var. Doğrudur, çəltik suya tələbkardır. Amma onun istehsalı taxıla tələbatı müəyyən qədər azaldır. Çünki düyü ilə çörək yeyilmir. Buğdanın bir qismini bununla əvəz etmək olar.
Heyvandarlıqda “yem” deyəndə arpa, bəzən qarğıdalı ağla gəlir. Amma bundan əlavə yonca var, maral-alfa adlı yem bitkisi var. Bu butki başqa ölkələrdə məşhurdur, indi gətirilib bizdə də əkilir və bir hektardan 40-50, hətta 80 ton yaşıl kütlə verir. Mal-qara da çox həvəslə yeyir. Heyvandarlıqda südün və çəkinin artırılmasında çox böyük rolu var. Bundan əlavə, alternativ yem bitkiləri də var.
- Dəniz suyunun şirinləşdirilib aqrar sahəyə yönəldilməsi hansı effekti verə bilər?
- Düzdür, bu istiqamətdə işlər gedir, amma məncə, o qədər də uğurlu olmaz. Bir litr suyun şirinləşdirilməsinə 2,5 dollar, yəni təxminən 5 manat vəsait xərclənir. Bu, yalnız bir litrin qiymətidir. Ənənəvi suvarma zamanı bir hektara 1500 ton su deməkdir. Yalnız bir hektarın, sadəcə, suvarılmasına 3000 dollar lazım gələr. Bunu 4 dəfəyə vurmalısan. Çünki yaxşı məhsul almaq istəyirsənsə, əkini minimum 3-4 dəfə suvarmaq lazımdır. 3 dəfə suvarsaq, 9-10 min dollar edir. Mən hələ o biri xərcləri - gübrəyə, toxuma xərclənən vəsaiti demirəm. Onda görün, çörəyin bir kiloqramının qiyməti neçə manata başa gələr?
Söhbət yalnız bizim ölkədən getmir. Bütün dünyada bu yükün altından qalxmaq olmaz.
Sahil İsgəndərov
AzVision.az
14:55 17/12/2024
20:55 21/07/2024
13:37 17/07/2024
16:48 04/07/2024
09:18 15/05/2024
12:17 09/04/2024
17:15 05/02/2024
09:22 16/01/2024
16:17 10/01/2024
08:26 19/12/2023
15:45 16/12/2023
15:50 05/12/2023
11:22 25/09/2023
17:09 04/09/2023