Qadınına sahib çıx!

Qadınına sahib çıx!
  07 Mart 2013    Oxunub:8961
Vüsalə Məmmədova

Avtomobil qarşıdan gələn avtobusa çırpılır. Da-dam!!! Kadr qaralır, yenidən işıqlananda küçəyə meyit və yaralılar səpələnib... inilti... zarıltı... və qan içində olan bir qadın sürünərək yolun o biri tərəfində halsız düşüb qalan rəfiqəsinə yaxınlaşır: “Hə, onu deyirdim axı...”
Bəli! Qadın dediyin belə olur. Bilənlər bilir, Allah bilməyənlərə də qismət eləsin. Əgər həyatında qadın yoxsa, ya olmayıbsa, bu bahar səni sevimli qadınınla rastlaşdırsın.

Sevimli qadından qorxmağa dəyməz. Televiziya reklamlarına aldanma. O, “Nə edirsən et, xəzimi əksik etmə” deyib, təkcə heyvan dərisinə bürünməklə xoşbəxt olmur.

Facebook statuslarına uyma. Orada “Hər qadın ömrünün bir hissəsini buddist kimi yaşayır, necə də olsa, nə vaxtsa bir öküzə inanıb” deyilir.

Heç küçədə itlə gəzən qadınlara da baxma. Bəlkə onların seçimi yoxdur?

Qadını xoşbəxt etməyin daha sadə resepti var: Sevdiyin qadını günahlarınmış kimi sevişdikdən sonra həyatının bir küncündə gizlətmə. Qürurla yanında addımlamasına imkan ver. Seçimindən tərəddüd etmə. Sevgindən utanma.

O, bəşəriyyətin bütün sevgisini görüb, bütün sənətkarlar onu vəsf edib – kitablar, filmlər, əsərlər...

O, bəşəriyyətin bütün nifrətini görüb: alçalıb, aldanıb, zorlanıb...

Sevdiyin qadının bütün dediklərini dinləmək vacib deyil, onlar mətləb üstünə uzaqdan dolanıb gəlməyi sevir. Son iki-üç cümləsinə qulaq as, kifayətdir. Qadınla bir son düşünməli!

Özündə sevdiyin qadına sahib çıxa bilmək cəsarəti tap! Sənin üçün yaradılan qadına sahib çıxmasan, bütün qəhrəmanlıqların əhəmiyyətsizdir.

Məkanını doğru yerdə seç. Qoy sənin səadət qalan kiminsə ərazisinə düşməsin və qalanın təməlinə bir neçə qadını qatma... Yoxsa o bünövrənin üzərində heç nə ucalda bilməzsən...

Sevdiyin qadının dünyasını dağıtma, əmin ol, uçanda altında sən qalacaqsan...

Qısası: İtlərin belə qorunduğu dünyada qadınına sahib çıx. Sevdiyin qadına sahib çıxdığın qədər kişisən, unutma!


Teqlər:





Xəbər lenti