And içərkən Trampı özəl şirkət qoruyacaq

 And içərkən Trampı özəl şirkət qoruyacaq
  16 Yanvar 2025    Oxunub:502
Xəbər verdiyimiz kimi ABŞ-nin Federal Təhlükəsizlik Bürosu (FTB) Donald Trampın yanvarın 20-də təşkil olunacaq andiçmə mərasiminə terrorçuların hücum edə biləcəyi ilə bağlı məlumat yayıb.
FTB xüsusi hesabatında qeyd edib ki, agentlərlə yanaşı, artıq digər hüquq-mühafizə orqanlarının əməkdaşları da hərəkətə keçiblər. Onlar ekstremistlərin Trampın prezident vəzifəsinin icrasına mane ola biləcəyindən narahatlıq keçirdiklərini gizlətmirlər.

Klinton, Buş və Obama Trampın inauqurasiya naharında iştirak etməyəcək
Bu gün isə TMZ portalı inaqurasiya ilə bağlı daha bir maraqlı məlumat yayıb. Qeyd edilib ki, ABŞ-nin xüsusi xidmət orqanları, xüsusən də Məxfi Xidmət prezident Donald Trampın andiçmə mərasimi üçün özəl mühafizə şirkətini proseslərə cəlb edib.

“Donald Trampın andiçmə mərasimini özəl mühafizə şirkəti təşkil edəcək. Məxfi Xidmət inauqurasiya mərasimində təhlükəsizlik tədbirlərinə kömək etmək üçün "Arcus Group" MMC-ni işə cəlb edib”, - məqalədə yazılıb.

Özəl şirkətlə artıq 8,1 milyon dollarlıq müqavilə imzalanıb.

Qeyd edək ki, 2024-cü ildə Trampa qarşı iki sui-qəsd cəhdi olub. İlk insident iyulun 13-də siyasətçinin seçicilər qarşısında çıxışı zamanı baş verib. Həmin vaxt ona bir neçə dəfə atəş açılıb və güllələrdən biri Trampın qulağına dəymişdi. İkinci hadisə isə sentyabrın 15-də Floridadakı qolf klubunda baş verib. Sui-qəsd planı vaxtında aşkarlandığı üçün Tramp xəsarət almamışdı.

ABŞ prezidentlərinin andiçmə mərasimi ilə bağlı maraqlı faktlar


İlk inauqurasiya 1789-cu il aprelin 30-da o zaman ABŞ-nin paytaxtı olan Nyu-Yorkda baş tutub. Həmin vaxt Corc Vaşinqton and içib.

Andiçmədə ən qısa nitq Corc Vaşinqtona məxsusdur: 1793-cü ildə o, cəmi 135 sözdən istifadə etməklə kifayətlənib.

Ən uzun çıxışı isə 1841-ci ildə Uilyam Henri Harrison edib. Soyuq və yağışlı havada palto geyinmədən və çətir аltında dayanmadan iki saat davam edən ən uzun nitq söyləyib. Bundan sonra xəstələnən prezident sətəlcəmdən ölüb.

1921-ci ildə Uorren Hardinq ilk dəfə inauqurasiya mərasiminə avtomobillə gedib və 1977-ci ildə Cimmi Karter də xalqa daha yaxın olmaq üçün yolun bir hissəsini piyada gəzib.

2009-cu ildə Barak Obamanın andiçmə mərasiminə təxminən 1,8 milyon insan gəlmişdi. Bu, ABŞ-də məlum mərasimlərin tarixində mütləq rekord sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Prezident   İnaqurasiya  





Xəbər lenti