Rusiyalı ekspertin Ermənistanın yeni hökumətindən gözləntiləri - MÜSAHİBƏ(VİDEO)

Rusiyalı ekspertin Ermənistanın yeni hökumətindən gözləntiləri -  MÜSAHİBƏ(VİDEO)
  25 İyun 2021    Oxunub:2937
Ermənistanda keçirilən erkən parlament seçkilərində Nikol Paşinyanın partiyası böyük səs fərqilə qalib gəldi. Ermənistanda separatçı əhval-ruhiyyəni qızışdırmaq məqsədi daşıyan revanşistlər Sarj Sarkisyan və Robert Koçaryanın partiyaları isə parlament müxalifətinə çevrildilər. Bəs seçkilərindən sonra Ermənistanın siyasəti necə olacaq?
Rusiyalı politoloq, tarix elmləri namizədi, "Arxont" elmi jurnalının baş redaktoru, Rusiya və Xaricdəki Rus-Kazak Döyüşçüləri Birliyinin Ali Atamanının müşaviri Anton Bredixin Azvision.az-a müsahibəsində bu məsələyə aydınlıq gətirib.



- Bu, indi Cənubi Qafqazda ən aktual mövzudur. Biz erməni xalqının Paşinyanın özünün dediyi kimi, "polad inqilabı" etməyə qərar verdiyini görürük, buna görə onu yenidən seçdilər. Paşinyanın partiyası qalib gəldi və bu, onun baş nazir vəzifəsində qalacağı deməkdir. Nazirlər Kabinetində dəyişiklik olub-olmayacağı günümüzün ən aktual sualıdır. Parlamentə keçən sabiq prezidentlər Robert Koçaryanın və Serj Sarksyanın partiyalarının hökumətin formalaşmasına təsir etmək imkanları var, amma mənim fikrimcə bu, baş verməyəcək.
Seçkilər Paşinyanın bu gün ruslar da daxil olmaqla, bir sıra politoloqlar tərəfindən Qafqazdakı münasibətlərin sabitləşdiricisi kimi təqdim olunmasına kömək etdi. Bəziləri düşünürlər ki, o olmasa, yeni müharibə baş verəcək, amma mənim fikrimcə, bu, doğru deyil. Bu, bəlkə də bizim ekspert cəmiyyətimiz də daxil olmaqla, Paşinyanın sülhyaradıcı olduğunu düşünənlərin ən böyük səhvidir. Ermənistanın istənilən baş naziri bölgədəki hadisələrin daha dinc inkişafına çalışacaqdı. Heç kim: nə Koçaryan, nə Sarkisyan, nə də Tsarukyan yeni bir müharibə başlamaq istəməyəcək və hamısı Moskva razılaşmalarına əməl edəcəkdi.
Paşinyan daha çox bugünki vəziyyətin girovdur. Başa düşür ki, seçkiləri qazanmasaydı, heç bir şansı yox idi. Seçkilərdən əvvəl Amerika QHT-lərinin Ermənistan ərazisində daha da fəallaşdığını gördük. Bir sıra tədbirlər, dəyirmi masalar, intellektual aksiyalar və digər mərasimlər təşkil olundu ki, bunlarda məqsəd Paşinyanın seçicilərini mümkün qədər çox səfərbər etmək və elektoratın yarısından çoxunun Paşinyanın tərəfdarı olduğunu göstərmək idi. Bu rəqəm çox güclü psixoloji xarakter daşıyır və ölkənin yarısından çoxunun səsini Nikol Paşinyanın lehinə səs verməsi texnologiyaların işlədiyini göstərir.

- Ölkə daxilində özünü reallaşdırıla bilməyən erməni radikalizmi indi Ermənistandan kənarda - Rusiyada, Avropada baş qaldırmayacaqmı?

- Bu sual əslində çox mürəkkəbdir. Hətta diaspor daxilində birlik müşahidə olunmursa, biz Rusiyanı dəstəkləyən Rusiya ermənilərinin Amerika ermənilərilə eyni xətt yürütdüklərini söyləyə bilmərik. Bu, belə deyil. Dünyada erməni diasporu daxilində birliyin olmamasından, əlbəttə, müəyyən qüvvələr tərəfindən dağıdıcı xarakterdə istifadə oluna bilər. Lakin, fikrimcə, yaxın gələcəkdə bu cür alovlanma, toqquşma müşahidə edilməməlidir, çünki Moskva da daxil olmaqla, ən “parlaq” fazaları artıq müşahidə etmişik. Burada Azərbaycan diasporu nümayəndələri ilə erməni diasporu arasında yerli toqquşmalar baş verdi, şəhərlərdə iqtisadi qarşıdurma müşahidə edildi, xüsusən Qod Nisanov və erməni satıcıları arasında qarşıdurma yaşandı. Ancaq zirvə keçildi. Həmin qarşıdurma yalnız Ermənistanın özündə hadisələrin radikallaşması fonunda təkrarlana bilər. Ancaq gördüyümüz kimi, Ermənistan özü konkret və aşkar bir yol seçdi, yəni seçkilərədək olan siyasət davam edəcək.
Üstəlik biz d aşnakların siyasi proseslərdə hiss olunmadıqlarını və dövlət səviyyəsində qəbul edilən qərarların qəbuluna təsir göstərə bilmədiklərini müşahidə edirik. Bu, çox müsbət haldır və Ermənistanın yeni hökuməti tərəfindən belə konstruktiv yanaşma nə qədər çox olacaqsa, yeni hökumət o qədər çox sabitləşdirici xarakter daşıyacaq və ölkənin inkişafına çalışacaq. İnsanların Ermənistanı tərk etməmələri və ölkəni iqtisadi cəhətdən inkişaf etdirməyə çalışmaları üçün qonşu ölkələrin potensialından və açılan yeni imkanlardan yararlanmaq lazımdır. Bəli, Ermənistanın özü üçün yeni imkanlar açıldı və ümid edirəm ki, bunlardan çox perspektivli şəkildə istifadə ediləcəklər.

Azvision.az


Teqlər:





Xəbər lenti