Karate zalında faciə: Yeniyetmənin beyni silkələndi

 Karate zalında faciə:  Yeniyetmənin beyni silkələndi
  17 Yanvar 2025    Oxunub:1042
Bakının Xətai rayonunda, metronun Həzi Aslanov stansiyası ərazisindəki məşq zallarından birində bədbəxt hadisə baş verib. 15 yaşlı Əli Mansurov 27 yaşlı kişi ilə döyüşə çıxarılıb. Güclü rəqibin vurduğu zərbədən yeniyetmənin beyni silkələnib.
Əlinin anası Aytən Əhmədovanın sözlərinə görə, oğlu həmin zalda idmana yeni başlayıbmış. Heç bir qoruyucu olmadan məşqçi onu 12 yaş böyük kişi ilə döyüşdürüb. "Evə gələndə Əlinin gözünün altında, böyrəyində göy izlər var idi. Sanki uşaq küçə döyüşündən çıxmışdı. Yediyini qaytarırdı. Həkimə apardım, müayinədən sonra məlum oldu ki, başında anadangəlmə "kista" var. Zərbədən sonra ora qan yığılıb.


"Bundan sonra zala getməsinə icazə vermədim. Hadisədən 1 aydan çox bir müddət keçəndən sonra Əli yenidən qaytarmağa, başı ağrımağa başladı. Nevropatoloqlara apardım. MRT-dən keçirəndən sonra əməliyyat edilməli olduğunu bildirdilər, çünki artıq beyninə qan sızırdı. 19 noyabr tarixində əməliyyat olundu",- o, "AzVision"a bildirib.

Məşqci qadın olduğu üçün Aytən Əhmədova polisə şikayət etməyib. Ətrafındakıların təkidlərinə baxmayaraq, etirazlını məşqçiyə bildirməklə kifayətlənib. Amma aradan keçən müddət ərzində məşqçi qadın bir dəfə də olsun Əlinin səhhətilə maraqlanmayıb.

O, bütün valideynlərə məsləhət görür ki, uşaqlarını qeyri-peşəkarların yanına göndərməsinlər. Məşqçilər isə məsuliyyətli olsunlar. Uşaqlara öz övladları kimi davransınlar.

Hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, əgər idman yarışlarında hansısa qəsd yoxdursa, o zaman söhbət məsuliyyətdən yox, ehtiyatsızlıqdan gedir. Amma yetkinlik yaşına çatmayanlar üçün yaş amili nəzərə alınmalıdır. 18 yaşından yuxarı idmançılarda isə daha çox çəkiyə baxılır.


Vəkil deyir ki, valideyn uşağının aldığı xəsarətlə bağlı hüquq-mühafizə orqanına müraciət etməlidir. Araşdırma zamanı müəllimin vəzifə səlahiyyətlərinə qarşı etinasızlığı, yaxud, həddini aşması müəyyən edilərsə, onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıla bilər. Valideynin də ixtiyarı çatır ki, mülki qaydada dəymiş maddi zərərin qarşılanması ilə bağlı məhkəməyə üz tutsun. Valideyn Azərbaycan Karate Federasiyasına da ərizə ilə müraciət edə bilər. Çünki müəllimin qərarının karate qaydalarına uyğun olub-olmaması ilə bağlı rəyi Azərbaycan Karate Federasiyası verir. Lakin valideyin zamanında şikayət etməlidir ki, gələcəkdə belə halların qarşısı alınsın".


Karate ustası Asiman Qurbanlı isə bildirib ki, bu idman növündə peşəkar yarışlar 14 yaşdan başlayır. Yarışlarda çəkilər üzrə kateqoriyalar (məsələn, 50 kq-dan az, 60 kq-dan çox) təyin edilir. Çəki fərqi çox olan rəqiblərin döyüşməsi təhlükəsizlik baxımından düzgün deyil. Karate məşqlərində məşqçi başa zərbə vurulmasına icazə vermir. Rəqibin başına vurana xəbərdarlıq olunur.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: İnsident  





Xəbər lenti