İraq türkmanlarının lideri: “Dünyada türk varlığı təhlükədədir” (MÜSAHİBƏ)

İraq türkmanlarının lideri: “Dünyada türk varlığı təhlükədədir” (MÜSAHİBƏ)
  27 Mart 2017    Oxunub:31139
İraq türkmanları ərəblər və kürdlərdən sonra ölkədə sayca üçüncü etnosdurlar. Ümumi sayları 3 milyona yaxındır. Əsasən İraqın şimalında məskunlaşmış türkmanlar İran İslam Respublikası ilə sərhəddən Suriyaya qədər uzanan ərazilərdə məskunlaşıblar. Türkmanlar Tell-Əfər, Altınkörpü, Ərbil, Mosul, Kərkük, qismən Bağdad şəhərlərində yaşayırlar.

Digər Oğuz türkləri ilə müqayisədə İraq türkmanlarının danışıq dili Azərbaycan dilinə daha çox yaxındır. Görkəmli rus şərqşünası B.N.Putilov İraq türkmanlarını “İraq və ya Kərkük azərbaycanlıları” adlandırır. İraq türkmanlarının yarıdan çoxu İslam dininin şiə məzhəbinə, qalanları isə sünnü məzhəbinə qulluq edirlər.

İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentində türkmanları Kərkük şəhərindən təmsil edən millət vəkili Erşat Salihi AzVision.az-a müsahibəsi zamanı soydaşlarımızın üzləşdikləri problemlərlə bağlı çox ciddi məqamlardan söhbət açıb:

- İraq türkmanlarını Azərbaycanla hansı bağlar birləşdirir?

- Biz türk boyundan, türk soyundan olan insanlarıq. Hətta dialektlərimiz belə eynidir. Mənim danışdığım dialekt eynilə sizin danışdığınız kimidir. Babalarımız, analarımız, soykökümüz eynidir. Amma bu adların dəyişməsi ingilislərlə bağlıdır. İngilislər 1920-ci ildən sonra buradakı türkləri ayırmaq üçün “türkman” kəlməsini ortaya atdılar. Əslində hamımız türkük. Hamımız Anadolunun, Orta Asiyanın övladlarıyıq. Biz “Kərkük türkləri” deyən zaman bütün İraq türklərini nəzərdə tuturuq. “Türkman eli” bölgəsi deyəndə, İraqdan Mendelizə qədər gedən sərhədlərimiz var.



- Region artıq uzun illərdir münaqişə ocağına çevrilib. Ən çox əziyyət çəkənlər isə orada yaşayan Kərkük türkmanlarıdır. Gələcəyinizi necə görürsünüz?

- Bölgədə yerli hökumətlərin, məhzəbçi qrupların, kürdlərin gözləri türkmanların torpağındadır. Qarabağda olduğu kimi, bizim torpaqlarımız da başqalarının işğalı altındadır. u işğala son vermək üçün hər kəsdən dəstək istəmişik. Sağ olsun Türkiyə, hər zaman yanımızda olub. Azərbaycanlı qardaşlarımız da millət, xalq olaraq daim bizimlədirlər. Bunu çox yaxşı bilirik. Azərbaycan xalqına minnətdarıq. Başda prezident İlham Əliyev olmaqla Azərbaycan hökumətinə təşəkkür edirik. Çünki rəsmi məqamlarda da İraq türkmanlərinin vəziyyətindən söhbət açırlar. Bizim bacımız Qənirə Paşayeva İraq Türkmanlarının məsələsini hər zaman Azərbaycan parlamentində qaldırıb. Türk dünyası bizi unutmasın. Azərbaycan hökumətini Kərkükdən hörmətlə salamlayıram. Ən xoş arzularımı onlara çadırıram.

- Bölgədə İŞİD-ə qarşı mübarizə necə davam edir?

- Bizim türkman bölgələrindən Kərkükün cənubunda olan kəndi DAEŞ-in əlindən geri aldıq. Bəzi bölgələrimizi - Mosulda Rəşidiyyəni, Sərixan, Qaraqoyun bölgəsini də Allaha şükür olsun ki, DAİŞ-in əlindən xilas etdik. İŞİD-in əlində yalnız Telaşir bölgəsi qalıb. Ora da tam olaraq türkman bölgəsidir. Mübarizəmiz davam edir. İnşallah bir gün Türk dünyasına, türk insanına gözəl xəbərimizi verərik.

- Bu günə qədər Kərkük türmənləri nə qədər şəhid verib?

- 2003-cü ildə, yəni Səddam Hüseyindən sonra bu günə qədər 15 min şəhid yaralılarımız olub. Onların əksəriyyəti 2003-cü ildən sonra törədilən partlayışlar zamanı şəhid olublar. 2014-cü ildən sonra DAİŞ-lə mübarizədə 1000-ə yaxın şəhid vemişik. Yüzlərlə insanımız yaralanıb. Yüzlərlə ev xaraba gününə salındı. Təəssüf ki, dünya ictimaiyyəti bunu görməzliyə vurur. Kərkükün cənubunda DAİŞ tərəfindən kimyəvi silahdan istifadə olunmasından bir il keçir. Onlarla şəhidimiz oldu. Beş yüzə yaxın insanı isə Türkiyəyə müalicəyə göndərdik.



- Niyə bu gün dünyada İŞİD-ə qarşı mübarizdə İraq türkmanlarının deyil, kürdlərin rolu şişirdilir

- Bu mübarizədə türkman oğulları böyük xidmətlər göstərib. İraq Höküməti isə kürdlərə dəstək olur. Avropa ölkələri də onların yanında olduğu üçün bu gün peşmərgələrin İŞİD-ə qarşı mübarizəki fəaliyyətləri qabardılar. Amma türkmanların etdiklərini dilə gətirmədilər. Dünya birliyi bu mübarizədə türkmanların da fəaliyyətini qabartmalıdır. Türmanların şəhidlərini, yaralılarını, torpaqlarının işğalda olmasını göstərmək türk dünyası üçün də vacibdi. Bu, sadəcə Azərbaycanla Türkiyənin üzərinə düşən bir vəzifə deyil. Haradadır Türkmənistan, Qırğızıstan, digər türk cümhuriyyətləri? Onların hər biri İraq, Suriya türklərinin yanında olmalıdırlar.

- Nə vaxt İŞİD-in kökü o ərazilərdən tamamilə kəsiləcək?

- Hazırda İraqda İŞİD-in kökü kəsilmək üzrədir. Ancaq biriləri mütləq İŞİD-dən sonra başqa terrorçu quruplaşmaları bölgəyə gətirib, yenə öz layihələrini həyata keçirməyə çalışacaqlar. İŞİD-in fikirini, fəlsəfəsini yox etmək lazımdır. Çünki İslam təmiz, pak bir dindir. Onlar İslamla heç bir əlaqəsi olmayan terror quruplaşamalarıdır.

- İŞİD-ə kimlər dəstək olur?

- Onlar dünyanı bölmək istəyən, türk dünyasının əleyhinə olan qüvvələrdir. Ona görə, türk varlığı nə qədər bir yerdə olarsa, onların layihələrini bir o qədər uğurla məhv edərik.

- İŞİD müxtəlif yollarla gəncləri öz tərəfinə çəkir. Siz bir azərbaycanlı və yaxud türk gəncin İŞİD-in tərəfində sizə qarşı döyüşməsini görmüsünüzmü?

- Biz azərbaycanlı qardaşlarımızdan heç kəsi İŞİD-in tərkibində görmədik. İnanırıq ki, heç görməyəcəyik də! Azərbaycan xalqı yaxşı bilir ki, İŞİD türk xalqına qaşı böyük bir təhdiddir. Amma çeçenlərdən, özbəklərdən bəzi şəxslər DAEŞ-in sıralarına qoşulur. Biz həmin türk cümhuriyyətlərinə bildirmək istəyirik ki, İŞİD gələcəkdə bütün türk ərazilərinə göz dikəcək. Bu, bir cihad deyil. Cihad gedib islam torpaqlarını azad etməkdir. Müsəlmanı öldürmək cihad deyil.

- Xarici dövlətlərin regionda olan maraqları sizə necə təsir edir?

- Biz hər kəsə öz sözümüzü demişik. Amerika Xarici İşlər Nazirliyi ilə də söhbətlərimiz olub. Avropaya da daimi mesajımızı göndərmişik. Bu gün dünyada türk varlığına, türk torpaqlarına qarşı təhlükə var. Hazırda belə hal Türkiyə, İraq, Suriya türkləri üzərində müşahidə olunur. Ona görə, varlığımızı qorumaq üçün türk platformasının qurulması lazımdır. Mən sizin vasitəinizlə Türk Cümhuriyyətlərinə bir çağırış edirəm ki, bir türk platforması iclası keçirilsin. Hörmətli prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəhbərliyi ilə bütün dünya türklərinin liderləri bir yerə toplaşsınlar. Bizim torpaqlarımızın üzərində Avropa ölkələri tərəfindən qurulan oyunları ortaya çıxarmaq lazımdır. Bu gün Fələstinli ərəblərin yanında ərəb ölkələri necə dayanıbsa, biz də öz torpaqlarımızı qorumaq üçün bir olmalıyıq. Ən böyük vəzifə Bakı və Ankaranın üzərinə düşür. Bizim Ana Yurdumuzda olan insanlar bir yerə toplasın və türk torpaqlarını, türk ərazilərini birlikdə qoruyaq.

- İraq Türkmanlarının gələcəyi ilə bağlı nə düşünürsünüz? Muxtariyyət alacaqlar, yoxsa?..

- Biz öz haqlarımızı İraqın ərazi bötövlüyü çərçivəsində tanıtmaq istərik. Amma İraq əgər bölünərsə, türkman bölgəsi də öz ərazilərində bir muxtariyyat və ya türkman eli yaratmalıdır. Əks təqdirdə türkmanlar sünni, şiə və kürdlərin içində əriyə və öz ərazilərini də itirə bilərlər.



- Ermənilərin 25 ildən artıqdır ki, Dağlıq Qarabağda apardıqları işğalçılıq siyasəti ilə bağlı fikirləriniz necədir?

- Biz Qarabağa baxdığımız zaman ürəyimiz sızlayır. Çünki ora türk əraziləridir. Ermənilər azərbaycanlı qardaşlarımızın Qarabağdakı torpalarını işğal ediblər. 1914-1915- illərdə bizim ulu babalarımız Qafqaz dağlarında döyüşüblər. Orada şəhid olublar və bir daha İraqa qayıtmayıblar. Demək, bizim hədəfimiz, tariximiz də birdir. Ermənilər dəhşətli soyqrımı törədiblər. Amma buna baxmayaraq, dünya dövlətləri erməniləri dəstəkləyirlər. Heç kəs həqiqətləri inkar edə bilməz.

- Sonda azərbaycanlı qardaşlarınıza nə demək istərdiniz?

- İnşallah, yaxın zamanda buralar İŞİD-dən tam xilas olduqdan sonra yanınıza gələrik və Qarabağı da birlikdə işğaldan azad edərik. Azərbaycan hökuməti bizi dəvət edərsə, gəlib Bakını, Qız Qalasını da görərik. Oradakı xalqımız, parlamentimiz və hökumət üzvlərilə yaxın münasibətlər qurarıq. Azərbaycan xalqına buradan öz salam və hörmətlərimizi göndəririk.

* * *



Tarixçi alim Kərəm Hətəmoğlu AzVision.az-a bildirib ki, türkmanların indiki İraq ərazisində VII yüzillikdən məskunlaşdıqları güman edilir. Ərəb mənbələrinə görə, xilafət sərkərdəsi Übeydüllah ibn Ziyad indiki İraq ərazisinə ailələri ilə birlikdə 1000-ə qədər türkman döyüşçüsü köçürüb.

1055-ci ildə Bağdadın Böyük Səlcuq sultanlığı tərkibinə qatılması ilə indiki İraq ərazisində türkmanların sayı daha da artıb. XX yüzilliyin əvvəllərinə qədər Türk dövlətlərinin (Elxanilər, Cəlairilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı) tərkibində yaşamış İraq türkmanlarının Türkiyə Cümhuriyyətinin yaranması ilə onun tərkibinə qatılmaq istəkləri puça çıxdı. 1923-cü ildə qəbul olunmuş İraq konstitusiyasına görə türkmanlara ərəblər və kürdlərlə eyni hüquqlar verildi.

1958-ci ildə İraqda monarxiyanın devrilməsi və 1963-cü ildə hakimiyyətə Ərəb Sosialist Dirçəliş partiyasının, daha sonra Səddam Hüseyn güruhunun gəlməsilə türkmanlara qarşı təqiblər gücləndi. Dini məzhəb çatışmaları nəticəsində şiə türkmanlar kütləvi qırğınlara məruz qaldılar.

Türkmanların tarixinin ən qanlı səhifələrindən biri 14 iyul 1959-cu ildə onların kürdlər tərəfindən soyqırıma məruz qalmalarıdır. Bu hadisə tarixə “Kərkük qırğını” adı altında daxil olub.

Səddam Hüseynin hakimiyyəti illərində türkmanların zorla ərəbləşdirilmə siyasəti nəticəsində onların çoxu assimilyasiya olunaraq, dillərini unutdular. 2003-cü ildə İraqın ABŞ tərəfindən işğalından sonra türkman torpaqlarına (Türkman Eli) kürdlərin kütləvi şəkildə yerləşdirilməsinə başlanıldı. Qısa vaxt ərzində Türkman Elinə 700 min kürd köçürüldü.

Türkmanlar öz haqqlarını qorumaq üçün İraq Türkman Cəbhəsində birləşdilər. Bu təşkilatın sədri Sadəttin Ergəç ABŞ və Türkiyəyə rəsmi səfərlərində Türkman Elinə muxatriyyət verilməsi və Kərkükün bu qurumun paytaxtı elan edilməsi tələbini irəli sürdü. Bu isə Kərkükün Şimali İraqda qurulan Kürd muxtariyyyətinə daxil edilməsinin qarşısını aldı. İraq prezidenti C.Tələbani yeni konstitusiyanın qəbulu zamanı Türkmən Elinə muxtariyyət verilməsi tələbinin mütləq nəzərə alınacağı haqqında bəyanat verdi.

2014-cü ildə bölgədə “İraq Şam İslam Dövləti” yaratmaq cəhdi minlərlə İraq türkmanının qırğını, didərgin düşməsilə müşayiət olunub.

Hafiz Əhmədov
AzVision.az



Teqlər: İraq   Türkman  





Xəbər lenti