Türkiyənin sabiq XİN rəhbəri: “Şuşanı görmək ən böyük arzumdur” - MÜSAHİBƏ

  Türkiyənin sabiq XİN rəhbəri:  “Şuşanı görmək ən böyük arzumdur” -  MÜSAHİBƏ
  03 May 2021    Oxunub:16873
“Zəngəzur tarixi Azərbaycan torpağıdır”
“Yenidən müharibə baş versə, itirən tərəf Ermənistan olacaq”

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Azvision.az-a eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:

- Hikmət bəy, siz 1956-cı ildən bəri aktiv siyasətlə məşğul olan və Məclis sədri, xarici işlər naziri, Baş nazirin müavini kimi mühüm vəzifələr tutmuş təcrübəli dövlət xadimisiniz. 1990-cı illərdə Azərbaycanın Sovet İttifaqından qurtulması, öz müstəqilliyini elan etməsindən sonra ölkəmizə səfər edən ilk Türkiyə rəsmilərindən birisiniz. O günləri necə xatırlayırsınız?

- Sovet İttifaqı dağılandan sonra müstəqilliyini elan edən ilk respublika Azərbaycan oldu. 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Bundan qısa müddət sonra, 7 noyabrda Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə oldu. Həmin vaxt sovetlər birliyi hələ rəsmən dağılmamışdı. Bunun ardınca digər respublikalar da müstəqilliklərini elan etməyə başladılar. Mən xarici işlər naziri olaraq Azərbaycanı ilk ziyarət edən nazir oldum. Bakıdan çox böyük xatirələrlə ayrıldım. Lakin Azərbaycan müstəqilliyinin ilk illərində bunu sevərək, coşqu ilə qarşılaya bilmədi. Cünki müstəqillik əldə etdikdən qısa müddət sonra Ermənistanın hücumu reallaşdı. Ermənilərin arxasında böyük dəstək var idi və Qarabağ müharibəsi başladı. Mən Azərbaycanı ondan sonra növbəti dəfə ziyarət etdiyimdə artıq şəhidlər vardı. Azərbaycan çox ciddi problemlərlə qarşı-qarşıya idi. Müstəqil Azərbaycanı ziyarət etmək bizim üçün böyük şərəf idi. Biz dərhal Azərbaycandakı Baş konsulumuzu səfir olaraq təyin etdik və beləcə Azərbaycanda Türkiyənin ilk səfiri təyin edildi. Bu da bizim üçün böyük bir şərəf idi.

Həmin dövrdə Ermənistanın hücumları davam edirdi. Biz sovet ittifaqındakı digər respublikaların 16 dekabr 1991-ci ilədək hamısını tanıdıq. Ermənistanın da müstəqilliyini tanıdıq, heç bir ayrıseçkilik etmədik. Sovetlər birliyi rəsmən 1991-ci ilin 21 dekabrında dağıldı. Biz Qarabağ məsələsini bir an öncə həll etmək istəyirdik. Cünki Qarabağ Azərbaycanın tarixi ərazisidir, BMT, ATƏT qərarlarında da Qarabağın Azərbaycan ərazisi olduğu təsbit edilib. Lakin Ermənistan problemi həll etmək istəmədi, sadəcə bununla kifayətlənməyib, zamanla Qarabağın ətrafındakı rayonları da işğal etməyə başladı. Ətraf 7 rayon işğal altında idi. Biz münaqişəni tezliklə həll etmək istəyirdik, cünki qaldıqca dondurulmus münaqişə halına gələ bilərdi. Təəssüf ki, münaqişə danışıqlarla həll edilmədi və çox acı günlər yaşanmış oldu.

- Vətən müharibəsi ilə Qarabağın 30 illik işğalı başa çatdı, torpaqlarımız azad edildi. Yəqin ki, 44 günlük Qarabağ müharibəsini siz də izlədiniz. Azərbaycanın qələbəsi barədə nə demək istərdiniz?

-Dediyim kimi, təəssüf ki, münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu yaradıldı. Minsk qrupunun 3 həmsədri - Rusiya, Fransa, ABŞ 30 il keçməsinə baxmayaraq, heç bir addım atmadılar. Əgər onlar münaqişəni həll etsəydilər, son müharibədə insan itkisi olmazdı. Azərbaycan şəhid verməzdi. Ermənistandan da çox sayda itki olmazdı. Minsk qrupu mənəvi olaraq bunda məsuliyyət daşıyır. Çünki münaqişəni 30 il ərzində həll etmədilər. Mərhum Prezident Heydər Əliyev, daha sonra İlham Əliyev səbrlə bu məsələnin sülh yolu ilə həll edilməsini istədilər. Bir çox addımlar da atıldı. Heydər Əliyevin zamanında atəşkəs razılaşması əldə edildi. Fəqət bütün səylərə rəğmən sülh əldə edilmədi. Sülh əldə edilməyincə zaman-zaman ermənilərin hücumları davam etdi. Türkiyə olaraq, xüsusilə prezidentlər Turqut Özalın, Süleyman Dəmirəlin dönəmində Azərbaycanla bir araya gəldik, danışıqlar apardıq.

Azərbaycanın öz ordusunu quraraq Ermənistanla baş edə biləcək bir nöqtəyə gəlməsi lazım idi. Türk cümhuriyyəti olaraq silahlı qüvvələrmizin yardımı ilə Azərbaycanda hərbi heyət quruldu, onun başında bir general var idi. Həmin general 1991-ci ildən başlayaraq son zamanlara qədər Azərbaycan Ordusunun təliminə, formalaşmasına böyük töhfələr verdi. Bunun təsiri ilə son müharibədə Azərbaycan böyük qələbə qazandı. Bu, çox önəmli bir zəfərdir. Bununla Azərbaycan xalqına yeni güvən, həyacan gəldi. Azərbaycan xalqında “mən bunu həll edə bilərəm” ruhu yarandı. Bu, Azərbaycan üçün son dərəcə önəmlidir. Azərbaycan başqa heç bir ölkəyə ehtiyac olmadan öz müdafiəsini təmin etdi, torpaqarını işğaldan azad etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük zəfər qazandı. Bu, türk dünyasına, hər kəsə böyük mənəvi ruh verdi. Türkiyə başlanğıcdan bəri Azərbaycana mənəvi və siyasi dəstək göstərdi. Azərbaycanın yanında olduğunu bütün dünyaya elan etdi.

Türkiyənin qardaş Azərbaycana mənəvi və siyasi dəstəyi son dərəcə önəmlidir. Zəfər günlərini televiziya kanallarından izlədim, Azərbaycan xalqının küçələrə axışaraq zəfəri qeyd etməsini gördüm. Böyük zəfərin qazanılmasında həyatlarını itirən şəhidlərimizi rəhmətlə anıram, onların ailəsinə, yaxınlarına, Azərbaycan xalqına başsağlığı verirəm. Böyük şairimizin dediyi kimi, torpaq uğrunda ölən varsa, Vətəndir!

Təbii ki, biz azərbaycanlı qardaşlarımızın ölməsini istəməzdik. Amma söhbət Vətəndən, torpaq bütövlüyündən gedəndə, azərbaycanlılar öz canlarından keçib, şəhidlik zirvəsinə ucalmaqla bunu isbat etdilər. Bu, Azərbaycanın tarixi üçün çox önəmli hadisədir. Başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm, zəfərlərini böyük sevgi ilə dəstəkləyirəm.

- Hikmət bəy, sizin fikrinizcə, Qarabağın azad edilməsi Türk dünyasının əməkdaşlığı üçün hansı yeni imkanlar açır?

- Əslində, Qarabağ zəfəri türk dünyası üçün də önəmilidir. Bu vacib iş birlikləri və fürsətlərə yol açıb. Türkiyə bundan əvvəl də söylədiyim kimi qardaş Azərbaycanın yanında oldu. Qələbə Türk dünyasının birləşməsi və dünya ilə əlaqələrinin güclənməsi baxımından da əhəmiyyətlidir. Qardaş Azərbaycanın Ermənistana qarşı böyük zəfər qazanması bütün Türk dünyasına mənəvi ruh verdi. Bu, tarixi bir zəfərdir. Zəfərin Türk dünyası üçün əhəmiyyətli təsiri var.

- Hazırda Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. Bu dəhliz Türk dünyasını yenidən birləşdirəcək. Dəhlizin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Zəngəzur dəhlizi çox önəmlidir. Bu, tarixi bir dəhlizdir və Azərbaycan torpağıdır, yenidən Azərbaycan torpağı olacaq. Zəngəzur dəhlizi sadəcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də çox mühümdür və yeni fürsətlər, yeni imkanlar yaradacaq. Müharibə başa çatdıqdan və zəfər əldə edildikdən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan bu istiqamətdə işlərə başladı. Türk dünyası coğrafi və fiziki olaraq parçalanmışdır. Yəni Zəngəzur erməni işğalı altındaikən Türk dünyası, coğrafiyası fiziki olaraq parçalanmış vəziyyətdə idi. Bu dəhliz Türk dünyasını birləşdirici rol oynayacaqdır. Çünki dəhlizlə Azərbaycan tərəfindən nəqliyyat, kommunikasiya layihələrinin həyata keçiriləcəyinə inanıram. Qalıcı sülhdən sonra Ermənistan üçün də bunun bir fürsət olacağına əminəm. Ermənistanın nə Rusiya, nə də İranla dəmiryolu bağlantısı var. Həqiqi, davamlı sülhün olduğu zaman sadəcə türk dünyası və Azərbaycan üçün deyil, dəhlizin Ermənistan üçün də faydalı olacağına inanıram. Dediyim kimi onların da dəmiryolu bağlantıları yoxdur və bu, İranla Naxçıvan üzərindən həyata keçirilə bilər. Bundan əlavə, dəhliz sadəcə Azərbaycan üçün deyil, bütün Qafqaz bölgəsi, Orta Asiya üçün də mühüm əhəmiyyətə malikdir və Orta Asiyanın Avropa ilə birləşməsi məsələsində böyük töhfə verəcəkdir. Mənə görə, Zəngəzur dəhlizi tarixi dəhlizdir. Mən İlham Əliyevin bu tarixi vəzifəni yerinə yetirəcəyinə inanıram.

- Qeyd etdiyiniz kimi, Minsk qrupunun son 30 illik fəaliyyəti uğursuz oldu. Ancaq yenə də bölgəyə səfərlərini davam etdirmək, prosesdə iştirak niyyətlərini açıqlayırlar. Sizcə bundan sonra Minsk qrupuna ehtiyac varmı?

- Minsk qrupunun üç həmsədr dövləti - Rusiya, ABŞ və Fransa eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Üç ölkə 30 il boyunca münaqişə ilə bağlı nə isə etməyi bacarmadılar, bununla da sülh yolu ilə münaqişənin həlli fürsətini əldən verdilər. Əgər bu üç ölkə, həmsədrlər gerçək anlamda bir addım atsaydı, münaqişəni həll etsəydilər, bu qədər qan tökülməzdi. Hesab edirəm ki, 30 il boşuna xərclənib, heç bir nəticə olmayıb. Rusiya, Azərbaycan və Ermənistan arasında atəşkəs əldə edildikdən sonra digər iki həmsədr ABŞ və Fransanın bundan xəbəri belə olmadı, buna qatılmadılar. Ona görə də hesab edirəm ki, Minsk qrupunun bir funksiyası, mənası qalmayıb. Münaqişənin həllindən sonra həmsədrlər Azərbaycanı ziyarət etdilər. Prezident İlham Əliyev onlarla görüşdə bildirdi ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Dövlət başçısı dedi ki, Minsk qrupunu səfərə dəvət etməyib, bura gəlmək onların ideyası olub. Düşünürəm ki, ehtiyac olduğu zaman ortada olmayan həmsədrlərin hər şey həll edildikdən sonra gəlmələrinə ehtyac qalmayıb. İndi ehtiyac olan yeni regional iş birliyidir, bunu da bölgə ölkələrinin edəcəyinə inanıram.

- - Ermənistanda yenidən intiqam dolu açıqlamalar verilir. Sizcə bu yanaşmalar sülh prosesinə hansı maneələr yarada bilər?

- İntiqamçı, revanşist açıqlamar gerçəklikdən uzaq xəyaldır. Son 30 ildə sülhün əldə edilməməsindən ən çox itirən Ermənistan olub. Xatırlayıram ki, 1991-ci ildə Ermənistanın naziri ilə danışarkən barış olmasa böyük bir fürsəti qaçıracaqlarını dedim. Həm onlara, həm amerikanlara dedim ki, gələcəkdə Azərbaycandan Türkiyəyə və Qərbə önəmli neft-qaz boruları fürsəti ortaya çıxacaq. Bunun dünyaya və Türkiyəyə gəlişinin ən qısa yolu Ermənistandan keçməsidir. Ermənistan bunu diqqətə alaraq tezliklə sülhə gəlməlidir. Təəssüf ki, etmədilər. O boru xətləri Gürcüstan üzərindən Türkiyə, oradan da dünyaya çıxdı. İtirən Ermənistan oldu. Ona görə də, Ermənistanın artıq müharibə, revanşist çağırışlardan vaz keçməsi lazımdır. Bölgənin və Ermənistanın ehtiyac duyduğu sülh və sabitlikdir. Bəlkə də hər kəsdən çox Ermənistanın buna ehtiyacı var. Mənə görə, Türkiyə və Azərbaycan Rusiya ilə birlikdə regional iş birliyinə öncüllük edə bilərlər. Həqiqi sülh əldə edildikdən sonra bölgə ölkələrinin bir araya gələrək regional iş birliyi, regional ortaqlıq qurmaları lazımdır.

Ermənistanın ehtiyacı olan budur. Bu torpaqlar Azərbaycan torpaqlarıdır. BMT, ATƏT qərarlarında təsbit edilib. Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Azərbaycan kimsənin torpağını almamışdır, öz torpaqlarını azad edib. Əminəm ki, Azərbaycan dağıdılmış ərazilərini qısa müddətdə bərpa edərək, yaşayışı təmin edəcək. Azərbaycanda məcburi köçkünə çevrilmiş bir milyona yaxın insan öz yurdlarına dönəcəklər. Ermənistana əməkdaşlıq, sülhün qalıcı olması lazımdır. Sülh olarsa, əvvəlcə Azərbaycanla Ermənistan arasında, sonra Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər qurulacaq, iqtisadi əməkdaşlıq imkanları yaranacaq. Bölgənin ehtiyacı intiqamçı açıqlamalarla yenidən müharibə açmaq yox, əməkdaşlıqdır. Heç kim, o cümlədən Azərbaycan yeni müharibə istəməz. Lakin müharibə olarsa, burada itirən tərəf yenə Ermənistan olacaq. Bölgənin sülhə, iş birliyinə, sabitliyə ehtiyacı var. Türkiyə, Rusiya, Azərbaycan əməkdaşlıq edib, bura digər bölgə ölkələrini - İranı, Gürcüstanı da qataraq, sülh və sabitliyi təmin etməklə həm bölgəyə, həm dünyaya böyük töhfə verəcək.

- Hikmət bəy, Qarabağı və Şuşanı ziyarət etmək istərdinizmi?

- Azərbaycan mənim ikinci Vətənimdir. 1991-ci ildən etibarən bəlkə də dünyada Azərbaycanı ən çox ziyarət edən şəxs olmuşam. Bir çox yerlərində olmuşam. Qarabağı və tarixi-mədəni şəhər olan Şuşanı ziyarət etmək ən böyük arzumdur. Pandemiya bitdikdən sonra Azərbaycana getsəm, ilk Qarabağı və Şuşanı ziyarət etməyi düşünürəm. Bu ümidimi heç vaxt itirmədim. Bir gün bu arzumun həyata keçəcəyinə həmişə inandım. 1991-ci ildən bəri düşündüyüm bu xəyalım hesab edirəm ki, ən qısa zamanda həyata keçmiş olacaq. Bu, mənim üçün böyük bir şərəf olacaqdır. Mən Qarabağı, Şuşanı görmək istəyirəm, sadəcə bu gün deyil, 1991-ci ildən bunu arzulayıram. O bölgə Azərbaycanın, daha doğrusu Cənubi Qafqazın ən gözəl bölgəsidir. Həmin torpaqlar çox səmərəli olmaqla yanaşı, eyni zamanda, tarixi kənd və şəhərlərin olduğu bölgədir.

- Türkiyənin Şuşada Baş Konsulluq açmaq istəməsi barədə məlumatlar yayılıb. Bu məsələyə münasibətinizi bilmək maraqlı olardı...

- Şuşa tarixi şəhərdir. Bilirsiniz ki, bizim Bakıda səfirliyimiz, Gəncədə Baş Konsulluğumuz var. Türkiyənin Şuşada da Baş Konsulluq açması çox uyğun olacaq. Türkiyənin zamanı gəldikdə bunu gerçəkləşdirəcəyinə inanıram. Orada ikinci Baş Konsulluq açılmasının önəmli və yararlı olacağına inanıram. Şuşa mədəni baxımdan çox önəmli bir şəhərdir, Baş konsulluğun açılması həm dünya, həm bölgə, həm Azərbaycan üçün çox əhəmiyyətli olacaq. Bunun Şuşanın dünyaya tanıdılmasına töhfə verəcəyinə inanıram. Azərbaycana gələn turistlərin o bölgəyə gedəcəyinə əminəm. Dediyim kimi, Azərbaycanda olmaqdan hər zaman qürur duydum, hər getdiyimdə Azərbaycanın tanınmayacaq dərəcədə dəyişdiyini gördüm. Bu inkişaf tək Bakıda deyil, regionlarda da gedir. Prezident İlham Əliyevlə bir dəfə görüş zamanı, “görəsən, Bakıdan kənar ərazilər necədir” dedim, Prezident isə “mütləq oralara da getməlisiniz” bildirdi. İnkişafın yalnız Bakıda deyil, Azərbaycanın hər yerində surətlə getdiyinin şahidi oldum. Ümid edirəm ki, zəfərdən sonra Bakıya gedişimdə üzü gülən azərbaycanlı qardaşlarımızı görməkdən çox məmnun olacağam. Azərbaycan Türkiyə münasibətlərini Heydər Əliyev kimi tək bir cümlə ilə ifadə edən heç kim ola bilməz: "Bir millət, iki dövlət". Bunu heç bir azərbaycanlı və türk ağlından çıxarmamalıdır. "Bir millət iki dövlət" tarix boyunca iş birliyi və qardaşlığı ilə yoluna davam edəcəkdir.

- Hikmət bəy, Türk dövlətlərinin birliyindən danışdınız. O zaman türk dövlətləri müstəqillik qazanandan və Türkiyə ilə sərhədlər açılandan sonra əlaqələrin qurulmasında sizin də böyük xidmətləriniz olub. Bildiyimə görə, türk dövlətləri tərəfindən sizin bu xidmətləriniz qiymətləndirilib, müxtəlif təltifləriniz var. Azərbaycandan hər hansı dövlət təltifiniz olub?

- Dediyim kimi, Azərbaycan mənim ikinci vətənimdir. Doğru qeyd etdiniz ki, türk dövlətləri tərəfindən müxtəlif medallarla təltif olunmuşam. Qardaş ölkə Azərbaycandan hər hansı dövlət təltifim yoxdur. Bu barədə məndən çox soruşulub. Yox deməyə çəkinmişəm. Azərbaycanın təltifi mənim üçün çox dəyərli olardı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hikmət-Çətin   Türkiyə   XİN  





Xəbər lenti