O çıxışları kim yazır? | Siyasətçilərimiz spiçrayterlərdən istifadə edirlərmi

  O çıxışları kim yazır? |  Siyasətçilərimiz spiçrayterlərdən istifadə edirlərmi
  14 May 2024    Oxunub:3126
Siyasətçilərin çıxışları bəzən monoton, yorucu səslənsə də, bəzən qulağa həzin nəğmə kimi xoş gəlir. Bu niyə belədir? Məsələ ondadır ki, publika üçün nəzərdə tutulan mətnlər əksər hallarda kölgədə qalan ağıllı, peşəkar "spiçrayter" (Speech writer - yüksək vəzifəli dövlət məmurları, siyasətçilər, ictimai xadimlər və sahibkarlar üçün çıxış mətnləri və təqdimatlar tərtib edən - red.) tərəfindən hazırlanır. Məhz onların sayəsində bəzi siyasətçilər hazırcavab, ensiklopedik biliklərə malik natiq təsiri bağışlayırlar.
Spiçrayterlər cəmiyyət içində tanınmasalar da, sifarişçiləri onlara hörmətlə yanaşırlar. Qərb ölkələrində onların illik gəliri 50-150 min dollar arasında dəyişir. "Spiçrayter"lər Rusiyada da pis dolanmırlar. Yeni fəaliyyətə başlayanlar ayda 15-35 min rubl qazandığı halda, elələri var ki, bir çıxışı 350 dollara yazırlar.

Qonşu ölkədə "spiçrayter" termini 90-cı illərdən dəbə düşüb. Bugünə qədər dövlət qurumlarında bu adda rəsmi vəzifə yoxdur, onları "referent" və ya "köməkçi" adlandırırlar. Rusiya Prezident Administrasiyasında böyüklü-kiçikli 40 belə referent var.

Spiçrayterin əsas vəzifəsi çıxışı elə yazmaqdır ki, ictimaiyyət üçün mümkün qədər maraqlı olsun və müsbət təəssürat yaratsın. Spiçrayter özündə politoloq, aktyor, psixoloq, yazıçı, jurnalist bacarıqlarını birləşdirməlidir. Sifarişçisinin hansı auditoriyanın qarşısında çıxış edəcəyini, onu kimlərin dinləyəcəyini və ya izləyəcəyini nəzərə almalı, mətni ona uyğun tərtib etməlidir.

Bəs Azərbaycanda "spiçrayter"ə müraciət edən varmı?

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa "spiçrayteri"nin olmadığını söylədi:
- Həm deputat, həm siyasətçi, həm də elmi auditoriyada tez-tez çıxışlar edən biri kimi deyim ki, bu sahədə bütün işlərimi özüm görürəm. Hətta bəzən kitabımın redaktəsini belə özüm edirəm. Yorucu olsa da, mətnin mahiyyəcə daha dəqiq anlaşılması üçün onu özün cilalamalısan.


Fazil Mustafa Milli Məclikdəki çıxışlarını da özü hazırlayır:
- Bəzən məsləhət üçün zehninə, ağlına güvəndiyim şəxslərə müraciət edirəm. Kitab və ya ədəbiyyat tövsiyə edirlər, mənə aydın olmayan detallar barədə fikirlərini bölüşürlər. Əgər diqqət etmisinizsə, imkan daxilində (rəsmi protokol olmadığı halda) mətni üzdən oxumuram. Öyrənib, danışmağa çalışıram. Bunun daha effektiv olduğunu düşünürəm. Mətni daha aydın dərk edəndən sonra öz ifadələrin və üslübünla auditoriyaya çatdırmaq daha rahat olur. Sadəcə, Milli Məclisdəki çıxışlarımda əlimin altında müəyyən qeydlər, faktlar, rəqəmlər olur. Mədəniyyət komitəsinin sədri kimi qeyd edim ki, ayrı-ayrı mədəniyyət xadimlərinin, yazıçıların yubiley, yaxud anım günləri ilə bağlı mətnlər standart formada komitə tərəfindən hazırlanır.

Deputat, Milli Cəbhə Partiyasının rəhbəri Razi Nurullayev də bütün çıxışlarını şəxsən hazırladığını deyir.

- Əvvəllər bir neçə dostumun xidmətindən yararlanmaq istəmişdim. Sağ olsunlar, etiraz etmədilər. Açıq-aşkar bildirdim ki, onların yazdığı mətnlə özümünkünü müqayisə edəcəyəm. Sonda əmin oldum ki, özümün yazdığım mətn daha yaxşı alınır. Odur ki, bütün çıxışlarımı özüm yazmağa başladım.
“Heydər Əliyev olmasaydı, çox adam bada gedərdi” - İstiqlalçı deputatlar danışır
Amma spiçrayter peşəsinə çox müsbət yanşıram. Niyə? Çünki hər kəsin nitq hazırlamağa yetərli söz bazası və ya vaxtı olmur. Bu o demək də deyil ki, həmin natiq zəif insandır. Spiçrayterlərin xidmətlərindən yararlananlar varsa, bunu təqdir edirəm. Düzdür, Azərbaycanda bu peşə geniş yayılmayıb. Amma yaxşı olardı ki, belə xidmətlər göstərənlər daha çox olsun.

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı çıxışların "spiçrayter"siz daha rahat olduğunu düşünür: "Bütün çıxışlarıma özüm hazırlaşıram. Fikirlərimi əvvəlcədən harasa yazıb saxlamıram".


Partiyadaxili fəaliyyətlə bağlı çıxışlara gəlincə, Sabir Rüstəmxanlı bildirdi ki, işləri mətbuat xidməti həll edir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı belə bir xidmətə üstünlük vermədiyini söylədi:

- Kimsə müəyyən tezislər əsasında çıxış mətni sifariş edə bilər, amma bu, onun düşüncələrinin birbaşa məhsulu olmayacaq. Spiçrayter uzağı bu mətni ümumiləşdirib tezisə uyğun quru fikirlər ortaya qoyacaq. Başqalarını deyə bilmərəm, mən belə işi məqbul saymıram. Açığı, elə hallar da olub ki, mənim adımdan müəyyən məsələlərlə bağlı yazı hazırlayıb dərc etdirmək istəyiblər. Qəti şəkildə etirazımı bildirmişəm. Hər zama belə halların əleyhinə olmuşam, bundan sonra da düşüncələrimi yazılı və ya şifahi formada şəxsən özüm ifadə etməyə üstünlük verəcəyəm.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “spiçrayter”ə lüzum görmədiyini deyib:

- Heç kimin mənim üçün mətn yazmasına razı olmamışam. Yazılı çıxışım yalnız ADP-nin birinci qurultayında olub. Bir saatlıq məruzə olduğu üçün mətn yazmışdım. Çıxışlarımın 99 faizi şifahi şəkildə qurulub. Doğrudur, öncədən kiçik qeydlər apardığım vaxtlar olub, amma ümumən mətn oxumadan çıxış etmişəm.

Elmi məqalələrə, kitablara gəlincə, siyasətçi yenə də heç kimin köməyindən yararlanmadığını dedi: "Bu mənim hobbimdir, günlərlə kitabların, məqalələrin üzərində həvəslə işləyə bilərəm. İnanmıram ki, Azərbaycanda hansısa "spiçrayter" mətnləri mənim qədər yüksək səviyyədə yazsın. Dövlət orqanlarında müxtəlif sahələrdə müəyyən xüsusi məsələlərin araşdırılmasına, nəticələrin bir yerə toplanılıb məruzə formasında yazılmasına ehtiyac yarandığı üçün "spiçrayter" xidmətindən yararlanmaq lazım gəlir. Məsələn, iqtisadi, büdcə, və ya ədliyyə sahəsi üzrə hüquqi məsələlərə dair dövlət başçılarına məruzələrin hazırlanmasında "spiçrayter"iştirak edə bilirlər. Amma siyasi partiyalarda əsas ideyanı lider verir deyə onu kimsə əvəz edə bilmir”.


Azərbaycanın keçmiş baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyn də bütün mətnləri əvvəlcədən özü hazırlayırmış: “Ola bilər ki, kimsə vaxtı olmadığı üçün spiçrayterdən yararlansın. Hər halda, bu peşə kimlərəsə lazımlı olduğu üçün var. Şəxsən mənim spiçrayterə ehtiyacım olmayıb və bundan sonra olacağını güman etmirəm”.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Deputat   Siyasətçi   Natiq   Mətn   Çıxış  





Xəbər lenti