Kredit hansı tələbələrə veriləcək ? - Nazir şərtləri açıqladı - VİDEO
E.Əmrullayev bildirib ki, kreditlər verilərkən 1-ci kursda olan tələbənin qəbul imtahanında yüksək nəticə göstərməsi əsas rol oynayacaq:
"Yuxarı kurslarda oxuyan tələbələrin ümumi müvəfəqqiyyət göstəricisi də nəzərə alınacaq. Tələbə, krediti veriləndən sonra yaxşı oxuyursa, ümumi müvəfəqqiyyət göstəricisi yüksək olanda, ona verilən kreditin faiz dərəcələrində, həm də vəsaitin geri qaytarılmasında müəyyən güzəştlər də olacaq".
Nazir bildirib ki, tələbə kreditləri daha çox tələbənin ali təhsil almaq imkanı əldə etməsinə və təhsil alan tələbələrin təhsil haqqını ödəyə bilməsinə şərait yaradacaq:
"Təhsil tələbə krediti kommersiya xidməti daşımır, dövlətin vətəndaşlarının təhsil alması baxımından vacibdir. Kreditlər tələbələrə deyil, ali təhsil müəssisələrinə veriləcək. Tələbələr kreditləri 20 il ərzində hissə-hissə ödəyəcək. Həmin müddət ərzində bu və ya digər səbəbdən hərbi xidmətdə olanda, işləməyəndə maliyyə vəsaiti geri qaytarmaq imkanı olmayanda onlara möhlət hüququ da veriləcək".
Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.
Azvision.az