“Heydər Əliyev olmasaydı, çox adam bada gedərdi” - İstiqlalçı deputatlar danışır

“Heydər Əliyev olmasaydı, çox adam bada gedərdi” - İstiqlalçı deputatlar danışır
  18 Oktyabr 2017    Oxunub:12844
"Qardaş, dost deyə-deyə başımıza oyun açdılar"

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli, mühüm günlərindən biridir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti məhz bu gün müstəqilliyini bərpa edib.
1991-ci ilin martında SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycanda da Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirildi. Həmin gün Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri Azərbaycanın müstəqliyininin lehinə səs verdi.

Yerə qalan deputatlar isə SSRİ-nin tərkibində qalmağı dəstəklədi. Həmin 43 nəfər isə müstəqillik tariximizdə “İstiqlalçı deputatlar” adı ilə qaldılar.

43 istiqlalçı deputatdan biri olan kinossenarist, xalq artisti Ramiz Fətəliyev AzVision.az-a bildirib ki, müstəqilliyin lehinə səs vermək o zaman üçün heç də asan olmayıb.

“Görünür, o zaman 43 nəfər digər deputatlardan fərqli olaraq məsələyə daha məsuliyyətli yanaşmışdıq. Başa düşdük ki, bu formatda, üslubda yaşamaq, qalmaq olmaz. Bu, zamanın tələbi idi. Başqa cür ola bilməzdi.

“O kağıza niyə qol çəkirsən? Sabah gəlib başına oyun açarlar”- deyənlər çox idi. Çünki SSRİ hələ dağılmamışdı.

Əlbəttə, bu işin təhlükəsini də, məsuliyyətini də anlayırdıq. Bilirsiniz, qorxu insanın təbii hislərindən biridir. Yəni qorxudan utanmazlar, nalayiq hərəkətdən utanarlar. 43 deputat belə bir addımı atmaq istəyirdisə, fikirləşməliydik ki, ayrı bir qorxu da ola bilər. Məsələn, mənim uşaqlarım böyüyərdilər və soruşardılar ki, sən niyə müsəqiliyimizin lehinə birinci sıralarda səs vermədin? Ondan qorxmaq lazım idi. Bir dəfə oğlum sosial şəbəkədə belə cümlə yazmışdı: “Mən oğluma fəxrlə deyəcəm ki, 43 nəfərin içində sənin baban olub.

Biz əmin idik ki, bu iş olmalıdır. Bu hərəkat yavaş-yavaş SSRİ-nin digər respublikalarında da yaranmışdı. Baltikyanı ölkələri çıxmaq şərti ilə qalan respublikalardan birinci biz olduq.

Kimin təklifi olduğu yadımda deyil. Ola bilsin ki, hamımız yığışdıq, qərara gəldik. Bunu mənə telefonda demişdilər. Eşidən kimi fikirləşmədən dedim ki, qol çəkirəm. Bu doğurdan da zamanın tələbə idi”.

Xalq şairi, dramaturq Nəriman Həsənzadə isə 26 il öncə baş verən hadisələri indi olmuş kimi xatırlayır:

“1990-cı ildə Parisə yaradıclıq ezamiyyətinə getmişdim. Orada fransız jurnalının müxbirinə müsahibə verdim. Müsahibəm zamanı bildirdim ki, Azərbayacan SSRİ-dən ayrılmalıdır. Bundan sonra başıma gəlməyən qalmadı. Parisdə mənim pasportumu oğurladılar. Dedilər ki, səni burada ermənilər öldürəcəklər. Bir neçə azərbayacanlı məni aparıb evində saxladı. Pasportum olmadığına görə ölkəyə gələ bilmirdim. SSRİ-nin nümayəndələri isə müsahibəyə görə mənə kömək etmədilər. Dedilər, biz qarışmırıq. Daha sonra Fransa hökumətinin köməyi ilə qayıda bildim. Oradan Moskvaya, Moskvadan da Azərbayacana gəldim. Qayıdanda gördüm ki, bizim səfirliyin Moskvadakı nümayəndəlinin şüşələri sındırılıb, aləm qarışıb. Bakıda hava limanından Şəhidlər Xiyabanına kimi yollara qərənfillər düzülüb. Bu günləri görəndən sonra müstəqilliyimizin əleyhinə qol çəkmək olardımı?

Əlifbamızı, adımızı dəyişiblər, 71 il bizi aldadıblar. Qardaş deyə-deyə başımıza oyun açıblar. Əleyhimizə səs verən deputatlar deyirdi ki, ay Nəriman, sən nə etdin, axı sən Moskvada təhsil alırsan? Ancaq onlar bilmirdi ki, içimdə tufan var.

Mən onda “Ədəbiyyat” qəzetinin baş redaktoru işləyirdim.SSRİ prokurorunun müavini 3 dəfə məni redaksiyadan aparıb sorğu- sual etdi. Mən qəzetdə mitinqlərlə bağlı yazılar verirdim. Onlar isə bunu istəmirdilər. Şəhərin komendantı mənə 30 sutka həbs vermək istəyirdi. Deyirdi ki, niyə sən bunları çap edirsən. Mən xilas ola bildim. Ancaq Xəlil Rza ola bilmədi. Saxlanıldığı Lefortovo həbsxanasınının yanından dəfələrlə keçmişdik. Aramızda danışırdıq ki, gör, burada kimlər yatıb. Ancaq sonradan Xəlilin özü ora düşdü.

Heydər Əliyev olmasaydı, çox adam bada gedərdi. Heydər Əliyev şairi şairdən, yazıçını yazıçıdan qorudu. Kimsə bir-birinə şər-böhtan ata bilmədi”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Müstəqillik-Günü  





Xəbər lenti