Neft nə qədər qalxa bilər?
Bütün bu proseslər fonunda isə dünya bazarında neft qiymətləri yüksələn xətlə artmaqda davam edir. Bu gün London birjasında dünya etalonu olan “Brent” markalı neftin 1 barelinin qiyməti 84,58 dollar, “Light” neftinin qiyməti isə 79,38, dollardır. Ötən həftə 1 bareli 55 dollara satılan Rusiyanın “Urals” markalı neftinin 1 barelinin qiyməti 66,29 dollara kimi yüksəlib. Azərbaycanın “Azeri Light” markalı nefti isə daha baha - 86,83 dollara satılır.
Müxtəlif mütəxəssislərin rəylərinin analizi onu deməyə əsas verir ki, neft qiymətləri hələ uzun zaman sabitləşməyəcək. Məsələni qəlizləşdirən daha bir məqam da ondan ibarətdir ki, İİİKK Yəməndəki husilərin köməyi ilə Bab əl Mendab körfəzini də bağlamaq istəyir. Bu körfəz Qırmızı dənizin açıq okeana çıxışını təmin edir. Bu körfəz bağlansa ümumilikdə Yaxın Şərq ölkələri dəniz blokadasına düşəcək.
İranın “Press TV” kanalının məlumatına görə, əgər Səudiyyə Ərəbistanı Yəmənə hərbi hücumlarını dayandırmasa onda husilər Bab əl Mendab körfəzindək keçən bütün gəmiləri raket atəşinə tutacaq.
“Reuters” agentliyi yazır ki, hazırda Səudiyyə Ərəbistanının bəzi tankerləri Qırmızı dənizdən keçirməklə dünya bazarına xam neft çıxarır. Lakin Bab əl Mendab bağlansa onda dünya bazarında neftin qiyməti 200 dollara kimi arta bilər.
Hələlik isə dünya bazarında gərginlik yaşanır və bunun səbəbi Körfəzdəki hərbi vəziyyətlə əlaqədar olaraq bazarın təchizatının dayanmasıdır. Ötən ay neft idxalçıları qiymətlərin aşağı düşəcəyini gözlədikləri halda tam başqa bir neqativ mənzərə meydana çıxdı və bu proseslərin nə vaxt başa çatacağı isə məlum deyil.
Teqlər: Neft







Vaxtında, Aydın, Lazımlı!


